Medianews.az
Gəncə oyun çıxarır? <span style=color:red>Nə oyun çıxarır?
220 baxış

Gəncə oyun çıxarır? Nə oyun çıxarır?

Startap ekosisteminin və mədəniyyətinin formalaşması tələb və təklifdən irəli gəlməlidir. Aydındır ki, tələb sənayedən gəlməlidir. Xarici ölkələrdə əksər hallarda maraqlı tərəflər universitetlərdə və həmçinin texnoparklarda kəsişir. Azərbaycanda isə startap anlayışı birmənalı deyil. Startap şəhadətnaməsi ilə verilən imtiyazlar texnopark imtiyazlarından daha zəifdir. Bu arada yaxşı xəbər odur ki, texnoparklara dövlət yanaşması dəyişir. Artıq mikro sahibkarların da texnopark rezidenti olmaq yolunda dəyişikliklər aparılır. Yadımdadır, bu barədə dəfələrlə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları ilə diskussiyam olmuşdu. Xüsusən də bu işə baxan Fərid Hüseynovla münasibət bildirmişdim – mikro sahibkarların bu kateqoriyaya salınması və eyni zamanda bəzi sənədlərin absurdluğu ilə bağlı. Məsələn, avtomobillər haqqında arayış çox mənasız tələblərdən biri idi. Qayıdaq startap ekosisteminə – burada ən böyük problemlərdən biri bazarlara çıxışdır: istər yerli, istər xarici bazarlara çıxış. Bununla bağlı qeyd olundu ki, bir çox beynəlxalq startap sürətləndirici təşkilat və proqramlar Azərbaycana cəlb edilib. Məsul əməkdaşın sözlərinə görə, ən böyük problem startapların ölçüləbilən olmamasıdır. Yəni onları izləmək və məlumat toplamaq üçün rəqəmsal bir alət yoxdur. Bu problemin də mygov ilə həll olunması düşünülür – startaplardan mygov data toplayacaq. Qısacası, ölkəmizdə 500-dən çox startap fəaliyyət göstərir, amma parçalanma var – nə reyestr var, nə də bir alət. Düşünürlər ki, həll yolu "İnnovativ layihələrin reyestri" və "Startap pasportu reyestri"nin yaradılmasıdır. Düz düşünürlər, əslində hər bir işin reyestri olmalıdır. OLMALI İDİ! Startap ekosistemi o qədər qarışıqdır ki, ölkəmizdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində bir rəqəm, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində bir başqa rəqəm, məndə isə tam başqa. Qanunvericilik startapa necə baxır, bu da bir müəmmadır. Ümumiyyətlə, bir çox startap şəhadətnamə almağa üstünlük vermir – haqlı olaraq. Bu arada səhv başa düşülməsin: startap deyəndə təkcə rəqəmsal startaplar nəzərdə tutulmur. Fərid Osmanov mygov-u sadəcə Elektron Hökumət Portalı kimi görmür – yeni yanaşması və fərqli vizyonu var. O düşünür ki, mygov həm də startap ekosistemini əhatə etməlidir. Yeni yanaşma eyni zamanda imkan verəcək ki, startaplar təyinatları üzrə API servislərlə dövlətdən müəyyən dataların inteqrasiyasını həyata keçirsinlər. Regionlarda nə baş verir? Regionlarda startap varmı? Bəli, var. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məsul əməkdaşı qeyd edir ki, bölgələrdə icmalar vasitəsilə proqramlar həyata keçirilir. Fəal bölgələrimiz – Zaqatala, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt. Zaqataladan ötən il çıxan bir startap hələ də fəaliyyətini davam etdirir. Hər bölgə öz universitetlərinin profili üzrə startap sahələrində fəaldır. Hal-hazırda məhsuldarlıqda birinci yerdə Gəncə, ikinci yerdə isə Naxçıvandır. Naxçıvan – Hardware (cihaz), Zaqatala – e-commerce, Gəncə isə oyun çıxarır (“oyun çıxarır" deyəndə oyun sənayesini (Game Industry) nəzərdə tuturam). Gəncədə artıq 3 oyun studiyasının yaradılması planlaşdırılır. Universitetlərin əhəmiyyəti böyükdür. Məsələn, Gəncə Aqrar Universiteti sayəsində aqrar startaplar orada üstünlük təşkil edir. Qısacası, regionlarda artıq uğurlu hekayələr var. Bakıda isə əsas mənbə universitetlərdir. Cari vəziyyətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Naxçıvan Dövlət Universitetində proqramlar gedir. Real uğurlu nəticələr isə belədir: Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər birindən bir startap 300 minə qədər investisiya alıb. Fərid Osmanov qeyd edir ki, biz universitetlərdə laboratoriyalar yaradırıq, amma sənaye prosesə qoşulmur. Nə deyim, haqlısınız Fərid müəllim. Bu, mədəniyyət məsələsidir. Qoşulan sənayelər laboratoriya tapa bilmir, laboratoriyası olanlar isə sənaye nümayəndələrini. Demək ki, təhlil düzgün deyil. Düzələr zamanla. Əlavə olaraq qeyd edildi ki, universitetlərdə yeni laboratoriyaların qurulması və sənayelərə pulsuz xidmət göstərilməsi də nəzərdə tutulub. Bu yaxşı xəbərdir. Sənayelər zamanla buna maraq göstərəcək, amma ilk öncə hər üçbucaqda – Dövlət, Universitet və Sənaye arasında – mədəniyyət formalaşmalıdır. Bu arada rəqəmsallaşan ölkəmizdə startaplar dövlət qurumlarına sənədləri hələ də kağız daşıyıcıda təqdim edir... Fərqindəsinizsə, startapdan söhbət gedir və mən tək, yeganə nümunədən, ilk beşiyimiz olan "Vençur Fond"dan danışmıram. Susuram, sakit qalıram – hərçənd ki, 25 yatırım edib, 15-i yerlidir. Bu başqa mövzudur, bir gün yazarıq. Bu arada tək deməyimə baxmayın, INMerge Ventures və SABAH.fund da var. Bu arada, vençur haqqında qanun illərdir niyə qəbul olunmur? Niyə bu məsələ problemə çevrilib? Digər ölkələrdə vençur fondlarının sayına baxsaq: Ermənistan: 6+, Ukrayna: 77+, Qazaxıstan: 30+ və s. Bu arada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin HPC mərkəzindən və orada GPU olduğundan qurumların xəbəri varmı? Və ya Peyk və Alov zavodlarında plata istehsalı imkanı olduğundan və bunun startaplara faydalı ola biləcəyindən xəbəri olan varmı? Çünki harda deyirəm şoka düşürlər. Ümumiyyətlə, görəsən mənim qədər dövlət qurumlarında nə olub, nə olmadığından xəbərdar olan başqa biri daha varmı? Və ya mənim bu bildiklərimin dövlətə xeyri varmı? – bu, böyük sualdır... P.S. Azərbaycanda startap ekosisteminin təhlilində ən doğru yanaşmanı, məncə, Fərid Kazımov edir. Təəssüf ki, o da susur. Məncə, aidiyyəti qurumlar Fərid müəllimi bu sahədə dinləsələr, çox yaxşı olar. Daha da yaxşı bir məsləhətim var, amma artıq özləri bilən məsləhətdir. Elvin Abbasov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri

Bizə qoşulun