Çoxdan belə bir narahatıq var ki, Rusiya Ukrayna müharibəsini uduzmasa - ya qalib gəlsə, ya da atəşkəs sayəsində özünü toparlamağa vaxt qazana bilsə, digər Avropa dövlətlərinə də hücuma keçəcək. Xüsusilə Polşanın, Finlandiyanın, Baltikyanı ölkələrin adları çəkilir. Artıq Rusiya Kurska tam nəzarəti geri qaytardığını elan edib. O biri yandan Kreml Ukrayna ilə atəşkəs danışıqlarında əsas vasitəçi olan Vaşinqtonla mövqeyinin üst-üstə düşdüyünü gizlətmir. Düzdür, indi diqqət Ukrayna üzərində cəmlənib, amma Ukraynadan o yana baxsaq, Qərbdə Rusiya ilə yeni müharibə və ya müharibələr görünürmü? Ukraynadan bəri – Cənubi Qafqaza baxsaq, nə görünür? Belə demək mümkünsə, “Ukraynadan sonra...” Qafqaz da Kremlin hədəfinə çevrilə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Rusiyanın həm Belqorod, həm də Kursk vilayətində Ukrayna qüvvələrinin nəzarəti altında olan əraziləri geri qaytarması haqda məlumatlar ziddiyyətlidir. Onun sözlərinə görə, hər bir halda Rusiya-Ukrayna savaşında bu gün balans yoxdur: "Üstünlük Rusiya tərəfdədir. Bunun da səbəblərindən birincisi ABŞ-nin Donald Tramp administrasiyasının tutduğu mövqe nəticəsində Ukraynaya silah yardımını ya dayandırması, ya azaltmasıdır - yeri gəlmişkən, bu məsələ ətrafında da çox ziddiyyətli məlumatlar var.
Müharibədə Rusiya üstünlük qazanarsa və ya danışıqlar prosesi onun xeyrinə gedərsə, əlbəttə ki, bu, Kremli ruhlandıracaq. Hazırda Qərbdə ikitirəlik hökm süruru və bu, çox təhlükəli bir situasiya yaradır. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumu göstərdi ki, o, pis mənada da olsa, qətiyyət nümayiş etdirməyi bacarır. Bərbad hərbi təchizatına baxmayaraq, insan resursları hesabına, ağır itkilər hesabına da olsa, Rusiyanın – onun hakimiyyətinin, ordusunun iradəsi göz qabağındadır. Qərbdə bu iradə görünmür. Qərbdə bir hissə anlayıb ki, Ukrayna bir bufer zonasıdır. Rusiya Ukraynadan bu və ya digər şəkildə qalib çıxsa, hətta Ukraynanın bütün ərazisini işğal altına ala bilməsə belə, elə indi işğal etdiyi əraziləri əlində saxlaya bilsə, xeyli ruhlanacaq.
Qərbdəki ziddiyyətlər Rusiyaya da yaxşı bəllidir. Ona görə növbəti təhlükəli addımlar ata bilər. Mənə elə gəlir ki, Rusiya ilk növbədə Moldovanı və Baltikyanı ölkələrdən Estoniyanı hədəf ala bilər”.
Niyə Moldova və Estoniya?
Suala cavab olaraq politoloq qeyd edib ki, bundan ötrü Rusiyanın Ukraynada başlatdığı müharibənin ideoloji bazasına nəzər yetirmək lazımdır: “İdeoloji baza belədir ki, “rus dünyası”, “rus aləmi” var və o, Moskvanın himayəsi altında olmalıdır. Moskva xaricdəki rusları və rusdilliləri həmin “dünya”nın, “aləm”in bir parçası sayır. Bu mənada Moldova və Estoniya ən həssas nöqtələrdir. Moldovanın separatçı Dnestryanı bölgəsində rusdillilər çoxluq təşkil edir.
Estoniyanın isə xüsusilə də Rusiyadan yalnız bir çay vasitəsilə ayrılan Narva şəhərində (yəni çay həm də dövlət sərhəd xəttidir) əhalinin 80 faizi rusdilli, rus məşəlidir. Onların demək olar hamısının Rusiya vətəndaşlığı var. Deməli, Rusiya eyni ssenari üzrə Estoniyaya da hücum edə bilər. Amma düşünürəm ki, Rusiyanın Ukraynadan sonra hərbi hücumuna məruz qala biləcək ölkələrin siyahısında Moldova başda gələ bilər".
Politoloqun fikrincə, eyni rakursdan yanaşsaq, Rusiyanın növbəti hədəflərindən biri Qazaxıstan, bu ölkənin şimal bölgələri ola bilər: "O bölgələrdə rusdilli əhali mütləq çoxluqdadır və kompakt şəkildə Qazaxıstanın bir neçə vilayətində cəmləşib”.
Moldova və Qazaxıstandan fərqli olaraq Estoniya NATO-nun üzvüdür. NATO müqaviləsinin 5-ci maddəsinə görə isə alyansın bir üzvünə hücum alyansın bütün üzvlərinə hücum deməkdir. Rusiya Estoniyaya hücum çəksə, NATO müqaviləsinin 5-ci maddəsi işə düşə bilərmi?
Ə.Oruclu deyib ki, məntiqlə, təbii ki, işə düşməli, o halda NATO-nun bütün ölkələri, qüvvələri Estoniyanın müdafiəsinə qalxmalıdır: “Amma bayaq qeyd etdiyim kimi, bu gün Tramp administrasiyasının mövqeyi səbəbindən NATO-da birlik görünmür. Ona görə də Rusiya həm də bir test addımı ata bilər. Sadəcə, bir şəhəri götürmək, sonra yenə danışıqlar imitasiyası yaratmaq və prosesi davam etdirmək”.
Ə.Oruclunun fikrincə, Rusiyanın Cənubi Qafqazda problemləri elə NATO ölkəsi olan Estoniya ilə eyni dərəcədə ola bilər: “Çünki artıq Rusiya Cənubi Qafqazda təkbaşına oyunçu deyil. Cənubi Qafqazda İran, Türkiyə, nə qədər uzaq olsa da Avropa, ABŞ, həmçinin Çin maraqları var. Əsas faktorlardan biri də odur ki, kommunikasiyaların əksəriyyəti Cənubi Qafqazdan da keçir, xüsusilə Orta Dəhliz. Ona görə Rusiya hərbi təcavüz riskinə getsə, ənənəvi tərəfdaşları olan İranı və Çini itirə bilər. Eyni zamanda ona müəyyən mənada loyal yanaşan Türkiyə ilə üz-üzə gələ bilər. Bu mənada düşünürəm ki, Cənubi Qafqaz üçün təhlükələr mövcud olsa da, Moldova, Qazaxıstan, Estoniya və yaxud digər Baltikyanı ölkələr qədər deyil”.

Ə.Oruclu vurğulayıb ki, ümumən bu mənada Cənubi Qafqaz Rusiya üçün o qədər də əlverişli deyil: “O, çoxsaylı rəqiblərlə üzləşə bilər. Mərkəzi Asiya da Rusiya üçün təhlükəsiz region deyil. Orada Çinin maraqları, investisiyaları var. Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinə, dövriyyəsinə görə Çin birinci yerdə durur. 2022-ci ilin yanvarında Rusiya terror bəhanəsi ilə Qazaxıstana müdaxilə edəndə, əslində, uzunmüddətli bir proqram, plan həyata keçirmək istəyirdi. Amma üç gün sonra Rusiya oraya göndərdiyi hərbi qrupu çıxarmağa məcbur oldu. Əlbəttə ki, bu, Çinin təzyiqi sayəsində oldu. Rusiya Çindən asılıdır. Çin hazırda Rusiyanı beynəlxalq blokadadan çıxaran azsaylı ölkələrdən biridir. Hər şey iqtisadiyyata bağlıdır. Bu mənada mən həssas nöqtələr sırasında Cənubi Qafqazdan da, Qazaxıstandan, yəni Mərkəzi Asiyadan da çox ilk növbədə Moldovanı və Estoniyanın bir şəhərini görürəm.
Polşaya gəlincə, Rusiyanın bu ölkəyə hücum etməsi adlarını çəkdiyimiz digər ölkələrlə müqayisədə Moskva üçün daha böyük risk daşıyır. Birincisi ona görə ki, Polşa Şərqi Avropada ən güclu orduya malik NATO ölkəsidir. Polşa ərazisində həm Almaniya, həm ABŞ qoşunları dislokasiya olunub. Rusiya hücum çəksə, onlar istər-istəməz savaşa qatılmalı olacaqlar. Rusiyaya isə bu lazım deyil. Moskvaya indi Qərb blokunu parçalamaq lazımdır”.
Sonda Ə.Oruclu bir daha qeyd edib ki, Ukraynada istədiyinə nail olsa, Rusiya növbəti təcavüzlərə ruhlanacaq: “Putin Rusiyasında artıq daxili siyasi mühit elə formalaşıb ki, bu ölkə daima müharibə şəraitində qalmalıdır. Putin, onun administrasiyası, xüsusi xidmət orqanlarına bağlı komandası çox gözəl başa düşür ki, müharibə dayanacağı təqdirdə ordu daxili siyasətə qarışa bilər. Ona görə Putin ordunun müharibə vəziyyətindən çıxmamasında maraqlıdır. O istəyir ki, rus ordusu daima müharibə aparmağa məhkum olsun. Bu səbəbdən Kreml “xarici düşmən” faktorunu arxa plana keçirməyəcək. Hətta düşünürəm ki, Ukraynada uğur qazanmasa belə, ordunun boş qalmaması üçün çalışacaq ki, başqa bölgələrə də müdaxilə etsin".
Nailə Qasımova,
Medianews.az