Medianews.az
Türk dünyası üçün Süni İntellekt İnstitutu – <span style=color:red>Bakı bu yükü daşıya bilərmi?
131 baxış

Türk dünyası üçün Süni İntellekt İnstitutu – Bakı bu yükü daşıya bilərmi?

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Bakıda keçirilən beynəlxalq konfransda türk dövlətlərinin ortaq Süni İntellekt İnstitutunun yaradılmasını təklif edib. O institutun mərkəzinin Bakıda yerləşdirilməsi ideyasını da irəli sürüb. Məsələni Medianews.az-a şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, bu təşəbbüs yalnız elmi və texnoloji deyil, həm də geosiyasi və strateji baxımdan ciddi əhəmiyyət daşıyır. Bəs Azərbaycan bu təşəbbüsə texnoloji baxımdan nə dərəcədə hazırdır? Suala cavab olaraq Elvin Abbasov deyib ki, süni intellekt sahəsində yüksək nəticə əldə etmək üçün ilk növbədə yüksək hesablama gücü – superkompüterlər, HPC klasterləri və müasir GPU infrastrukturu zəruridir: “Azərbaycanda bu sahədə ilk təşəbbüslər mövcuddur, lakin genişmiqyaslı və dayanıqlı infrastruktur üçün hələ də ciddi sərmayələr və iradə tələb olunur. Universitetlərin potensialı nəzəri bazaya əsaslansa da, tətbiqi tədqiqatlar və laborator mühitin gücləndirilməsinə ehtiyac var. Bu isə yalnız akademik proqramlarla deyil, real layihələr və sənaye əməkdaşlığı ilə mümkündür. İstedadların ölkədə saxlanması da əsas çağırışlardan biridir. Gənc mütəxəssislərin beynəlxalq bazarlara axını reallıqdır. Onların ölkədə qalması üçün süni intellekt üzrə təqaüdlər, innovasiya mərkəzləri və inkubasiya proqramları təmin edilməlidir. Əgər bu institut Azərbaycanda qurularsa, ölkə regionda süni intellekt sahəsində qərarverici və koordinator rolunu oynaya bilər. Bu, həm də rəqəmsal suverenliyin qorunması, milli təhlükəsizlik və texnoloji müstəqillik baxımından strateji əhəmiyyət daşıyır”. Yekunda E.Abbasov bir daha vurğulayıb ki, belə bir institutun yaradılması ideyası strateji baxışın göstəricisidir: “Lakin bu təşəbbüsün reallığa çevrilməsi üçün texniki hazırlıq, elmi potensial və davamlı ekosistem vacibdir. Süni intellekt dövründə liderlik yalnız vizyonla deyil, həm də infrastruktur və insan kapitalına yatırımla mümkündür”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun