Medianews.az
“Gözləyirik, yəqin yaxın zamanlarda məsələ həllini tapar” - <span style=color:red>Misir Mərdanov
253 baxış

“Gözləyirik, yəqin yaxın zamanlarda məsələ həllini tapar” - Misir Mərdanov

Məlum olduğu kimi, aprelin 4-də Prezident İlham Əliyevin Elm və Təhsil Nazirliyi ilə bağlı imzaladığı sərəncam nazirliyin tabeliyindəki bəzi institutların birləşdirilməsini və publik hüquqi şəxs statuslu yeni institutların yaradılmasını da nəzərdə tutur. Sərəncamın bu hissəsinin icrasına başlanıbmı? Medianews.az saytı suala aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla əlaqə saxlayıb. M.Mərdanov bildirib ki, hələlik sərəncamdan sonra göstərilən istiqamətdə hər hansı addım atılmayıb: “Biz də öz işimizi əvvəlki qaydada davam etdiririk”. M.Mərdanov xatırladıb ki, sərəncama əsasən, Nazirlər Kabineti publik hüquqi şəxs statuslu yeni institutları ilin sonunadək mərhələli şəkildə yaratmalıdır: “Yəni bu proses ilin sonuna qədər başa çatmalıdır. İlin sonuna isə hələ xeyli vaxt var. Biz də gözləyirik, yəqin ki, yaxın zamanlarda məsələ öz həllini tapar”. Medianews.az-ın “Publik hüquqi şəxs statuslu yeni institutların yaradılması prosesinin gedişində konkret olaraq Sizin rəhbərlik etdiyiniz institutda əməkdaşların ixtisara düşməsi gözlənilirmi?” sualına Baş direktor belə cavab verib: “Xeyr. Nazir özü də şəxsən elan etdi ki, bu prosesdə ixtisarlar gözlənilmir”. Xatırladaq ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, yeni publik hüquqi şəxslər bunlar olacaq:
  • Geologiya İnstitutu;
  • Coğrafiya İnstitutu;
  • Fizika İnstitutu;
  • Kimya İnstitutu;
  • Riyaziyyat İnstitutu;
  • Botanika İnstitutu;
  • Canlı Sistemlərin Tədqiqi İnstitutu;
  • Molekulyar Biologiya İnstitutu.
Sərəncama görə, publik hüquqi şəxs statuslu bu 8 institut aşağıda adları göstərilən 17 institutun əsasında yaradılacaq:
  • Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında;
  • Coğrafiya İnstitutu – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında;
  • Fizika İnstitutu – Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında;
  • Kimya İnstitutu – Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında;
  • Riyaziyyat İnstitutu – İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında;
  • Botanika İnstitutu – Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında;
  • Canlı Sistemlərin Tədqiqi İnstitutu – Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında;
  • Molekulyar Biologiya İnstitutu – Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında.
Nailə Qasımova, Medianews.az

Bizə qoşulun