Medianews.az
Avropa Azərbaycana qoyduğu sərmayəni kəsə bilər? - <span style=color:red>Kipr məsələsi
341 baxış

Avropa Azərbaycana qoyduğu sərmayəni kəsə bilər? - Kipr məsələsi

Üç türk dövləti – Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprinin (Kipr Respublikası) ərazi bütövlüyünü tanımaq və orada səfirlik açmaq qərarı verib. Azərbaycan isə fərqli yol – türk Kiprini (Şimali Kipr Türk Respublikası) dəstəkləmək yolunu tutub. Qazaxıstan, Özbəkistan və Türkmənistanın Kipr siyasətini aprelin 4-də Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqının rəhbərliyi ilə keçirilən sammitlə əlaqələndirənlər çoxdur. Belə bir fikir var ki, Mərkəzi Asiyanın üç türk dövlətinin Avropa İttifaqının üzvü olan Kipr Respublikası ilə sıx əlaqələr qurması Brüsselin istəyinin, Avropa İttifaqının Mərkəzi Asiya dövlətlərinə milyardlarla avro yatırım vəd etməsinin nəticəsidir. Həmin sammitdən az sonra - aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın xüsusi müşaviri Hüseyn İşıksalın sualını cavablandırarkən dedi: “Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub və biz beynəlxalq tədbirlərdə həmişə görüşməyə vaxt tapırıq. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər. Çünki onların başağrısı yarada biləcəklərini hamı təsəvvür edə bilər və başağrısı heç də onların yarada biləcəyi ən böyük zərər deyil. Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”. Aprelin 11-də Antalyada Prezident İlham Əliyevin Prezident Ersin Tatarla görüşü oldu. Görüşdə E.Tatar İ.Əliyevə Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə və dəstəyə, həmçinin ADA Universitetində keçirilən beynəlxalq forumda dediyi sözlərə görə minnətdarlığını ifadə etdi. Şimali Kipr Türk Respublikasına verilən dəstək Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin daha da pisləşməsinə, Brüsselin Bakıya təzyiqlərinə gətirib çıxara bilərmi? Bu, Azərbaycanı hansısa investisiyalardan məhrum edə bilərmi? Yoxsa Avropa bu məsələyə görə Azərbaycana –  Avropaya neft, qaz nəql edən, beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi ölkəyə - təzyiq etməyə cəsarət göstərə bilməyəcək? Medianews.az saytının suallarını cavablandıran politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan Respublikasının Şimali Kipr Türk Respublikası ilə diplomatik əlaqələri heç də yeni hadisə, yeni yanaşma deyil: “Uzun müddətdir Azərbaycanla Şimali Kiprin ayrı-ayrı strukturları, xüsusilə də vətəndaş cəmiyyəti və digər sektorları səviyyəsində əlaqələr mövcuddur. Bunu Avropa İttifaqı, ittifaqa üzv olan bütün ölkələr yaxşı bilir. Həmin münasibətlər Azərbaycanla Avropa İttifaqı arasında ciddi problemlərə gətirib çıxarmayıb. Hesab edirəm ki, bu gündən sonra da, yəni ən azından yaxın gələcək üçün Azərbaycana məhz Şimali Kipr Türk Respublikası ilə qurulan münasibətlərə görə Avropa İttifaqı tərəfindən  mənfi münasibətin yaranacağı real görünmür. O ki qaldı belə bir əməkdaşlıq fonunda Avropa İttifaqı tərəfindən Azərbaycana investisiyaların qoyulmasının azalması ehtimalına, son onilliklərdə Avropa ölkələrinin Azərbaycana qoyduğu investisiyalar əsasən neft, qaz nəqlini və tranzit marşrutları üzrə yük daşımalarını əhatə edir. Bu investisiyalar Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından elə əhəmiyyət daşıyır ki, sonrakı mərhələlərdə invenstisiya qadağalarının qoyulacağı inandırıcı görünmür”. Politoloq qeyd edib ki,  Azərbaycanla Avropa arasında tranzit xətlərin genişləndirilməsi, o cümlədən yaşıl enerji layihəsinin işlənib həyata keçirilməsi istiqamətində yeni ortaq təşəbbüslər mövcuddur: "Başqa səbəblərdən, məsələn, Avropanın maliyyə böhranı səbəbindən, digər fors-major hallardan bu layihələrə investisiya ayrılması ləngiyə bilər, amma bu, birbaşa Azərbaycanın Şimali Kiprə verdiyi dəstəyə görə edilə bilməz. Yəni belə bir adımın atılacağı inandırıcı deyil. Azərbaycan Prezidentinin həm Bakıda ADA Universitetində, həm də Türkiyənin Antalya şəhərində keçirilən forumlarda Şimali Kiprlə bağlı ortaya qoyduğu mövqe bir daha onu göstərir ki, Azərbaycan dövlətinin bu məsələdə çəkinəcəyi heç nə yoxdur. Azərbaycan Şimali Kipr məsələsində heç bir qüvvədən çəkinmədən, inamlı, qətiyyətli bir şəkildə açıq və ədalətli siyasət yürüdür”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun