Medianews.az
Ticarət müharibəsi: <span style=color:red>gözlənilməz nəticələr
208 baxış

Ticarət müharibəsi: gözlənilməz nəticələr

“ABŞ-ın başlatdığı ticarət müharibəsi gözlənilməz nəticələr ortaya çıxara bilər”. İqtisadçı ekspert Rövşən Ağayev Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, 50-yə yaxın ölkə ABŞ-a qarşılıqlı ticarətdə güzəştlərin müzakirəsi ilə bağlı təklif göndərib: “Məsələn, 350 milyard dollarlıq ixracının təxminən 40%-ni (145 milyard dollar) ABŞ bazarına yönəldən Vyetnam qarşılıqlı ticarətdə "sıfır" gömrük tarifi təklif edir. Bu proses davam edə, ABŞ-ın başlatdığı ticarət müharibəsi maraqlı istiqamət ala bilər. Belə ki, ayrı-ayrı ölkələr əvvəlcə ABŞ-la, ardınca dünyanın digər ən nəhəng ixracatçıları olan Avropa Birliyi, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrlə öz aralarında daha aşağı gömrük vergiləri əsasında sərbəst ticarət razılaşmalarına gedə bilərlər”. R.Ağayev hesab edir ki, beynəlxalq ticarətin şərtləri köklü şəkildə dəyişir: “Xarici bazarlarda rəqabət aparan bir ölkə başqa ölkələrin bazarına "sıfır" tariflə girmək istəyəcəksə, özü də başqalarına eyni şərtləri təmin etməli olacaq. Vizionsuz, uzaq dövrə hesablanmış strateji planları olmayan, rəqabətli iqtisadiyyat qurmaqdan qaçan idarəçilər üçün mürəkkəb bir dövr başlayıb. Resurs gəlirlərinin yaratdığı arxayınçılıq və təkəbbür ağır fəlakətlər gətirə bilər. Məsələ təkcə ticarət müharibələrinin enerji bazarında yarada biləcəyi çöküş ehtimalı ilə də bağlı deyil. Hansısa səbəbdən razılaşma pozulsa, təkcə OPEC+ ölkələri qısa müddətdə ən azı gündəlik əlavə olaraq 3 milyon barrel neft çıxarmaq imkanına malikdir. Venesuela, İran və Rusiya kimi nəhəng hasilatçıların bazardan ya tam, ya da əhəmiyyətli dərəcədə sıxışdırılıb çıxarılması faktı var ortada və bir gün dünya sakit bir məcraya girəndə xam neft bolluğu bazarda qiymətləri ciddi şəkildə aşağı çəkə bilər. Hər halda bu ölkələr sonsuza qədər təcrid vəziyyətində qalmayacaqlar. Hələ ABŞ-ın yaxın zamanlarda neft-qaz hasilatını ciddi şəkildə artırmaq planını, Çin, AB və Hindistanın timsalında alternativ enerjinin və elektromobilləşmənin kosmik sürət almasının nəticələrini saymıram”. Azərbaycanın gündəliyinin avtonom, dünyadan qopmuş vəziyyətdə olduğunu vurğulayan ekspert qeyd edib ki, dünya ilə əlaqələrimizə yalnız enerji satışı üzərindən baxmağımız doğru deyil. R.Ağayev bunu dar, strateji olmayan çərçivə kimi qiymətləndirir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun