Medianews.az
Qabil Məmmədov gələn həftə <span style=color:red>Azərbaycana gəlməlidir
567 baxış

Qabil Məmmədov gələn həftə Azərbaycana gəlməlidir

Uzun müddətdir xaricdə yaşayan bloqer Qabil Məmmədov gələn həftə Azərbaycana gəlməlidir – Azərbaycanın Baş Prokurorluğunun tələbi belədir. Medianews.az xatırladır ki, Baş Prokurorluğun bu tələbi martın 15-də İTV-nin efirində oxunub. Prokurorluq Q.Məmmədovu 2015-2017-ci illərdə ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, pensiya, sosial müavinətlərlə təmin etmək vədləri altında aldadaraq onlardan 30 min manata yaxın pul almaqda və sosial media hesablarından terrorçuluğa açıq çağırışlar etməkdə təqsirləndirir. Cinayət-Prosessual Məcəlləsinə görə, təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək məqsədilə onun tutulması, axtarışı, eləcə də beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür. Bu tədbirlər də nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, Cinayət-Prosessual Məcəlləsinin “Çağırış vərəqəsi” maddəsində nəzərdə tutulmuş məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir. Bu səbəblərdən Baş Prokurorluq Q.Məmmədovu istintaqa İctimai Teleradio ilə çağırıb. Çağırışa əsasən, Q.Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə aprelin 17-si saat 10-da Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməlidir. Gəlməsə, onun barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər. Belə ki, Cinayət-Prosessual Məcəlləsinə görə, təqsirləndirilən şəxs Azərbaycan ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizlənəndə, çağırışa gəlməkdən qəsdən boyun qaçıranda, yəni cinayət prosesində onun iştirakını təmin etmək mümkün olmayanda cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. Yəni təqsirləndirilən şəxsin iştirakı olmadan cinayət təqibi hərəkətləri başlana bilər. İTV vasitəsilə edilən çağırış cinayət təqibi üzrə qiyabi icraat açılmazdan əvvəl cinayət təqibi orqanı tərəfindən görülən son tədbirdir. Bu tədbirin nəticəsiz qalması, çağırılan şəxsin istintaqa gəlməməsi onun iştirakı olmadan cinayət təqibi üzrə qiyabi icraatın başlanmasına əsas verir. Hazırda söhbət məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılmasından gedir. Məhkəməyədək qiyabi icraat ibtidai istintaq şəklində aparılır. Amma qiyabi icraat təkcə ibtidai istintaqla yekunlaşmır. İbtidai istintaq başa çatandan sonra iş məhkəməyə verilə, bütün instansiya məhkəmələrində baxıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər. Əgər bu mərhələlərin hər hansı birində həmin şəxslər istintaqa və ya məhkəməyə gələrsə, yaxud gətirilərsə, onda qiyabi icraata xitam verilməsi, istər istintaqın, istərsə də məhkəmə prosesinin təkrar aparılması mümkündür. Baş Prokurorluq Qabil Məmmədovdan sonra xaricdə yaşayan daha bir neçə şəxsi (Elşad Məmmədov, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Qurban Məmmədov,  Orxan Ağayev, Süleyman Süleymanlı) İTV vasitəsilə Azərbaycana istintaqa dəvət edib. Toğrul Əli,  Medianews.az

Bizə qoşulun