Medianews.az
Ekspertlərdən <span style=color:red>HƏYƏCAN TƏBİLİ: Uşaqlar cinayət və intihara meyilli ola bilər!
343 baxış

Ekspertlərdən HƏYƏCAN TƏBİLİ: Uşaqlar cinayət və intihara meyilli ola bilər!

Son zamanlar internet və telefon asılılığı dünya miqyasında ciddi problemlərə çevrilib və Azərbaycanda da bu məsələyə diqqət artır. Bu asılılıqla mübarizə aparan xüsusi müalicə proqramları hələ tam inkişaf etməyib, amma bəzi psixoloji xidmətlər və klinikalarda bu barədə müalicə təklif edilir. Uşaqların da telefon və internetə asılılığı artır, xüsusilə valideynlərin yemək yedirərkən uşaqlara telefon verməsi bu problemi daha da dərinləşdirir. Gənclər və uşaqlar arasında bu asılılığın artması nə dərəcədə ciddi problemlərə səbəb ola bilər? Azərbaycanda telefon asılılığı ilə mübarizədə daha hansı tədbirlər görülməlidir? Valideynlərin bu vəziyyətlə bağlı rolu nə qədər vacibdir? Bu barədə Medianews-a açıqlamasında “Sağlam Cəmiyyət” Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirib ki, uzun illərdir bu məsələ müzakirə olunur və həyəcan təbili çalınır: “Uşaqlara smartfon verilməsi ciddi problemlər yaradır. Dünya ölkələrinin bir çoxunda bu məsələyə dair qadağalar tətbiq olunur. Təəssüf ki, bizdə nə bu istiqamətdə qadağalar var, nə də valideyn məsuliyyəti mövcuddur. Hətta bəzi hallarda körpə uşaqlara belə telefon verilir. Halbuki bu, onların sağlamlığına ciddi ziyan vurur. Azyaşlı uşaqlar internetdə nəzarətsiz şəkildə olduqca təhlükəli, qorxulu, əxlaqsız və zərərli materiallara asanlıqla çıxış əldə edirlər. Bu səbəbdən narkomaniya, intihar və əxlaqsızlıq kimi halların təbliğinə rast gəlinir. Dəhşətli qətl və ölüm səhnələri uşaqların psixologiyasına ciddi təsir edir, neqativ düşüncə tərzi formalaşdırır, cinayətə meyli artırır və şüurda təhlükəli assosiasiyalar yaradır. Cəmiyyətdən bu məsələdə effektiv nəticə gözləmək çətindir. Bizdə maarifləndirmə demək olar ki, yoxdur. Əhalinin bu cür mövzularda məlumatlılıq səviyyəsi çox aşağıdır. Maarifləndirmə tədbirləri cəmiyyətə təsir etmir. Ona görə də yeganə çıxış yolu konkret cərimə və qadağaların tətbiqidir. Mən təklif edirəm ki, ən azı 16 yaşına qədər və ya məktəbi bitirənədək uşaqlara smartfon verilməsi qadağan edilsin. Bu, həm məktəbdə, həm də məktəbdən kənarda tətbiq olunmalıdır. Yalnız evdə, valideyn nəzarəti altında kompüterdən istifadə olunmasına icazə verilə bilər. Kompüterdən dərslərə hazırlaşmaq, sənədli və elmi-filmlərə baxmaq kimi məqsədlərlə istifadəyə icazə verilməsi məqsədəuyğundur.” Psixoloq Nizami Orucov da mözvu ilə bağlı fikirlərini saytımızla bölüşüb. Onun sözlərinə görə, son dövrlərdə internet və telefon asılılığı dünya miqyasında ciddi problemə çevrilib, Azərbaycanda da bu məsələyə diqqət artır: “Uşaqların telefon və internet asılılığının artması, xüsusilə valideynlərin yemək zamanı telefon verməsi bu problemi dərinləşdirir. Bu asılılıq gənclər və uşaqlar arasında ciddi fəsadlar yarada bilər. Azərbaycanda bu problemə qarşı daha hansı tədbirlər görülməlidir və valideynlərin rolu nə qədər vacibdir? Hazırda bütün dünya sürətlə rəqəmsallaşmağa davam edir. Günün hər saatı və sahəsində texnoloji vasitələr olduqca ətçatandır. Bu vasitələr də uşaqların davamlı göz önündə olduğu üçün, telefona, internet aslılığına gətirib çıxarır. Körpəlikdən böyüdülmə şəraiti, bu qurğulardan istifadə zamanı və intensivliyi də mütləq aslılığa təsir edən şeylərdən biridir. Bəzi valideynlər uşaq ağlayanda, yemək yeməyəndə dərhal əlinə telefon verərək diqqətini yayındırır və beləcə sakitləşdirmənin doğru üsulunu tapdıqlarını düşünürlər. Bu problem psixoloji, sosial və fiziki fəsadlara səbəb ola bilər: diqqət dağınıqlığı, sosial təcrid, yuxu problemləri və hətta psixoloji asılılıq kimi təsirlər müşahidə edilir. N.Orucov mövcud problemin həlli istiqamətində aşağıdakı tədbirlərin görülməsini təklif edir: “Həm valideyn, həm də uşaqlar üçün kütləvi maarifləndirmə aparmaq. Yəni bu aslılığın fəsadları ilə bağlı seminarlar təşkil etmək və sosial mediada bununla bağlı geniş məlumatlar yaymaq. Uşaqların alternativ olaraq başqa fəaliyyət sahələrinə həvəsləndirmək və yönləndirmək. Beləcə uşaq üçün tək əyləncə mənbəyi internet, telefon olmayacaq. Enerjisini başqa sahələrdə də xərcləmə imkanı olacaq. Valideynlər üçün nəzarət proqramları. Valideynlər uşaqlarının internetdən istifadə müddətini izləmək və məhdudlaşdırmaq üçün müxtəlif proqramlardan istifadə edə bilərlər. Valideynlər bu məsələdə əsas rol oynayır. Onların övladlarına nümunə olması və texnologiya ilə düzgün davranışı öyrətməsi vacibdir. Məsələn : - Yemək zamanı və ailə görüşlərində telefon istifadəsini məhdudlaşdırmaq - Uşaqlarla birlikdə vaxt keçirmək və onları real həyat fəaliyyətlərinə yönləndirmək - Gecə saatlarında telefon istifadəsini məhdudlaşdırmaq - kimi tətbiq üsulları ilə praktiki tərbiyə işini görə bilərlər. Bu daha da effektli olacaqdır”. Oğuz Ayvaz, Medianews.az

Bizə qoşulun