Medianews.az
İmamoğlu gələn həftə bu yüksək mövqeni tutacaqdı – <span style=color:red>Həbsin indi baş verməsinin SİRRİ  
359 baxış

İmamoğlu gələn həftə bu yüksək mövqeni tutacaqdı – Həbsin indi baş verməsinin SİRRİ  

Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mayında keçirilməlidir. Bəs nəyə görə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı Əkrəm İmamoğluna qarşı atılan addımlar – martın 18-də onun ali təhsil diplomunun geri alınmasına dair qərarın çıxarılması, martın 19-da isə müxtəlif ağır ittihamlarla saxlanılması hakimiyyətin gələcək prezident seçkisinə müdaxiləsi kimi qiymətləndirilir? Medianews.az bu suala aydınlıq gətirmək üçün qısa arayış verir. Məsələ burasındadır ki, Əkrəm İmamoğlunun növbəti prezident seçkisində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olacağı gözlənir. Partiya isə öz namizədini indidən müəyyənləşdirməyi planlaşdırır və nə az, nə çox, gələn həftənin əvvəlinə - martın 23-nə ilkin seçki təyin edib. İmamoğlunun bu seçkidən qalib çıxacağı kimsədə şübhə doğurmur. Bundan başqa, Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mayında keçirilməli olsa da, seçki vaxtının qabağa çəkiləcəyi, yəni erkən seçki keçiriləcəyi də istisna deyil. CHP-nin öz namizədini indidən müəyyənləşdirməkdə bir məqsədi də belə bir ssenariyə hazır olmaqdır. Hazırda prezident kürsüsündə Rəcəb Teyyub Ərdoğan əyləşir. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü ildən baş nazirlik edib, 2014, 2018 və 2023-cü illərdə prezident seçilib. 2018-ci ildən Türkiyədə prezident həm dövlət, həm də hökumət başçısıdır. Konstitusiyaya görə, 40 yaşına çatmış ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər. 600 nəfərlik Türkiyə parlamentinin hazırda 593 üzvü var. Ədalət və İnkişaf Partiyası 272, Cümhuriyyət Xalq Partiyası 134 mandatla təmsil olunur. Cümhuriyyət Xalq Partiyası ana müxalifət qurumudur. 2023-cü il noyabrın 5-dən partiyaya Özgür Özəl sədrlik edir. 1974-cü il təvəllüdlü Özgür Özəl 2011-ci ildən parlamentin üzvüdür. Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon bölgəsində doğulub. İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib. Medianews.az

Bizə qoşulun