Medianews.az
Əkrəm İmamoğlu - <span style=color:red>DOSYE
304 baxış

Əkrəm İmamoğlu - DOSYE

Medianews.az saytı  İstanbul böyük şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bioqrafiyasını təqdim edir. Əkrəm İmamoğlu 1970-ci il iyunun 4-də Trabzon bölgəsində, Akçaabad rayonunun Cevizli kəndində, tacir ailəsində doğulub, dörd yaşından Yıldızlı kəndində yaşayıb. Orta təhsili Trabzon liseyində alan Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib. 1992-ci ildən Əkrəm İmamoğlu ailəsinə məxsus inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub. 1995-ci ildən ailəli olan Əkrəm İmamoğlu üç uşaq atasıdır. 2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub. 2019-cu il martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Müxalif Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə bələdiyyə başçısı kürsüsü qazanıb. İstanbul böyük şəhər bələdiyyəsinə Əkrəm İmamoğlu başçı seçilib. Bu posta Türkiyənin sonuncu baş naziri, parlamentin keçmiş sədri Binəli Yıldırımı namizəd göstərmiş hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında bəzi seçki bölgələrində səslər yenidən sayılıb, amma nəticə dəyişməyib. Əkrəm İmamoğlu 4 milyon 169 min 765 səslə qalib elan olunub və aprelin 17-də səlahiyyətlərinin icrasına başlayıb. Bundan sonra Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna müraciət edərək İstanbul bələdiyyəsinə yeni seçki keçirilməsi tələbi qoyub. Ali Seçki Qurumunun mayın 6-da çıxardığı qərarla İstanbul bələdiyyəsinə keçirilmiş 31 mart seçkisinin nəticələri ləğv olunub, iyunun 23-nə yeni seçki təyin edilib. Müxalif dairələr qərarı sərt etirazla qarşılayıb, hakimiyyətin və Ali Seçki Qurumunun ünvanına ittihamlar səsləndirilib. Əkrəm İmamoğlu 31 mart seçkisinin ləğvinə qərar verənləri axmaq adlandırıb. 23 iyun 2019-cu il seçkisində Əkrəm İmamoğlu yenidən qələbə qazanıb. 2024-cü ildən İmamoğlu həm də Türkiyə Bələdiyyələr Birliyinin sədridir.

Bizə qoşulun