10.03.2025, 07:30
176 baxış
Azad
Çox keçməz, yəqin ki, Sednaya həbsxanası da qəbul qapılarını açar…
Suriyada "ələvi" deyilən vətəndaş qövmü neyləyibsə, indi hökumət qoşunları onları cəzalandırır. Cəzalandırmaqla bərabər, ordu tərəfindən onlara, qadınlara və uşaqlara da qarşı qeyri-insanı rəftar, hüquqazidd hərəkətlər edilir.
Ehtirasları daha da qızışdırmaq üçün məhz belə hərəkətlər videoya çəkilərək dünya üçün tirajlanır.
Əslində, ya İran, ya ABŞ, ya da Rusiya kəşfiyyatı öz qarışdırıcı və dağıdıcı işini ələvilər vasitəsilə həyata keçirməyə çalışıb. Yeni Suriya hakimiyyəti öz vətəndaşlarına qarşı faktiki olaraq Hafiz, Bəşər Əsəd rejimlərinin etdiyi zorakılıqlardan başqa çarə tapmayıb.
Çox keçməz, yəqin ki, Sednaya həbsxanası da qəbul qapılarını açar.
Burada başqa ölkələr üçün də ibrətamiz bir çox cəhətlər var.
Birinci odur ki, onilliklərin koloniya idarəçiliyi nəticəsində ölkədə hakimiyyətlə vətəndaş və müxtəlif vətəndaş qövmləri arasında qarşılıqlı nifrət orbitləri formalaşdırılıb, keçilməz uçurumlar yaradılıb. Bunlar elmi, psixoloji əsaslarla yerinə yetirilib.
Bu idarəçilikdə güclə əzməkdən başqa heç bir metod işləmir. Müasir müstəmləkə idarəçiliyinin ən effektiv üsullarından biridir. Dünyada tətbiq edilir.
Nəticə dərhal yox, onilliklər sonra özünü sağalmaz ictimai-siyasi və mənəvi xəstəlik kimi göstərir.
Səfər Alışarlı,
yazıçı, publisist, jurnalist