Medianews.az
“Möhsün Sənanini Ofeliyaya görə yox, Ofeliyanı Sənaniyə görə tanıyıblar”- <span style=color:red>sənətkarın qızı-FOTO
312 baxış

“Möhsün Sənanini Ofeliyaya görə yox, Ofeliyanı Sənaniyə görə tanıyıblar”- sənətkarın qızı-FOTO

“Atam deyirdi ki, vaxtında getmək lazımdır ki, sənə qapını göstərməsinlər” “Baş prokuror atamın tamaşasına manqal kababla gəlmişdi” “Mənə deyəndə ki, siz Ofeliya Sənaninin baldızısız? Deyirəm ki, məni elə yox, Möhsün Sənaninin qızı kimi tanımağınızı istərdim. Bir dəfə televiziyada da dedilər ki, bu gün Ofeliya xanımın qaynatası Möhsün Sənaninin doğum günüdür. Yadımda deyil hansı kanal idi. Götürüb zəng edib dedim ki, bu verilişi hazırlayana deyin ki, Sənanini Ofeliyaya görə tanımayıblar, Ofeliyanı Sənaniyə görə tanıyıblar. Veriliş axşam da təkrarı gedəcəkdi. Gördüm ki, mənim iradımdan sonra həmin sözləri verməyiblər, çıxarıblar. Bir neçə il əvvəl restoranlardan birində idik. Orada ofisiantın adı Sənani idi. Rəfiqəm soruşdu ki, bəlkə Sənandır? Dedi ki, xeyr, adım Sənanidir, atam mənə ən çox sevdiyi aktyorun adını verib. Rəfiqəm dedi ki, bu xanım da Möhsün Sənaninin qızıdır. Sənani soyadı, adı hamı üçün böyük cığır, yol idi”. Bunu Medianews.az-a açıqlamasında görkəmli sənətkar Möhsün Sənaninin qızı Gülər Sənani deyib. O daha sonra əlavə edib: “Atamın şit danışan, ağzından söyüş çıxan adamlardan zəhləsi gedərdi. Belə adamlar bizə gəlməzdi. Atamın ən yaxın dostu Mustafa Mərdanov idi. Buna baxmayaraq evə dost gətirmirdi. Bir dostu da bizə gəlməyib. Harada lazımdırsa özləri görüşərdilər. Yəqin ki, onları tanıyırdı da.. Atam baxmayaraq ki, gözəl qadın aktrisalarımızla rollar oynayırdı, amma anam onu qısqanmırdı. Anam atamın baş tacı idi. Atam özü anama deyirdi ki, sən mənim baş tacımsan. Anamın ağzından bir söz çıxan kimi atam o dəqiqə yerinə yetirirdi. Atam dünyagörmüş adam idi. İndi əksər jurnalistlər lori dildə desəm şkafı açıb, zibil çıxarırlar. O vaxtı teatrda nə olubsa orada da qalmalıdır. Əgər o sənətkarlar lazım bilsəydilər bu söhbətləri elə o vaxtı yayardılar da. Ölən adamın haqqında pis danışmazlar. Bunu gərək jurnalistlər başa düşsünlər də. Bəzən efirləri izləyirəm, əsəbləşirəm. Düzgün deyil axı! Bir senzura olmalıdır. Ona görə də televiziyadan ziyalıları uzaq salıblar”. Möhsün Sənaninin qızı deyir ki, 80 yaşının olmasına baxmayaraq hələ də pedaqoji fəaliyyətlə məşğuldur: “Özüm aktrisa olmaq istəmədim. Atam da heç vaxt razı olmazdı. Orta məktəbdə oxuyanda mənim Lüdmila adında bir müəllimim var idi. O qədər gözəl müəllim idi ki. Mən o müəllimə xoş gəlsin deyə səhərə verilən yeni dərsi də öyrənirdim ki, o danışanda bir-iki kəlmə mən də deyim, başa düşsün ki, dərsi öyrənmişəm. Ona görə də özümə söz verdim ki, müəllim olacağam. Bakı Dövlət Universitetinin filologiya kafedrasının rus dili müəllimiyəm. Atam deyirdi ki, hardan gedirsənsə vaxtında get ki, sənə qapını göstərməsinlər.. 60 illik yubileyim olanda ərizə yazdım qol çəkmədilər. 70 illik yubileyim olanda da ərizə yazdım, qol çəkmədilər. 80 illik yubileyimdə də həmçinin. Tələbələrim də məni çox istəyirlər” deyə Gülər xanım bildirib. Gülər Sənani atası ilə bağlı unutmadığı bir xatirəsini də bizimlə bölüşüb: “Atam Bakının baş prokuroru Abdulla İbrahimovla çox yaxın dost idi. “Göz həkimi” tamaşası gedirdi. Mən də lojada oturmuşdum. Atam da rolda öz sevgilisi Güliçka ilə görüşür, qız çıxıb gedir. Atam onun arxasınca qışqırır. Mən bildim ki, tamaşada belə sözlər yoxdur. Hiss etdim ki, atam mənə işarə edir ki, Güliçka, arada bir dəy mənə. Mən başa düşdüm ki, atam mənə işarə edir ki, fasilədir, gəl yanıma. Pərdə bağlanan kimi getdim atamın yanına. Gördüm ki, Abdulla müəllim gəlib, manqalın üstündə kabablar var. Sən demə atam məni kababa çağırıb. Sənətkarın o vaxtı hörməti var idi”. Əli Əsgər

Bizə qoşulun