Medianews.az
Paşinyanın açıqlaması nədən xəbər verir? <span style=color:red> Ekspert ŞƏRHİ
238 baxış

Paşinyanın açıqlaması nədən xəbər verir? Ekspert ŞƏRHİ

“Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən keçirdiyi brifinqdə deyib. Qarşılıqlı əsas dedikdə nə nəzərdə tutulur? Paşinyan hazırda müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan iki bəndin olduğunu da qeyd edib. Söhbət hansı bəndlərdən gedir? Həmin bəndləri bu il ərzində razılaşdırmaq mümkün olacaqmı? Ümumiyyətlə, 2025-ci il ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanacağı real görünürmü? Medianews.az saytının suallarını cavablandıran siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Nikol Paşinyanın dünənki açıqlaması Azərbaycanla Ermənistan arasında sülh prosesinin çox ləng irəlilədiyini göstərir: “Xüsusilə də kommunikasiyaların açılması, dəmir yolunun işə salınması ilə bağlı tətbiq olunacaq iş rejimləri məsələsində tərəflərin mövqelərinin bir-birinə yaxın olmadığı aydınlaşır. Ermənistan Zəngəzur dəhlizində tətbiq olunacaq rejimin digər hissələrdə də tətbiq olunması tələbini irəli sürür. Bu da Azərbaycan üçün məqbul deyil. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd olunub ki, regionda bütün kommunikasiya xətləri açılır, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən ərazidə maneəsiz, təhlükəsiz hərəkət təmin olunur. Bu, digər ərazilərə aid deyil. Ona görə Paşinyanın eyni rejmin Ermənistanın gələcəkdə Azərbaycan ərazilərində istifadə edə biləcəyi kommunikasiya xətlərinə də tətbiq olunmasını istəməsi qəbulolunmazdır. Azərbaycan bunu qəbul etməyəcək". Hazırda müzakirə olunan sülh sazişi layihəsində razılaşdırılmayan bəndlərə gəlincə, O.Qasımov öncə xatırladıb k, ötən ilin iyulundan Azərbaycanın təklifi ilə kommunikasiya məsələləri ayrıca müzakirə mövzusu kimi aparılır: “Yəni bu müzakirələr sülh müqaviləsinin mətnindən kənardadır. Çünki Zəngəzur dəhlizi ilə bağlı kənar iştirakçıların müdaxilələri var və bu da kommunikasiyaların açılması prosesini ləngidir. Ümumən sülh prosesini ləngitdiyinə görə Azərbaycan bu məsələnin ayrıca müzakirə olunmasını təklif edib. Bakının Yerevandan sülh prosesində istədiyi, irəli sürdüyü tələblərin başında isə, təbii ki, Ermənistan Konstitusiyasında, qanunvericilik aktlarında Azərbaycana, o cümlədən Türkiyəyə qarşı yer alan ərazi iddiaları ilə bağlı müddəaların ləğvi, konstitusiyanın dəyişdirilməsidir. Bakının irəli sürdüyü digər təklif ondan ibarətdir ki, Azərbaycan-Ermənistan şərti sərhədində üçüncü dövlətlərin qüvvələri yerləşməsin və hazırda orada olan bu sayaq qüvvələr çıxarılsın. Yəni Avropa İttifaqının missiyası bölgədən çıxarılsın. Azərbaycan Ermənistana təklif edir ki, ərazi iddiaları olmadığını sübut etmək üçün ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət olunsun. Lakin Ermənistan bundan da yayınır. Azərbaycan Ermənistana beynəlxalq məhkəmələrdə iddiaların geri götürülməsi ilə bağlı təklif irəli sürmüşdü. Ermənistan buna da getmir. Bütün bunlar onu göstərir ki, Ermənistanın və onun arxasında duran qüvvələrin niyyəti heç də sülh müqaviləsinin imzalanması deyil, əksinə - Ermənistanı sürətlə silahlandırmaq və gələcək revanşlara hazırlamaqdır. Bu baxımdan götürdükdə proseslərin gedişi onu göstərir ki, 2025-ci ildə tərəflər arasında sülh müqaviləsinin imzalanması real görünmür”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun