25.02.2025, 14:05
105 baxış
Azad
Ulduzlar yaradan "ölü" qalaktika kəşf edildi
Astronomlar "ölü" qalaktikada ulduzların indiyə qədər necə yarandığını anlamağa çalışırlar. Medianews.az xəbər verir ki, bununla bağlı elmi tədqiqatlara davam edən Massaçusets Texnologiya İnstitutunun astronomları Yer kürəsindən 5,8 milyard işıq ili uzaqlıqda yerləşən ən kütləvi qalaktika klasterlərindən biri olan "Feniks" klasterində qeyri-adi hadisə aşkar ediblər.
Tədqiqatçılar bildiriblər ki, onun mərkəzi qalaktikasının ulduzlar yaratması prosesi elmi nöqteyi-nəzərdən əslində dayanmalı idi, lakin yeni müşahidələr hələ də ulduz əmələ gəlməsinin son dərəcədə yüksək olduğunu göstərib. Belə ki, uzun müddət əvvəl mövcudluğuna son qoyulmuş "ölü" qalaktikada ildə 1000-ə qədər yeni ulduz "doğulur". Astronomların bununla bağlı verdiyi məlumatda deyilir ki, bu göstərici hətta "Süd yolu" ilə müqayisədə belə yüz dəfə yüksəkdir.
Alimlərin araşdırmalarına görə, kainatda mövcud olan qalaktikalar arasındakı çox yüksək dərəcədə isti qaz yeni ulduzların yaranmasının qarşısını alır, çünki o, tam soyuyub sıx buludlara çevrilə bilmir. Həm də qara dəliklər güclü enerji emissiyaları ilə bu qazı daha da qızdırır. Bu isə elm üçün bir sirr yaradır. İndi astronomların qarşısında duran ən vacib sual budur: Qaz zamanla soyusa da, hansı səbəbdən köhnə qalaktika qrupları nadir hallarda ulduzlar yaradır?
Mütəxəssislər bildiriblər ki, onlar çox böyük ehtimalla bu əsas sualın cavabını tapıblar. Belə ki, "JWST" kosmik teleskopunun vasitəsilə bir müddət əvvəl aparılmış müşahidələr çatışmayan önəmli əlaqəni tapmağa kömək edib. Nəticələri araşdıran zaman məlum olub ki, isti qaz 100.000-dən 1.000.000 Kelvin dərəcəyədək soyuq qaz arasında keçid mərhələsi kimi xidmət edir. O, daim neonla əlaqəli xüsusi bir işıq yayır ki, bu da alimlərə ulduzların soyuması və formalaşması ilə bağlı ipucu verir.
"300.000 dərəcəyə qədər qızdırılan qazın kütləsi həm də neon işarəsinə bənzəyir - müəyyən dalğa uzunluğunda parlayır. Biz onu müşahidə olunan məkana səpələnən ayrı-ayrı parçalar, nazik saplar kimi görə bildik" söyləyən aparıcı tədqiqatçı Maykl Rif elmdə çox böyük uğura imza atdıqlarını qeyd edib.
Alimlər həmçinin onu da aşkar ediblər ki, klasterin mərkəzində yerləşən qara dəlik qazı artıq dərəcədə qızdırmaqla yanaşı, ulduzların yaranmasına da yol açır və əmələ gələn hər yeni ulduzun soyumasına şərait yaradır.
Tədqiqatçılar iddia edirlər ki, onların yeni kəşfi əvvəlki nəzəriyyələrlə tam ziddiyyət təşkil edir. Elm adamları belə hesab edir ki, bu kəşfdən sonra yenidən daha geniş, daha əhatəli elmi araşdırmalara ehtiyac yaranıb.
Onların fikrincə, qalaktikaların təkamül modellərinə müasir elm yenidən baxmalı və bu sahə növbəti dəfə araşdırılmalıdır.
Bu yeni elmi tədqiqatın həmmüəllifi olan alim Maykl Makdonald öz həmkarlarının, eləcə də Maykl Rifin söylədiklərinə əlavə kimi mövzu ilə bağlı fikrini belə izah edib: "Bu nəhəng ulduz partlayışı hər klasterin nə vaxtsa, ötüb keçdiyi bir tarixi hadisə ola bilər, lakin biz bunu ilk dəfə görürük".
Makdonald bunu böyük elmi yenilik kimi qiymətləndirdiyini və tədqiqatların indən sonra da davam etdiriləcəyini bildirib.
Paylaş: