Medianews.az
Ukraynadan sonra Cənubi Qafqaz? <span style=color:red>Hərbi ekspertin xəbərdarlığı
272 baxış

Ukraynadan sonra Cənubi Qafqaz? Hərbi ekspertin xəbərdarlığı

Bu ayın sonuna, yəni yaxın günlərə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşünün olacağı istisna edilmir. Artıq Trampla Putinin telefon danışığı olub, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ-Rusiya nümayəndə heyətlərinin Ukrayna məsələsi ilə bağlı görüşü keçirilib. Ümumiyyətlə son vaxtlar Ukrayna münaqişəsi ilə bağlı müzakirələr beynəlxalq səviyyədə xeyli intensivləşib. Eyni zamanda münaqişənin həllinə yanaşmada Ağ evlə Kiyev arasında ziddiyyətlər açıq xarakter alıb. Ukraynanı hansı aqibət gözləyir? Amerikasız Avropa Ukraynanı müdafiə edə biləcəkmi? Rusiya bu müharibəni udmağa doğru gedirmi? Ukrayna məğlub olarsa, üçüncü dünya müharibəsi təhlükəsi aradan qalxır, yoxsa daha da güclənir? Özünü toparlamağa imkan tapacaq Putin Rusiyasının keçmiş sovet məkanına və Avropanın ən azı şərqinə yenidən iddialar irəli sürməyəcəyinə, silahları işə salmayacağına inanmaq olarmı? Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, ABŞ və Rusiya nümayəndələrinin görüşü Rusiya-Ukrayna müharibəsinin üçüncü ilində aktiv fazadan passiv fazaya keçəcəyindən xəbər verir: “Donald Tramp administrasiyası bir neçə dəfə bəyan edib ki, bu müharibə Tramp hökumətinin mübaribəsi deyil. Yəni bu o deməkdir ki, Ukrayna Rusiya ilə müharibəni dava etdirsə, maliyyə vəsaiti və hərbi-texniki baxımdan dəstəklənməyəcək. Ortada müharibənin Rusiyanın istədiyi kimi bitəcəyi görüntüsü var. Artıq ABŞ prezidenti Ukrayna prezidentini diktator adlandırır, Zelenskinin xalq arasında nüfuzunun cəmi 4 faiz olduğunu söyləyir. Tramp Ukraynanın yeni prezident seçkilərinə getməsini təklif edir. Rusiya tərəfi də hərbi əməliyyatların başlanğıcında, ən azı 2022-ci ildə İstanbul samitində irəli sürdüyü şərtlərlə müharibənin dayandırılmasına razılıq verməyə hazır görünür. İndi həm Moskva, həm də Vaşinqton istəyir ki, Kiyev Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanısın. Ukrayna tərəfi bunu qəbul etmir. Müharibədə duruş gətirə bilməsi üçün isə Ukraynaya güclü maliyyə və hərbi-texniki dəstək lazımdır. ABŞ də deyir ki, bunu Avropa həll etsin. Avropa İttifaqına daxil olan ölkələrin rəhbərləri ABŞ-nin yanaşması nəticəsində iki hissəyə bölünüb. Bəzi dövlət başçıları düşünür ki, ABŞ bu dəstəyi verməsə, Avropa İttifaqı bunu tam axıra qədər həyata keçirə bilməyəcək". Hərbi ekspert vurğulayıb ki, müharibənin nəticəsinin Ukraynanın leyhinə sonlandırılması yönündə zididdiyyətlər yaranıb: "Ukrayna prezidentinin Ər-Riyada dəvət olunmaması, yəni danışıqlarda faktiki Kiyevin tərəf olaraq qəbul edilməməsi, Zelenski ilə Trampın az qala informasiya müharibəsi aparması, qarşılıqlı ittihamlar səsləndirməsi bu ziddiyyətlərin bariz nümunələridir. Ukrayna prezidenti ABŞ prezidentinin yanaşmasını, ittihamlarını qəbul etmir. Kiyev xalqın 57 faizinin Volodimir Zelenskini dəstəklədiyini, Amerikanın Ukraynaya ayırdığı maliyyə vəsaitinin deyilən qədər olmadığını bəyan edir. Qarşılıqlı ittihamlar onu göstərir ki, ABŞ ilə Ukrayna bir-birindən uzaqlaşır. Deməli, indi Ukryananın ABŞ-dən gözləntisi minimum həddə olmalıdır. Gözləntilər Avropa İttifaqına keçməlidir. Avropa İttifaqı isə Ukraynanı sona qədər dəstəkləməyə hazır görünmür. Üstəlik, Rusiya cəbhədə əməliyyatları gücləndirir, yeni yaşayış məntəqələrini işğal edir. Eyni zamanda Rusiya öz siyasəti ilə Avropa ilə Amerikanı da informasiya cəbhəsində qarşıya-qarşıya gətirə bilib. Görünən odur ku, müharibənin Kiyevin istədiyi kimi bitməsi çox çətin olacaq. Rusiya və ABŞ Ukraynanın NATO-ya daxil olmasını istəmir. Rusiya vaxtilə hərbi əməliyyatlara əl atmasının əsas səbəblərindən biri kimi məhz Ukraynanın NATO-ya doğru getməsini göstərmişdi. İndi bu məsələdə yanaşmaları üst-üstə düşdüyündən Rusiya ilə ABŞ anlaşa biləcək. Bu anlaşmanın içərisində yer alması üçün indiki mərhələdə Ukraynadan atəşkəsə razılaşması, qoşunlarını təmas xəttində saxlayıb mühatibəni dayandırması, sonra prezident seçkilərinə getməsi və NATO-ya üzvlük planından əl çəkməsi tələb olunur". E.Şıxəliyev qeyd edib ki, razılaşma əldə olunmasa müharibə davam etdirilə bilər, amma Avropa İttifaqının Ukrayanaya iri həcmdə dəstək verəcəyi ağlabatan deyil: "Avropa İttifaqı ABŞ-nin istədiyi kimi ümumidaxili məhsulunun 5 faizini silahlanmaya yönəltməyə qərarlı olacaq. Yəni Avropa İttifaqı artıq öz təhlükəsizliyini Amerikasız həyata keçirməlidir. Amma Avropa dövlətləri həmin 5 faizi Ukryananı dəstəkləməyə xərcləyib itirməkdənsə öz ordularını gücləndirməyə yönəldəcək. Müharibə Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın nəzarətində qalması şərti ilə sonlansa, Moskva özünü qarşı tərəfə qalib kimi qəbul etdirmək istəyəcək. Sanksiyaların aradan qaldırılması nəticəsində artıq Avropa İttifaqı ilə təhdid və təhrik dilində danışacaq. Kremlin ambisiyaları artacaq. Strateji, siyasi, hərbi maraqlarını xüsusilə postsovet ölkələrinə qəbul etdirməyə can atacaq. Müharibədən sonrakı dövrdə iqtisadi, hərbi gücünü bərpa edib Cənubi Qafqaza, ən azından Ermənistana fərqli şəkildə dönmək istəyəcək. Ermənistan isə yenidən özünü Rusiyanın siyasi, hərbi təhlükəsizlik çətiri altında hiss edəndən sonra Azərbaycan əleyhinə fəaliyyətini gücləndirmək fikrinə düşəcək. Rusiya bütün zamanlarda bizim coğrafiyamızda "parçala, hökm sür" siyasətini yürüdüb. Bu səbəbdən Rusiya-Ukrayna müharibəsinin hazırda gözlənilən nəticəsini əslində keçmiş sovet respublaikaları Avropadakı sabiq sosialist ölkələrindən daha tez duyacaq. Ona görə postsovet dövlətlərinin indidən öz təhlükəsizliklərini təmin etmək üzərində ciddi addımlar atmasına ehtiyac olduğunu düşünürəm". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun