Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib ki, İrəvan Cənubi Qafqazda bütün kommunikasiyaların blokdan çıxarmağa hazırdır. O, Ermənistanın bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair baxışını təsdiqlədiyinə şad olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, bu prosesin "Sülh kəsişməsi" layihəsi çərçivəsində həyata keçirilməsi gözlənilir.
Qeyd olunub ki, Ermənistan hökuməti tərəfindən hazırlanmış "Sülh kəsişməsi" layihəsi Azərbaycanla nəqliyyat əlaqələrinin açılmasını və bu əlaqələrin bütün regionun infrastrukturuna inteqrasiyasını nəzərdə tutur.

Maraqlıdır, baş nazir Nikol Paşinyanın "Sülh kəsişməsi" layihəsi nələri özündə ehtiva edir? Bu layihə, orada əksini tapan şərtlər nə dərəcədə Azərbaycanın milli-dövlətçilik, regional maraqlarına uyğundur? Ermənistan tərəfi Cənubi Qafqazda bütün kommunikasiyaların blokdan çıxarılması məsələsində səmimi davranırmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Asif Nərimanl bildirib ki, “Sülh kəsişməsi” Zəngəzur dəhlizinin əleyhinə olan layihədir.

Onun sözlərinə görə, N.Paşinyan Ermənistan maraqlarını müdafiə etmək üçün bunu məhz regional kommunikasiyanın açılması məntiqi ilə irəli sürüb: “Regionl kommunikasiyaların açılması Azərbaycan və Ermənistan normallaşma prosesinin məntiqi sonluğudur. Digər tərəfdən, regional kommunikasiyaların açılmasında maraqlı tərəflər də var. Bunlar regional ölkələr olan Rusiya, İran və Türkiyədir. Cənubi Qafqaz həm də Avrasiya Nəqliyyat Dəhlizində əsas qovşaq rolunu oynayır. Ona görə də regional kommunikasiyaların açılması, yeni nəqliyyat şəbəkəsinin qurulması prosesində Avropa İttifaqının, hətta Çinin də öz maraqları var. Bu kontekstdə Orta Ddhliz layihəsindən də bəhs edə bilərik. Orta dəhliz üzərindən müxtəlif planlar olub-olmamasından asılı olmayaraq, bu layihə mövcuddur. Çin və ya ABŞ-nin bu layihəyə nəzarət etməsi, öz maraqlarına uyğun coğrafiyadan keçməsi uğrunda hazırda mübarizə gedir. Belə bir fonda Zəngəzur dəhlizi Orta dəhliz layihəsi üzərində əsas planlardan biri idi. Ermənistan tərəfi təbii ki, bunu istəmir. İrəvanın yanaşmasında söhbət dəhlizdən deyil, yoldan gedir. Yəni, İrəvan Azərbaycandan Naxçıvana istiqamətlənən marşrut üçün Bakıya Ermənistanın nəzarətində olan yolun verilməsini təklif edir. Bunun üçün Paşinyan hakimiyyəti “Sülh kəsişməsi” adı altında bir layihə təqdim edib. Bu layihə də Zəngəzur dəhlizinə alternativdir. “Sülh kəsişməsi” təklifi birmənalı olaraq Ermənistanın maraqlarına uyğundur”.

Siyasi şərhçinin qənaətincə, İrəvan tərəfdən “Sülh kəsişməsi”nin bu qədər planlı, detallı formada təbliğ edilməsində başlıca məqsəd sözügedən layihəyə təkcə regional ölkələri deyil, Cənubi Qafqazda nəqliyyat şəbəkələrinin qurulmasında maraqlı olan bütün tərəfləri cəlb etməkdir: “Rəsmi Bakının tələbi və istəyi budur ki, Azərbaycandan Naxçıvana dəhliz məntiqi ilə yol açılsın. Yəni, bu marşrut kommunikasiya dəhliz məntiqi ilə qurulsun. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli razılaşmanın 9-cu maddəsinə uyğun olaraq, Zəngəzur dəhlizinin əsas təməli qoyulub. Orada yazılıb ki, qüvvələr tərəfindən təhlükəsizlik təmin edilir və Ermənistanın bu kommunikasiyaya heç bir nəzarəti olmur. Amma İrəvan buna qarşı çıxırdı. Onlar tamamilə özlərinin nəzarətində olan bir yol istəyirdilər. Təbii ki, bu, tam olaraq baş tutmayan bir təklifdir. Onun üçün hətta müxtəlif variantlar da irəli sürülmüşdü. Bu variantlardan biri də Azərbaycanın Naxçıvana Kalininqrad dəmir yolu xətti layihəsi kimi bir çıxışın, əlaqənin təmin edilməsi idi. Yəni, Azərbaycandan Naxçıvana gedən sərnişinlər, daşınan yüklər gömrük və sərhəd yoxlanışına məruz qalmır. Amma digər ölkələr bu prosesdə iştirak edərsə, onlar Ermənistan tərəfinin gömrük və sərhəd yoxlanışından keçəcəklər. Belə bir təklif də irəli sürülmüşdü. Nəticə etibarı ilə “Sülh kəsişməsi” layihəsi Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasında nəzərdə tutulan formada açılmasının qarşısını almaq cəhdidir. Burada əsas məqsədlərdən biri də Ermənistanın Avrasiya nəqliyyat şəbəkəsində yer almağa çalışmasıdır. Əsas plan odur ki, əgər “Sülh kəsişməsi” formasında bu kommunikasiya açılacaqsa, o zaman Avropa və Asiya arasındakı nəqliyyat şəbəkələrində Ermənistan da pay alacaq. Bu da təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil”.

A.Nərimanlı qeyd edib ki, "Sülh kəsişməsi" layihəsi İrəvanın istədiyi formada reallaşarsa, Azərbaycan Avropa ilə Asiya arasındakı əsas körpü, qovşaq statusundan bir növ Ermənistana pay verməli olacaq: “Ermənistan həm də buradan qazanclı çıxmaq istəyir. Bununla Ermənistan həm də dalan ölkə olmaqdan canını qurtarır. Əgər sülh prosesi reallaşarsa, Azərbaycan Ermənistanla kommunikasiyaların açılmasında maraqlıdır. Amma belə bir məntiq də var ki, biz işğal altında olan torpaqlarımızı müharibə yolu ilə almışıq. Qarabağda suverenliyi müharibə ilə təmin etmişik. İndiyənə qədər faktiki olaraq Ermənistan heç bir güzəşt etməyib. Nəyin qarşılığında biz ona güzəşt etməliyik? Hesab edirəm ki, “Sülh kəsişməsi” tamamilə bizim maraqlarımıza uyğun olmayan layihədir. Bunun hansı formada reallaşmasına gəlincə, düşünürəm ki, Ermənistanın "Sülh kəsişməsi" layihəsini həyata keçirməsi çox çətin olacaq. Bunu həm siyasi reallıqlar mümkünsüz edir. Həm də coğrafi və maliyyə baxımdan bu layihə sərfəli, rentabelli deyil. Çünki İrəvan "Sülh kəsişməsi" layihəsində təkcə Mığrıdan keçən yolu deyil, eyni zamanda ölkə ərazisindən keçən Şimal-Cənub magistralını da birləşdirməyə çalışır. Bunun üçün üç milyard dollara yaxın maliyyə vəsaiti lazımdır ki, həmin yollar bərpa edilsin. Bundan başqa, Ermənistan "Sülh kəsişməsi" layihəsi çərçivəsində Azərbaycan və Türkiyə ilə sərhəddə gömrük xətləri, məntəqələri qurmağa çalışır. Bunun özü də əlavə maliyyə xərcləri deməkdir. Ermənistandan fərqli olaraq, Azərbaycanın resursları, nəqliyyat, maliyyə imkanları kifayət qədərdir. Artıq Zəngəzur dəhlizinin Azərbaycan ərazisində olan hissəsinin inşası bu il yekunlaşacaq. Azərbaycan bu layihəyə daha çox sərmayə qoyub. Bu, sözügedən nəqliyyat şəbəkəsində iştirak etmək istəyən ölkələr, şirkətlər üçün daha çox cəlbedicidir, nəinki Ermənistanın hələlik təklifdən ibarət olan, böyük investisiya tələb edən "Sülh kəsişməsi". Bu baxımdan hesab edirəm ki, Zəngəzur dəhlizi gec və ya tez açılacaq. Ermənistanın "Sülh kəsişməsi" layihəsi isə elə təklif olaraq qalacaq. Onu da xatırlatmq yerinə düşər ki, İrəvan ortaya atdığı "Sülh kəsişməsi" layihəsində Qərbdə Co Bayden administrasiyasına, Avropa İttifaqına arxalanır, onların dəstəyini alırdı. Hazırda isə ABŞ Prezidenti Donald Trampdır. Fikrimcə, reallıqları nəzərə alan beynəlxalq və regional oyunçular sonda məhz Azərbaycanın təklifinin, yəni Zəngəzur dəhlizinin açılmasının üstündə dayanacaqlar".
Nailə QASIMOVA