Medianews.az
Mübarizə və qəhrəmanlıq <span style=color:red>SALNAMƏSİ - FOTOLAR
256 baxış

Mübarizə və qəhrəmanlıq SALNAMƏSİ - FOTOLAR

1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. Medianews.az xatırladır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib. Qeyd edək ki, 1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərib. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. 1990-cı ilin 20 Yanvar hadisələrini Medianews.az-a beynəlxalq hüquqi müstəvidə şərh edən Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas Yunis Xəlilov vurğulayıb ki, o dövrdə sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə olunub. Onun sözlərinə görə, xalqımıza qarşı bu faciənin törədilməsi ilə ilk növbədə dinc əhalinin qorunması prinsipi pozulub, silahlı təcavüz aktı, insanlıq əleyhinə cinayətlər törədilib: “Beynəlxalq humanitar hüquqa görə, dinc əhalinin qorunması əsas prinsiplərdən biridir. Xüsusilə, 1949-cu il Cenevrə Konvensiyaları və onun əlavə protokolları dinc əhalinin hərbi əməliyyatlardan müdafiəsini təmin edir. Sovet qoşunlarının Bakıya daxil olması şəxsən bu prinsipi kobud şəkildə pozub. Beynəlxalq hüquqa görə, təcavüz aktı suveren dövlətlərin daxili işlərinə qarışmaqla əlaqəlidir. 20 Yanvar hadisələri BMT Baş Assambleyasının “Təcavüzün tərifi” haqqında 1974-cü il tarixli Qətnaməsinin tələblərini pozub. İnsanlıq əleyhinə cinayətlər, beynəlxalq hüquqda böyük miqyasda əhalinin kütləvi şəkildə öldürülməsi, fiziki və ya psixoloji əzablar verilməsi, zorla köçürülmə, insan alveri və digər ciddi hüquq pozuntularını əhatə edir. Qanlı yanvar hadisəsi çərçivəsində sovet qoşunları tərəfindən baş verən atışmalar nəticəsində dinc əhalinin öldürülməsi, yaralanması və həbs edilməsi, insanlıq əleyhinə cinayətlərin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu hadisə, xüsusilə ordu tərəfindən törədilən qeyri-hüquqi öldürmə, döyülmə və qeyri-insani davranışlar baxımından, "insanlığa qarşı cinayətlər" kateqoriyasına daxil edilə bilər”. Hüquqşünas Y.Xəlilov xalqımıza qarşı qanlı cinayətin törədilməsində rolu olan şəxslərin cəzasız qalmasına da diqqərt çəkib. Bildirib ki, beynəlxalq hüquq sistemində cinayətkarların cəzasızlıq problemi daimi müzakirə məsələsidir: “20 yanvar hadisələri bağlı olaraq cinayətləri həyata keçirən şəxslərin məhkəməyə cəlb edilməməsi beynəlxalq tələblərə ziddir. Qanlı Yanvar hadisəsi ilə bağlı hüquqi məsuliyyətin müəyyən edilməsi və təqsirkar şəxslərin cəzalandırılması üçün milli məhkəmələr və hüquq-mühafizə orqanları hərtərəfli araşdırmalar aparılmalıdır. Bu, yalnız ədalət bərpa etmək üçün deyil, həm də gələcəkdə oxşar cinayətlərin qarşısını almaq üçün vacibdir. Beynəlxalq hüququn bir hissəsi olaraq, xüsusən də insanlıq əleyhinə cinayətlərə dair protokollar və konvensiyalar, cəzasızlıq probleminin qarşısını almaq üçün effektiv bir mexanizm təqdim edə bilər. Qanlı Yanvar hadisəsi kimi beynəlxalq cinayətlərə dair məhkəmələrin qurulması cəzasızlığın qarşısını almağa yönəlmiş bir yanaşma ola bilər”. Ərtürk İSMAYIL Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun