Medianews.az
İcma sədri: “Yüz minlərlə Qərbi azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq” - <span style=color:red>FOTO
151 baxış

İcma sədri: “Yüz minlərlə Qərbi azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparırıq” - FOTO

“Ötən il bu mövzuda ilk beynəlxalq konfransımızı keçirdik. Bu ilki tədbirimiz auditoriyamızı daha da genişləndirərək və müzakirələrimizi dərinləşdirərək, qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində möhkəmləndirilməsi, ədalətin bərpası, təhlükəsiz və ləyaqətli qayıdışın təmin edilməsi məsələlərini əhatə edir. Qeyd edim ki, bu ilki konfransda təmsil olunan ölkələrin və iştirakçıların sayı ötən ilki konfransımıza nisbətən iki dəfə artıb. Demək olar ki, bütün qitələri təmsil edən 51 ölkədən 102 iştirakçı bu konfransa qatılıb”. Medianews.az xəbər verir ki, bu barədə Bakıda "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmini" mövzusunda təşkil edilən İkinci Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib. O qeyd edib ki, bu tədbir Ermənistandan azərbaycanlıların zorla çıxarılmasına, tarixi və mədəni irsimizə vurulmuş zərərlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, qayıdış hüququmuzun təmin edilməsi və ədalətli əsaslarla sülh və barışıq üzrə müzakirələr aparmaq üçün vacib bir platformadır. Millət vəkilinin sözlərinə görə, Qərbi Azərbaycan İcması öz doğma yurdlarına qayıtmaq istəyən yüz minlərlə azərbaycanlının qayıdış hüququ uğrunda mübarizə aparır: “Təşkilatımız 1989-cu ildən bəri fəaliyyət göstərir. Bu istiqamətdə gördüyümüz işlər Azərbaycan dövlətinin prinsipial və davamlı dəstəyi ilə həyata keçirilir. Xüsusilə, 2022-ci ilin dekabr ayında bizim İcmamızı ziyarət etmiş cənab Prezident İlham Əliyevin İcmanın fəaliyyətinə göstərdiyi diqqət səylərimizi daha da gücləndirmək üçün bizi ruhlandırmışdır. Cənab Prezidentin konfrans iştirakçılarına bugünkü müraciətində ifadə etdiyi dəstək və qiymətli tövsiyələr böyük əhəmiyyət kəsb edir. Müraciətdə haqq işimizə verilən yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir”. İcma sədri dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izlədiyini dilə gətirib: “Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır. Belə acı nümunələrdən biri də Ermənistanın əməlləridir. Ermənistanın öz ərazisindən azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarmış və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmamışdır. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurmuşdur. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görmüşdür”. Ə.Ələkbərli vurğulayıb ki, Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir: “Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik. İcmamızın ötən il qəbul etdiyi Qayıdış Konsepsiyası, beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağıran mühüm bir sənəddir. BMT, UNESCO, İslam Əməkdaşlığı Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarla qurulan dialoq çərçivəsində bu hüquqlarımızın müdafiəsini davam etdiririk. Biz inanırıq ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür. Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır. Təəssüf ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bu məsələni çətinləşdirir. Buna baxmayaraq, biz sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq”. Milli Məclisin deputatı söyləyib ki, bugünkü konfransın əsas mövzuları beynəlxalq hüquqda qayıdış hüququnun əsaslarının gücləndirilməsini, barışıq və sülh quruculuğunda ədalətin rolunun vurğulanmasını əhatə edir: “Tədbir zamanı, həmçinin, qayıdış prosesində təhlükəsizlik təminatlarının yaradılması və mülkiyyət hüquqlarının bərpası kimi vacib məsələlərə xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, mədəni irsimizin qorunması və bərpası üçün beynəlxalq dəstəyin təmin edilməsi, habelə insan hüquqlarına universal yanaşmanın təşviqi və ikili standartların aradan qaldırılması müzakirələrin mərkəzində durur”. Ə.Ələkbərli Azərbaycanın çoxmədəniyyətli və tolerant cəmiyyəti ilə tanındığını, burada müxtəlif etnik və dini qrupların tarixən birgəyaşayış ənənələrini qoruyub saxladığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın multikultural dəyərləri və insan həmrəyliyi prinsipləri təkcə milli çərçivədə deyil, beynəlxalq səviyyədə də özünü göstərir: “Azərbaycan dünyada qaçqın və məcburi köçkün nisbətinin ən yüksək olduğu ölkələrdən biri olsa da, humanitar dəyərlərindən geri çəkilməmiş, müxtəlif humanitar təşəbbüslərlə dünya miqyasında köçkünlük problemlərinin həllinə öz töhfəsini vermişdir. Qeyd edim ki, bizim İcmamız da bu proseslərdən kənarda qalmır – bu ilin əvvəlində üzvlərimizin ianəsi hesabına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına maliyyə töhfəsi etmişik. Biz əminik ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə təsbit edilmiş qayıdış hüququnun təmin edilməsi yalnız insan hüquqlarının qorunmasının əsas şərti deyil, həm də xalqlar arasında birgəyaşayışın təşviq edilməsi və köçkünlük probleminin davamlı həlli üçün ən effektiv yoldur. Ona görə biz maarifləndirmə, elmi tədqiqatların dəstəklənməsi, siyasi təşəbbüslər və bu kimi davamlı tədbirlər keçirilməklə qayıdış hüququnun təşviq edilməsi sahəsində səylərimizi davam etdirəcəyik”. İcma sədri Azərbaycan Prezidenti İlham Əliyevə Qərbi azərbaycanlıların qayıdış hüququna göstərdiyi diqqətə və dəstəyə görə dərin minnətdarlığını çatdırıb: “Ümid edirəm ki, bu tədbir beynəlxalq ictimaiyyət üçün qayıdış hüququ mövzusunda mühüm bir dialoq platformasına çevriləcək və qayıdış hüququnun təmin edilməsi istiqamətində yeni imkanlar yaradacaq. Hər birinizə uğurlu müzakirələr və səmərəli nəticələr arzulayıram”. Ərturan İSMAYIL

Bizə qoşulun