Təqribən beş min il əvvəl yaşamış Şumerlərin (türkcə “Sumer”) dini inanclarına görə, çox qədimlərdə başqa bir tanrının qanı ilə gili qarışdırıb yoğuraraq insan düzəldən tanrı Nentinin şərəfinə nəhəng bir məbəd tikilib. Məbəd yeddi darvazalı, yeddi qapılı idi. Qədim yunan dünyagörüşündə baş allah Zevsin oğlanlarından biri - incəsənət allahı Apollonun da rəmzi yeddidir. İslamın müqəddəs kitabı “Qurani-Kərimd”də “cənnətin yeddi qapısı”, “cəhənnəmin yeddi pilləsi” ifadələri var. Həcc ziyarətində Kəbə ətrafında yeddi dəfə dolanmaq ritualı və s.-də öz növbəsində...
Həftənin yeddi günü, göyün yeddinci qatı, soğanın yeddi dərdin dərmanı olması inancı, işıq spektrinin – göy qurşağının yeddi rəngi (qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi), yeddi musiqi notu (do, re, mi, fa, sol, lya, si), qədimdə planetlərin sayının yeddi olması həqiqətinin qəbul edilməsi (Günəş, Ay, Venera, Mars, Merkuri, Yupiter, Saturn), Şərqdə iki böyük çayın – Qanq və Nilin hər birinin yeddi qolu olması inancı, bizim Lahıcın yeddi dağ arasında məskunlaşması inancı və sair.

Qədim Misirdə, Romada həftənin yeddi gündən ibarət olmasının qəbul edilməsi və yeddinci günün “Günəş günü” kimi istirahət günü olması... “Yeddi arxadönən”, “yeddi qapılıq uzaq qonşu” ifadələri... Əsərlərin “Yeddi gözəl” (Nizami Gəncəvi), “Yeddi cam” (Məhəmməd Füzuli) adlandırılması, “Yeddi nar çubuğu” nağılı və s... Bütün bu sadalananlar onu göstərir ki, ən azı Şumer dövründən yeddi rəqəmi daha çox diqqət çəkmiş, müqəddəs sayılmışdır. Bəs, bu rəqəmin baş üstə tutulmasının, başqa sözlə, müqəddəslik səviyyəsinə qalxmasının səbəbi nə idi?
Bu suala cavab tapmaq üçün aşağıdakı faktlara diqqət edək:
Körpə yeddi aya diş çıxarır, 2 x 7 = 14 aya oturur, 3 x 7 = 21 aya iməkləyir, yerimək öyrənir, 5 x 7=35 ay anasından süd əmir, 2 x 7 il = 14 yaşında yeniyetmə olur, 4 x 7 il=28 yaşda boy artımı dayanır.
Hamiləlik dövrü qadınlarda 40 x 7 = 280 gün, dovşan və siçovulda 4 x 7 = 28 gün, siçanda 3 x 7 = 21 gün, pişikdə 8 x 7 = 56 gün, itdə 9 x 7 = 63 gün, aslanda 14 x 7 = 98 gün, qoyunda 21 x 7 = 147 gündür. Quşlarda inkubasiya dövrünə gəldikdə. toyuqda 3 x 7 = 21 gün, ördəkdə 4 x 7 = 28 gündür.

Ayın Yer ətrafında bir dövriyyəsi 4 fazadan ibarətdir, hər biri 7 gün; 4 x 7 = 28 gün.
İşıq şüası bir saniyədə Yer kürəsini 7 dəfə dolana biləcək məsafə qət edir.
Bütün bu məlumatlara biz bu gün təəccüblə baxsaq da, ulu babalarımız olan şumerlər bunların hamısını asanlıqla bilirdilər... Hansı əsasla? Eramızdan 3-5 min il əvvəl onlara bütün bunları kim öyrətmişdi? Biz bunu bilmirik!!!
Okültistlər belə qənaətə gəliblər ki, insan bədəni 7 ildən bir dəyişilir, təzələnir və həm də buna müvafiq olaraq dünyabaxışın da yeni fazaya daxil olması müşahidə olunur. Məsələn, davakün adamı 7 ildən sonra başqa simada, sakit və məsələlərə başqa prizmadan baxan görə bilərsiniz. Ateist 7, 14, yaxud 21 ildən sonra dönüb dindar ola bilər, ya da əksinə. Bu illər bölgüsünün sonunda kasıbın varlanması, varlının kasıblaması, qanunpərəstin rüşvətxor olması, qeyrətlinin qeyrətsizləşməsi, dəli-dolu bir adamın ağıllı, sakit birisinə çevrilməsi və sair həyatın reallıqlarıdır.

İnsan bədənində də 7 dəlik var.
7 - iki rəqəmi vurmaqla hasil olmur, 7 tam ədəd olaraq da ikiyə bölünmür.
Dünyanın 7 möcüzəsindən günümüzə heyif ki, bircə Misir ehramları gəlib çatıb.
Yerin canlı varlıqlarının da 100-də 70-i, yəni 70 faizi bakteriyalardır.
Başqa müqəddəs rəqəmlər də var, amma başçıları yeddidir.
Mahir BAYRAM