Medianews.az
Suriya uğrunda QANLI MÜBARİZƏ: <span style=color:red>Regionda maraqları toqquşan DÖRD BÖYÜK GÜC
205 baxış

Suriya uğrunda QANLI MÜBARİZƏ: Regionda maraqları toqquşan DÖRD BÖYÜK GÜC

Suriyada "Heyət Təhrir əş-Şam" (HTŞ) silahlı birləşməsinin Bəşər Əsəd rejiminə qarşı başlatdığı hücumlar davam edir. HTŞ-yə bağlı müxalif qruplar cəmi bir neçə gün ərzində ölkənin böyük bir ərazisinə, o cümlədən iri şəhərlərə nəzarəti ələ keçiriblər. Suriyada müxalifət qüvvələri ölkənin şimalında yerləşən Hələb şəhərində prezident Bəşər Əsədin iqamətgahını da ələ keçirərək, oradan görüntülər paylaşıblar. İrana bağlı SEPAH-ın, Rusiyanın hərbi bazaların da ələ keçirildiyinə dair məlumatlar, foto görüntülər yayılır. Prezident Bəşər Əsədin yardım üçün təcili Rusiyaya getdiyi, İranın xarici işlər naziri Abbas Əraqçinin Suriyaya, ardınca Türkiyəyə səfər etdiyi qeyd olunur. Xarici işlər naziri Hakan Fidanın Suriyadakı proseslərdə Türkiyənin hər hansı iştirakçılığının olmadığına dair açıqlamasına rəğmən, HTŞ-yə bağlı müxalif qüvvələrə Türkiyənin, həmçinin Səudiyyə Ərəbistanının gizlin dəstək verməsi də gündəmə gətirilir. Ən nəhayət, Bəşər Əsəd hakimiyyətinə bağlı mediada Rusiyanın, konkret olaraq Vladimir Putinin Suriya iqtidarına və xalqına xəyanət etdiyinə dair tənqidi yazılar yer alır. Yaxın Şərqdəki son prosesləri Medianews.az-a şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib ki, Suriyadakı münaqişə, xüsusilə HTŞ qruplaşmasının fəaliyyəti beynəlxalq güclərin mövqeyini və strateji maraqlarını ciddi şəkildə müəyyənləşdirir. Onun sözlərinə görə, ABŞ, Rusiya, Türkiyə, İran bu proseslərdə fərqli məqsədlərə və yanaşmalara malikdir: “Hər bir ölkənin mövqeyi onların regional siyasətlərindən və təhlükəsizlik prioritetlərindən qaynaqlanır. Bu dörd gücün mövqeləri bir çox məsələdə bir-birinə ziddir. Misal üçün, ABŞ-Türkiyə gərginliyini göstərə bilərik. ABŞ-nin PKK/YPG/PYD-yə dəstəyi Türkiyənin maraqlarına ziddir. Digər bir misal Rusiya-Türkiyə əməkdaşlığı və rəqabətidir. Türkiyə Rusiyanın Lazkiyada hərbi mövcudluğunu qəbul edir. Moskva da Ankaranın Suriyanın şimalında müəyyən təhlükəsizlik zonası yaratmaq istəyini qəbul edir. Lakin hər iki tərəf ciddi strateji əhəmiyyət daşıyan, hazırda HTŞ-nin nəzarətində olan İdlibdə fərqli məqsədlər güdür, lakin birbaşa qarşıdurmadan çəkinirlər. ABŞ-İran qarşıdurmasına gəlincə, Tehranın bölgədəki təsiri Vaşinqtonun Suriya siyasətinin əsas əks nöqtəsidir”. Siyasi şərhçi Türkiyə-İran rəqabətinə, ABŞ-Rusiya qarşıdurmasına da diqqət çəkib: “İran birmənalı şəkildə Əsəd rejiminə dəstək verir və eyni zamanda bölgədə öz proksi qüvvələri vasitəsi ilə Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı çıxır. Bu zaman hətta bölücü kürd terror qruplaşmalarını da təbii müttəfiq şəklində görür. ABŞ-Rusiya qarşıdurmasına gəldikdə isə Vaşinqton heç bir halda Yaxın Şərqdə Moskvanın təsirini görmək istəmir. Ələlxüsus Lazkiyada hərbi baza onu narahat edir. “Ərəb baharı”ndan sonra Liviyadakı və sair mövqelərini qoyub çıxamağa məcbur olmuş Kreml üçün ora son istinad nöqtəsi, isti dənizlərə çıxış imkanı verən strateji qapıdır. Suriyada strateji hərbi mövcudluğunu qorumaq və Tartus dəniz bazası vasitəsilə Aralıq dənizində təsirini artırmaq həyati əhəmiyyət kəsb edir”. Alpər TURAN

Bizə qoşulun