Medianews.az
BMT Təhlükəsizlik Şurası TOPLANIR - <span style=color:red>Rusiyanı dayandırmağın YEGANƏ YOLU
155 baxış

BMT Təhlükəsizlik Şurası TOPLANIR - Rusiyanı dayandırmağın YEGANƏ YOLU

Oktyabrın 30-da BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclası keçiriləcək. Ukraynada sülhün və təhlükəsizliyin qorunması üçün addımların müzakirə olunacağı bu iclas ABŞ, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Sloveniya və Maltanın dəstəyi ilə baş tutur. Maraqlıdır, bu iclasın nəticələri Rusiya-Ukrayna savaşının taleyinə necə təsir edəcək? Müharibənin dayandırılması və tərəflərin danışıqlar masasına oturması mümkündürmü? Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini neə dəyərləndirmək olar? Siyasi və hərbi cəhətdən kim məğlubdur, kim qalib? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ukraynadakı müharibəyə dair keçirəcəyi iclasda hər hansı qərar qəbul olunarsa, bu, daha çox deklorativ xarakter daşıyacaq. Politoloqun qənaətincə, sözügedən qərarın icrası tələb olunsa belə, Təhlükəsizlik Şurasının iki daimi üzvü Rusiya və Çin buna veto qoymaq hüququna sahibdirlər: “İstənilən icrası tələb olunan, yaxud da icraata yönləndirilməli olan qərara Rusiya və Çin veto qoyacaqlar. Rusiya Ukraynaya qarşı hərbi təcavüzün iştirakçısı və səbəbkarıdır. Rusiya imkan verməyəcək ki, istənilən beynəlxalq platformada onun təcavüzkar müharibəsinə və yaxud siyasətinə qarşı hər hansısa bir qərar qəbul edilsin. Odur ki, mən açığı bu iclasdan, müzakirədən heç bir şey gözləmirəm. Çünki Rusiya artıq Ukraynaya qarşı təcavüz siyasətinə başlayanda, yəni açıq müharibəyə keçməzdən əvvəl uzun müddət hibrid müharibə apardı. 2022-ci ilin fevralından isə açıq müharibəyə keçdi. Bu müharibə həm də ona işarə idi ki, Rusiya heç bir beynəlxalq rəyi nəzərə almır, o öz siyasətini həyata keçirməkdə israrrlıdır və bunu da etməkdədir. İndi hər hansı bir şəkildə geriyə çəkilmək Rusiya üçün məğlubiyyət deməkdir. Bunu isə Vladimir Putin hakimiyyəti heç bir halda məqbul hesab edə bilməz. Putinin mümkün sülh danışıqları ilə bağlı Kazanda verdiyi sonuncu bəyanat da göstərdi ki, Rusiya öz təcavüzkar mövqeyindən əl çəkmək niyyətində deyil”. Ə.Oruclu vurğulayıb ki, Rusiya beynəlxaq anlaşmalara öz hörmətsizliyini Ukraynaya hücum etməklə açıq şəkildə nümayiş etdirib: “Məlum Budapeşt sənədi, anlaşması var ki, həmin razılaşmaya BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü – ABŞ, İngiltərə, Rusiya, ardınca isə Fransa və Çin imza atıblar. Bu sənədə imza atan ölkələrdən biri də Ukrayna idi. Bu, SSR dağıldıqdan sonra Ukrayna ərazisinidə qalmış nüvə silahının Rusiyaya ötürülməsi, Kiyevin bununla da nüvə silahından imtina etməsi demək idi. Həmin sənədə əsasən, müqaviləyə imza atan beş dövlət, o cümlədən Rusiyanın özü Ukraynanın ərazi bütövlüyünə, onun suverenliyinə və təhlükəsizliyinə təminat verirdi. Amma Rusiya bunu pozdu. Yəni, Rusiya açıq-aşkar təcavüz siyasəti yürüdür. Onu hər hansı BMT qərarı ilə, qətnaməsi ilə dayandırmaq qeyri-mümkündür. Rusiyanı dayandırmağın yeganə yolu, onu məğlubiyyətə düçar etməkdir, künçə sıxmaq, iqtisadi böhrana salmaq, ona qarşı genişmiqiyaslı proqram həyata keçirməkdir ki, bunu da Qərb dövlətləri həyata keçirməyə çalışırlar. NATO üzvü olan ölkələr və onların müttəfiqləri, o cümlədən Cənubi Koreya, Yaponiya da bu prosesə qoşulub. Şimali Koreya hərbiçiləri də Rusiya tərəfdən döyüşməyə başlayıblar. Müharibə faktiki olaraq üzücü bir mərhələyə keçib”. Politoloq qeyd edib ki, müharibənin indiki vəziyyətini dəyərləndirsək, Rusiya uğurlar əldə etmiş görünür: “Lakin, bu uğurlar hansı mərhələyə qədər davam edəcək, bunu söyləmək çətindir. Çünki, Ukrayna yeni yardım paketi, daha müasir silah-sursat aldı. Amma, burda bir problem var ki, Ukrayna o silahlardan Rusiya ərazisində yerləşən hərbi obyektlərə qarşı istifadə edə bilməz. Qərb hələlik buna razılıq vermir. Mən düşünürəm ki, cəmi bir həftədən sonra, yəni ABŞ-də prezident seçkilərinin ardınca Qərbin bu qadağası da aradan qalxacaq, Kiyevə belə bir razılıq veriləcək. Bununla da Ukrynanın imkanları genişlənəcək. Ukraynanın arsenalında olan bugünkü NATO ölkələrinin silahları Rusiya silahlarından daha dəqiq və effektivdir. Müharibə bu mərhələyə keçəndə Rusiya əvvəlki kimi təşəbbüsü, üstünlüyü əlində saxlaya bilməyəcək. Yalnız Rusiyanın hərbi məğlubiyyəti, Ukrayna ərazisindən onun qovulması müharibənin sonunu gətirib çıxara bilər. Hələlik isə ortada nə məğlub, nə də qalib var. Müharibə davam edir və əgər dediyim şərtlər dəyişməsə, bu üzücü müharibə hələ xeyli davam edəcək. Bu arada, bir sıra dövlətlərin, o cümlədən də Türkiyənin dəstəyi ilə Ukraynanın öz hərbi sənayesi də inkişaf etməkdədir. Mən istisna etmirəm ki, müəyyən müddətdən sonra Ukraynanın heç Qərb dövlətlərinin silahlarından Rusiyanın dərinliklərinə istifadə etmə razılığına ehtiyac da qalmayacaq. Ukrayna vaxtilə hərbi sənayesi ən güclü olmuş ölkələrdən biridir. Dünyada ən güclü raketlər istehsal edən zavodlardan biri Yurmaj Ukraynanın ərazisindədir. Ukrayna mütəxəssislərinin fikrincə, bu gün də o potensialı pərpa etmək olar. Ukrayna da bunu etməkdədir. Yalnız bunlar həyata keçirildikdə, Ukrayna öz dəqiq və uzaq vuran silahlarını istehsal etdikdə, Rusiya reallıqla hesablaşmalı olacaq”. Nailə QASIMOVA

Bizə qoşulun