Medianews.az
Müxalifət kütləvi etirazlara ÇAĞIRIŞ ETDİ: <span style=color:red>Paytaxtda İNQİLAB AB-HAVASI
104 baxış

Müxalifət kütləvi etirazlara ÇAĞIRIŞ ETDİ: Paytaxtda İNQİLAB AB-HAVASI

Gürcüstanda parlament seçkisində səslərin sayılması prosesi ötən gün axşam başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) bu barədə yaydığı məlumatda qeyd olunub ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92% səs toplayıb. Dörd müxalifət partiyaları cəmi 37,78% səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04%; "Vahidlik - Milli Hərəkat" 10,16%; "Güclü Gürcüstan" 8,81%; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77% səs yığıb. Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib. Səsvermənin nəticələri elan olunduqdan sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçkilərin legitimliyinin təsdiqləndiyini bəyan edib. O, beynəlxalq müşahidə missiyalarının rəhbərlərinin iştirakı ilə keçirilən mətbuat konfransını dinlədiyini diqqətə çatdırıb. Deyib ki, bütün müşahidəçilər ölkədəki seçkilərin legitimliyini təsdiqləyib. Gürcüstan Prezidenti Salome Zurabişvili isə vətəndaşları bazar ertəsi, yəni bu gün Bakı vaxtı ilə saat 19:00-da Tbilisidə parlament binası qarşısında seçkilərin nəticələrinə etiraz etməyə səsləyib. Brifinqdə çıxış edən S.Zurabişvili aksiyanın dinc xarakter daşıyacağını, dünyaya və ölkə ictimaiyyətinə bu seçkilərin tanınmadığını nümayiş etdirəcəyini vurğulayıb. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtının çatdığını bildirib. O, sosial media üzərindən bildirib ki, heç kim parlamentə getməməli, hamı paytaxtda kütləvi etirazlara qoşulmalı, azadlıq uğrunda, ədalətsizliyə qarşı mübarizə aparmalıdır. Qonşu ölkədəki son proseslər, inqilab çağırışları ilə bağlı fikirlərini Medianews.az-a bölüşən siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Gürcüstanda keçirilən parlament seçkiləri gözlənilən nəticə ilə başa çatıb. Onun sözlərinə görə, “Gürcü Arzusu”nun nüfuzu ölkədə yüksəkdir: “Düzdür, bəzi böyük şəhərlərdə iqtidar partiyasının nüfuzu aşağı düşüb. Bu da seçkilərin nəticələrinə təsir göstərib. Əvvəlcədən də bu barədə proqnozlar var idi. Başda Tbilisi olmaqla, ölkənin böyük şəhərlərində “Gürcü Arzusu” partiyası seçkiləri uduzub, bu bölgələrdə müxalifət qalib gəlib. Fikrimcə, bu, yerli idarəetmə orqanlarında seçkilərə təsir edə bilər. Çox böyük ehtimala gələn seçkilərdə, yəni yerli özünü idarəetmə orqanlarında keçirilən seçkilərdə Tbilisi şəhərinin meri dəyişəcək və o, müxalifətdən seçiləcək. Bu seçki Gürcüstanda yeni simaların üzə çıxmasına da səbəb oldu. Giorgi Qaxariya, Mamuka Xazaradze, Nika Melia kimi siyasətçilər üzə çıxdılar. Hətta Melia eks-prezident Mixeil Saakaşvilinin müxalif Vahid Milli Hərəkat Partiyasının sədri idi. O, bu seçkilərdə daha da populyarlaşdı. Bunun da əsas səbəbi Prezident Salome Zurabişvilinin müxalifətdə məhz Melia və komandasına dəstək verməsi idi. İstənilən halda beynəlxaq müşahidəçilər, ATƏT-in hesabatı onu göstərir ki, Gürcüstandakı seçkilər demokratik keçib. Düzdür, bəzi yerlərdə qanun pozuntularının olduğu qeyd edilir. Həmin yerlərdə də bu seçki nəticələrinə təsir göstərməyib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası həmin nəticələri dairələrdə ləğv edib. Lakin bu, ümumi seçki nəticələrinə təsir edəcək bir pozuntular deyil”. Siyasi şərhçi qeyd edib ki, Prezident S.Zurabişvilininn bəyanatı, ölkədə mitinqlərin olacağı, iqtidarın mümkün qələbəsi barədə proqnozlar əvvəlcədən olub: “Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili və həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili indiki iqtidara qarşı müxalifdir. Yəni, bu etirazlar onsuz da gözlənilən idi. Ancaq nə qədər effekt verəcək, bu, şübhəlidir. Çünki müxalifətin əsas elektoratı paytaxt Tbilisidə və digər bölgələrdə, əsasən iri şəhərlərdədir. Amma əhalinin böyük əksəriyyəti məhz kəndlərdə, aqrar rayonlarda yerləşib. Onlar da çox güclü şəkildə iqtidar komandasını dəstəkləyirlər. Bəli, ola bilər ki, Tbilisidə insan kütləsi müəyyən qədər yığıla bilər. Dediyim kimi, Tbilisidə müxalifət güclüdür, ancaq bunun hansısa inqilaba və ya çevrilişə gətirib çıxaracağını gözləmək çətindir. Gürcüstanda belə gərgin mənzərə bir xeyli müddət davam edəcək. Beynəlxalq ictimaiyyət seçki nəticələrini demək olar ki, tanıyıb. Sadəcə olaraq Qərbdən bəlli, ziddiyyətli açıqlamalar gəlir. Əgər Qərb institutları seçki nəticələri barədə müsbət bəyanatlar verirlərsə, düşünürəm ki, Qərb dövlətləri də artıq seçki nəticələrini tanımalıdır. Fikrimcə, bu, belə də olacaq. Bununla da inqilab baş tutmayacaq. Fakt onu göstərir ki, Gürcüstan xalqı indiki hökuməti seçdi və onunla yola davam etdi”. Nailə QASIMOVA

Bizə qoşulun