Medianews.az
Türk sərmayəsi QARABAĞDA: <span style=color:red>İnvestisiya yatırılan PRİORİTET SAHƏLƏR - MÜSAHİBƏ + FOTOLAR
87 baxış

Türk sərmayəsi QARABAĞDA: İnvestisiya yatırılan PRİORİTET SAHƏLƏR - MÜSAHİBƏ + FOTOLAR

Qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli missiyanı öz üzərinə götürən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat Medianews.az-ın suallarını cavablandırıb. Azərbaycan və Türkiyə  arasındakı iqtisadi əlaqələri yüksək qiymətləndirən, lakin bunun yetərli olmadığını diqqətə çatdıran H.Büyükfırat ikitərəfli iqtisadi münasibətlərin cari durumu haqqında fikirlərini bölüşüb və mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atıla biləcək addımlardan danışıb. Onunla müsahibəni təqdim edirik: - Hüseyn bəy, Qarabağın işğaldan azad edilməsindən sonra bütün hədəflər ərazilərdə infrastrukturun qurulmasına, oraya köçəcək insanların həyat şəraitinin yaxşılaşdırılmasına və bölgənin iqtisadi inkişafının təmin olunmasına yönəlib. İqtisadi canlanma üçün bir sıra layihələr həyata keçirilib. Müxtəlif şirkətlər, o cümlədən türk iş adamları da bu prosesdən kənarda qalmayıblar. Maraqlıdır, türk iş adamlarının azad edilmiş ərazilərdə hansı fəaliyyətləri var? - İkinci Qarabağ müharibəsindəki Böyük Zəfərdən sonra işğaldan azad olunan torpaqlarda daha çox yol infrastrukturunu bərpa etmək lazım idi. Qısa müddət ərzində “Zəfər yolu”nun inşası həyata keçirildi. Yol genişləndirildi və gediş-gəliş təmin olundu. Bu layihədə Türkiyəyə məxsus şirkətlər iştirak etdi. Çünki onlar Azərbaycanın azad edilmiş ərazilərində müxtəlif sahələrdə ərazilərin yenidən qurulmasında fəal şəkildə iştirak edirlər. Eyni zamanda Zəngəzur dəhlizi dəmir yolunun layihələndirmə və tikinti işləri davam edir, tunellər tikilir, körpülər salınır. Artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərən logistik şirkətlər layihənin icrasında mühüm rol oynayırlar. Şəxsi yanaşmam bundan ibarətdir ki, prosesin icrası zamanı üstünlük Azərbaycanın ən çətin illərindən burada məskunlaşan, məşğulluq və insanlara iş imkanlarının təmin edilməsi yönündə çalışan şirkətlərə verilsin. Qarabağın yenidən qurulması yönündə Azərbaycanla yanaşı, Türkiyə və digər ölkələrin də şirkətləri fəaliyyət göstərirlər. Əsas məqsəd bölgənin iqtisadi inkişafının təmin olunması, məskunlaşmanın sürətlənməsidir. Bu məsələyə də məlum olduğu kimi, Azərbaycan Prezidenti özü nəzarət edir, bölgələrə tez-tez səfərlər gerçəkləşdirir. Ümid edirik ki, yaxın zamanda işlər yekunlaşacaq və sakinlər öz doğma yurdlarına qayıdacaqlar. Ərazilər yaşamaqla yanaşı, həm də turizm üçün olduqca əlverişlidir. Mən ötən həftə Kəlbəcərdə səfərdə ikən bunun canlı şahidi oldum. Əminəm ki, görülən işlər bitdikdən sonra Qarabağ regionun ən gözəl, müasir turizm məkanlarından biri olacaq. - Türkiyə şirkətləri ölkəmizə hansı yeni istiqamətlər üzrə sərmayə qoymağı planlaşdırırlar və bu yöndə nə kimi addımlar atılır? - Hazırda ən aktual istiqamət Azərbaycan və Türkiyənin dövlət siyasəti olaraq dəyərləndirilən müdafiə sənayesi şirkətlərinin burada həyata keçirdiyi fəaliyyətdir. Bununla yanaşı, inşaat, xidmət sektoru adlandırdığımız sahələr, kənd təsərrüfatı da şirkətlərin sərmayə qoyduğu əsas istiqamətlərdəndir. Son zamanlar kənd təsərrüfatı sahəsinə də marağın artdığını müşahidə edirik. Şirkətlər məhsuldarlığı artırmaq üçün yeni texnologiyaların tətbiqi və aqrar sektorda modernləşmə layihələri həyata keçirməyi hədəfləyirlər. Günəş və külək enerjisi istehsalına sərmayə qoymaq onların maraq dairəsi daxilindədir. Nəqliyyat dəhlizləri və infrastruktur sahəsində də Bakı-Tbilisi-Qars dəmir yolu kimi mövcud nəqliyyat dəhlizlərinin genişləndirilməsində və yeni logistika mərkəzlərinin yaradılmasında Türkiyə şirkətləri yeni sərmayələr yatırmağı planlaşdırırlar. Bu yöndə işlər aparılır. Məlum olduğu kimi, Türkiyə turizm sektorunda da geniş təcrübəyə sahibdir. Bu yöndə də Azərbaycana investisiya yatıra bilər. - Son 20 ildə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, xüsusən də xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində ciddi nəticələr əldə olunub. Bu, iki ölkənin beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz və əlaqələrin daha da inkişafı üçün hansı imkanlar var? - Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlayıb. Hər iki ölkənin strateji tərəfdaşlığı bu artımın davam etməsini təmin edir. Ötən il ticarət dövriyyəsi 7,6 milyard ABŞ dollarını ötüb və bu, iqtisadi əlaqələrin güclü olduğunun bariz göstəricilərindəndir. Hər iki ölkə arasındakı mövcud iqtisadi əlaqələr yüksək səviyyədədir. Lakin yetərli deyil. Mövcud əməkdaşlıq sahələrini genişləndirmək mümkündür. İş adamları və şirkətlərin yeni layihələrə sərmayə qoymasını bir qədər asanlaşdırmaq üçün güzəştli kreditlər və ya birgə investisiya fondları tətbiq edilə bilər. Düşünürəm ki, bu, xüsusilə azad edilmiş ərazilərdəki layihələrə yönəldildiyi halda ticarət dövriyyəsinin artmasında əhəmiyyətli yer tutacaq. Eyni zamanda nəqliyyat logistikasının yaxşılaşdırılması, yeni logistika həllərinin tətbiqi ticarət əlaqələrinin daha da möhkəmlənməsinə yardımçı ola bilər. Marşrutlar və tranzit yollarının yaradılmasının, gömrük prosedurlarının optimallaşdırılmasının ticarət axınlarını sürətləndirəcəyinə inanıram. Sirr deyil ki, uzun illərdir Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq xüsusən xarici ticarət və investisiya qoyuluşu istiqamətlərində daha çox inkişaf edib. Pandemiyadan sonra dəyişən yeni dünya nizamı fonunda artıq diqqət daha çox istehsala yönəlməlidir. Hər bir ölkənin ən ümdə istəyi öz torpaqlarında istehsalın olması ilə bağlıdır. Hesab edirəm ki, Türkiyə bu xüsusda keçmiş Sovet İttifaqı ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə (MDB) və bütün regiona ixracı nəzərə alaraq investisiyaların həcmini artırmalıdır. Reallıq budur ki, bu gün Türkiyənin Azərbaycan və MDB məkanına daha çox məhsul ixrac etmək potensialı var. Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiyaların təşviqi və strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi hesabına mümkündür. Logistika bazar mövqeyinin möhkəmləndirilməsi və rəqabət mübarizəsində üstünlüklərin təmin edilməsi üçün mühüm bir məqamdır və səbəbdir. Bütün bunları nəzərə alsaq deyə bilərik ki, böyük türk şirkətlərinin sözügedən bölgələrdə istehsal imkanlarını artırması vacibdir. - Sədri olduğunuz TÜİB-in iki ölkə arasında əlaqələri daha da inkişaf etdirmək üçün nə kimi təklifləri var? - Ötən il Bakıda TÜİB-in təşkilatçılığı və türkiyəli iş adamlarının iştirakı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu baş tutdu. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Prezidentinin Maliyyə idarəsinin müdiri Göksəl Aşan, kənd təsərrüfatı nazirliyi, sənaye və texnologiya nazirliyi kimi qurumların rəsmiləri, mütəxəssis və iş adamları bu tədbirə qatıldılar. Forumun baş tutmasında əsas məqsəd iki ölkənin iş adamları arasında ortaq platformalar yaratmaq, onları birgə əməkdaşlıq etməyə, investisiya yatırımlarına təşviq etmək, məhsuldar məşğulluğu artırmaq, tərəflərin məmnun qalmasını təmin etməkdir. Eyni zamanda Azərbaycandakı investisiya imkanları və fürsətlərini Türkiyədə fəaliyyət göstərən iş adamlarına çatdırmaq da hədəflərimiz sırasındadır. Biz TÜİB olaraq ölkələr arasındakı mövcud iqtisadi əlaqələrin körpüsü rolunda çıxış edirik. 100-dən çox üzvü olan birliyin tərkibində maliyyə, inşaat, kənd təsərrüfatı və qida, logistika-gömrük, səhiyyə, turizm və xidmət, sənaye və ticarət sahələrini əhatə edən 7 aktiv komissiya fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycan Türkiyədə nə qədər çox tanıdılsa, ticarət həcmimiz də bir o qədər artmış olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında iqtisadi və sosial münasibətlərə töhfə verməyə çalışırıq. Bu yöndə də iqtisadi artımlar müşahidə edilir. Söhbətləşdi: Ayşən RƏHİM Foto: Fərid ABBASOV

Bizə qoşulun