Medianews.az
Xəzərdə fəlakətli DAYAZLAŞMA: <span style=color:red>Su altından üzə çıxan TARİXİ QALA - FOTOLAR
128 baxış

Xəzərdə fəlakətli DAYAZLAŞMA: Su altından üzə çıxan TARİXİ QALA - FOTOLAR

Bu bazar ertəsi Bakıda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə mətbuata bəyanatlarla çıxış edərkən Xəzər dənizinin ekoloji vəziyyətinə diqqət çəkiblər. Prezident İlham Əliyev bildirib ki, rusiyalı həmkarı ilə hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi aparıb. “Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik”, - deyə o qeyd edib. Prezident bildirib ki, mümkün ekoloji fəlakətin qarşısını almaq üçün birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəlinib. Maraqlıdır, Xəzər dənizindəki ekoloji fəlakətin qarşısını almaq üçün Rusiya Azərbaycanla, eləcə də digər Xəzəryanı ölkələrlə birlikdə hansı tədbirlər görə, mövcud vəziyyəti müsbətə doğru dəyişə bilər? Bunun üçün nə edilməlidir, Rusiya və digər ölkələrin hansı imkanları var? Ümumiyyətlə, süni müdaxilələrə Xəzər dənizindəki ekoloji fəlakətin qarşısını almaq mümkündürmü, yoxsa təbiət hadisəsi olaraq özü-özünü tənzimləməsini gözləməliyik? Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru, ekoloq-alim Rövşən Abbasov Medianews.az-a bildirib ki, prezidentlərin görüşündə məhz Xəzər dənizinin ekoloji vəziyyətinin gündəmə gəlməsi, Xəzərin səviyyəsinin çəkilməsi ilə bağlı problemlərin müzakirə olunması çox ürəkaçandır, sevindiricidir. Onun sözlərinə görə, Xəzər dənizinin problemlərinin həllində əsas rollardan biri Rusiyanın üzərinə düşür: “Rusiya ərazisinə görə Xəzər hövzəsinin ən böyük bir hissəsini tutan ölkədir. Xəzər dənizinə ən böyük çay - Volqa çayı məhz Rusiya ərazisindən gəlir. Rusiya ərazisində həm Xəzər dənizinin ekoloji vəziyyətinə, həm də səviyyəsinə olan təsirlər digər ölkələrlə müqaisədə daha çoxdur. Hesab edirəm ki, Xəzər dənizinin problemlərinin həllində əsas rollardan biri Rusiyanın üzərinə düşür. Hal-hazırda yəqin ki, gələcəkdə Xəzər hövzəsinin inteqrasiyalı planlaşdırılması aparılmalıdır. Xəzər hövzəsində bütün sugötürmə mənbələrinin inventarlaşdırılması, bütün çirklənmə mənbələrinin siyahıya alınması aparılmalıdır. Yalnız bundan sonra çox böyük bir məlumat bazası hazırlanmalıdır. Bu məlumat bazası əsasında əlbəttə ki, Xəzər hövzəsində sudan istifadə edən, Xəzəri çirkləndirən bütün maraqlı tərəflərin xəritələşdirilməsi aparılmalıdır. Bu xəritələşdirmə fonunda toqquşan maraqlar, kəsişən maraqlar müəyyən edilməli və məhz bundan sonra Xəzər hövzəsinin inteqrasiyalı idarə etmə sistemi hazırlanmalıdır”. R.Abbasov deyib ki, bu idarəetmə sistemlərinin hazırlanmasıda Xəzəryanı beş ölkənin ekspertləri bərabər şəkildə iştirak etməlidirlər: “Onlar arasında əməkdaşlıq gücləndirilməlidir. Baxmayaraq ki, Xəzər dənizinin problemlərinə aid elmi işlər əvvəllər kifayət qədər olub, lakin bu işlər daha çox təsviri xarakter daşıyıb. Biz Xəzərin problemlərini sadəcə öz elmi məqalələrimizdə, öz işlərimizdə sadəcə təsvir etmişik. İndi isə bu təsvirçilikdən hərəkətə keçmək vaxtıdır. Hərəkətə keçmə hansı işləri ehtiva etməlidir? Əlbəttə ki, Xəzər hövzəsində sudan, torpaqdan istifadənin düzgün planlaşdırılması, düzgün idarə edilməsi məsələlərini. Bundan ötrü elmi fondlar gücləndirilməlidir. Xəzər ətrafı ölkələrdə yaşayan elm adamlarının fəaliyyəti üçün maliyyələşdirilmə aparılmalıdır. Xəzərin problemləri işıqlandırılmalı və həll yolları göstərilməlidir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov da Medianews.az-a açıqlamasında söyləyib ki, Xəzər dənizinin səviyyəsində son onilliklərdə ciddi azalma müşahidə olunur və bu, ciddi narahatlıq doğurur. Onun fikrincə, Xəzər, qapalı su hövzəsi olduğu üçün səviyyəsindəki dəyişikliklər təbii proseslərlə yanaşı, antropogen təsirlərlə də bağlıdır: “Tarixi məlumatlara görə, dəniz səviyyəsi dövri olaraq dəyişir. 13-cü əsrdə quruda tikilən Səbail Qalası suyun qalxması nəticəsində su altında qalmış və sonrakı əsrlərdə müxtəlif dövrlər ərzində yenidən üzə çıxmışdır. Son onilliklərdə dəniz səviyyəsində 2,29 metr azalma qeydə alınıb. Bu prosesin əsas səbəbləri arasında iqlim dəyişikliyi, artan buxarlanma, çay axımının azalması və insan fəaliyyəti göstərilir. Dənizə tökülən çaylarda suyun azalması fonunda su anbarları və hidrotexniki qurğuların planlaşdırılması zamanı çayların ekoloji axımının nəzərə alınması vacibdir. Bu hadisələr suyun idarə edilməsi və iqlim dəyişikliyinə uyğunlaşma sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini önə çəkir”. Şöbə müdiri vurğulayıb ki, Xəzər dənizindəki ekoloji problemlərin həlli istiqamətində sahilyanı ölkələr arasında əməkdaşlıq əsas əhəmiyyət kəsb edir: “Bu əməkdaşlığın mühüm elementlərindən biri 2003-cü ildə imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasıdır (Tehran Konvensiyası). Konvensiya Xəzər dənizində ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilməsi məqsədilə beş Xəzəryanı ölkə - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında imzalanmış ilk hüquqi sənəddir. Tehran Konvensiyası çərçivəsində ölkələr dənizin çirklənməsinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunması, su ehtiyatlarının davamlı istifadəsi və bütövlükdə Xəzər dənizinin ekosisteminin mühafizəsi istiqamətində öhdəliklər götürmüşdür. Bu Konvensiya çərçivəsində Xəzər dənizinin ekosisteminin monitorinqi və qiymətləndirilməsi üzrə birgə fəaliyyətlər həyata keçirilir. Bununla yanaşı, dənizin səviyyə dəyişiklikləri və iqlim dəyişikliyinin təsirləri də diqqət mərkəzindədir”. ETSN rəsmisi diqqətə çatdırıb ki, mövcud vəziyyətin qarşısının alınması, ona uyğunlaşmaq üçün Xəzər hövzəsi üzrə iqlim ssenariləri və onlara əsasən səviyyə dəyişikliklərinə dair proqnozlar hazırlanmalı, birgə tədbirlər həyata keçirilməlidir: “Bu baxımdan su itkilərinin azaldılması, müasir suvarma metodlarının tətbiqi və çirkab sularının təmizlənərək təkrar istifadəsi kimi tədbirlər olduqca önəmlidir. Regionda meşə sahələrinin artırılması da çayların sululuğunu qorumaq üçün vacibdir. Ölkəmiz tərəfindən Xəzər səviyyəsinin dəyişməsi ilə bağlı müxtəlif beynəlxalq platformalarda məsələ qaldırılaraq bu sahə həmişə diqqət mərkəzində saxlanılıb. Xüsusilə son illərdə səviyyənin düşməsi ilə bağlı vəziyyəti elmi cəhətdən müzakirə etmək üçün Xəzəryanı ölkələrin və beynəlxalq təşkilatların iştirakı ilə konfranslar təşkil edilib. Eyni zamanda COP29 İqlim Fəaliyyəti Gündəliyində Xəzərlə bağlı tədbirlər planlaşdırılır”. Kamilə ORUCOVA Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun