İstedadlı
tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb.
Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.
Yazının əvvəli
15 avqust 2024-cü ildə Medianews.az saytında dərc olunub.
Üzə duranlar faktiki olaraq, cəmiyyət tərəfindən yaxşı qarşılanmırdı. Sanki hamı bu qrupun kimin quyusuna su tökdüyünü artıq başa düşmüşdü.
Məsələn, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (1954-cü il fevral ayının 12-də keçirilən Azərbaycan Kommunist Partiyasının qurultayının protokolları - A.M.) ikinci katibi Vitali Səmədov M.C.Bağırova qarşı hücuma keçərək onu aşağıdakı şəkildə ittiham edirdi: “Bağırov bizə tapşırırdı ki, orta məktəb dərsliklərində Anastas Mikoyanın adı çəkilməsin, Partiya İnstitutu Stepan Şaumyanın adı ilə çağırılmasın. O, Serqo Orconikidze barədə qərəz və kinayə ilə danışırdı”.
Bu, həmin Serqodur ki, Dağlıq Qarabağın taleyi həll olunanda Qarabağın Ermənistana verilməsinə tərəf çıxıb, buna qarşı duran Nəriman Nərimanovu bir müddət sonra real siyasi hakimiyyətdən uzaqlaşdırmağa nail olub. Kremlin divarları arasında səsi eşidilməyən, heç bir yüksək səlahiyyəti olmayan, koma vəziyyətindəki Leninə Stalindən şikayət məktubları yazan Serqo sonda onun ölümünə səbəb olub.

Yaxud, həmin qurultayda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərov M.C.Bağırovun əlinin çörəyini yemiş Məmməd İskəndərovla baş-başa verərək, erməni mənşəli Astvatsaturovu – “Orconikidzeneft”in keçmiş rəisini, Mravyanı – “Stalinneft” trestinin keçmiş rəisini, Ter-Minasovu – “Buzovnaneft”in keçmiş baş mühəndisini Azərbaycandan qovduğuna görə M.C.Bağırovu ittiham edirdilər. Bu insanlar Mikoyana xoş gəlmək üçün sanki yarışa girmişdilər. Çünki Mikoyanın görən gözü, eşidən qulağı A.Sarkisov Dağlıq Qarabağ Muxtar Vilayətindən qurultayda nümayəndə kimi iştirak edirdi.
Bu adam qurultayda aparılan müzakirələri istiqamətləndirirdi. Misal üçün, A.Sarkisov deyirdi: “1952-ci ildə Bağırovun təklifi ilə Azərbaycan KP MK-nın Bürosu Marksizm-Leninizm İnstitutlarında tədrisin ermənicə aparılmasını ləğv edib, Bakıda, Kirovabadda (Gəncədə), Naxçıvanda, Stepanakertdə (Xankəndidə) tədrisin ancaq rus dilində aparılması qərara alınıb. Bunun nəticəsində biz Stepanakertdə universitetin erməni bölməsini bağlamalı olduq. Bağırov millətçi idi, həm də xüsusi tipə mənsub millətçi idi. O, digər millətlərin təkcə kadrlarını deyil, mədəniyyətini də bəyənmirdi. Bakıda erməni teatrının bağlanması dediklərimə parlaq sübutdur”.

O, həmçinin M.C.Bağırovu daşnak mərkəzi olan Stepanakert Müəllimlər İnstitutunu bağlamaqda ittiham edirdi. Təsadüfi deyil ki, bu istiqamətləndirici çıxışdan sonra qurultaydakı bütün çıxışlar Mikoyanın müdafiəsi üzərində qurulmağa başladı. Mərkəzi Komitənin elm və mədəniyyət şöbəsinin müdiri H.Həsənovun çıxışını oxuyanda, onun sağlam azərbaycanlı şüuruna sığmayan fikirlərinə görə xəcalət çəkməli olursan. Görün o, çıxışında nə deyirdi: “Bağırov “Azərbaycan tarixi” dərsliyindən Mikoyanın, Orconikidzenin, 26 Bakı Komissarının adlarını çıxarmaq barədə göstəriş verməklə kifayətlənmirdi. Şəxsən öz əli ilə bu adların üstündən xətt çəkirdi. Yadımdadır, mənim iştirak etdiyim yığıncaqda Bağırov həmin dərsliyi hazırlamış müəlliflərin üstünə çığırdı ki, nə üçün onun göstərişlərinə əməl edilməyib, həmin adlar dərslikdən çıxarılmayıb?”
Yəni, yuxarıdakı misalları çəkməkdə məqsədim odur ki, Mikoyan başda olmaqla erməni siyasi elitası M.C.Bağırovu həm Azərbaycanda, həm də Cənubi Azərbaycanda apardığı milli siyasətinə və Dağıstanı Azərbaycana birləşdirmək istədiyinə görə onu bağışlamayacaqdılar. Bu baxımdan, 1954-cü il fevralın 12-dən 16-na kimi davam edən qurultayda yuxarıda qeyd etdiyim çıxışların ana xətti Mikoyana yarınmaq, Bağırovun azərbaycanlılaşdırma siyasətinə görə ermənilərdən üzr istətdirmək tələbi üzərində qurulmuşdu. Ona görə də bu qrup, nüfuzdan düşən avtoritetləri bərpa etmək üçün onların milli ruha, milli dəyərlərə bağlı olduqlarını göstərməyə çalışırlar. Azərbaycan dili məsələsini gündəmə gətirirlər. Və yazışmaların Azərbaycan dilində aparılmasını Mərkəzi Komitənin qərarına salırlar.

Bu barədə görkəmli alimimiz Musa Əliyevin xatirələri təqdirəlayiqdir. Musa Əliyev bu qrupu və onun rəhbərini “təsadüfi insanlar, siyasətdən başı çıxmayan dar düşüncəli, kinli və qisasçı” adlandırırdı. Bu insanlar o qədər səhv addımlar atırdılar ki, bunları düzəltmək üçün çox uzun illər lazım gələcəkdi (Öz dəst-xətti ilə Musa Əliyevin gündəliyi. Bakı 2022-ci il (rus dilində, səh. 313).
Mir Cəfər Bağırova ölüm hökmü kəsildikdən sonra, daha doğrusu, güllələnmə qərarından sonra, onun oğlu Cen Bağırov öz müraciətində Mir Cəfərin şəhid atası olduğunu, partiya və dövlət qarşısında xidmətlərini nəzərə alıb, güllələnmə hökmünün dəyişdirilməsini xahiş edir.
Sonra onun vəkili V.Qavrilov (əlbəttə ki, Mir Cəfər Bağırovun özü yox, – A.M.) SSR-in Ali Sovetinin sədrinə müraciət edir.
Baxın:
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Vororşilova V.N.Qavrilovdan əfv ərizəsi.
26 aprel 1956-cı il.
Vəkil Qavrilov Vladimir Nikolayeviç,
Moskva, Kuybışev küçəsi 4, otaq 69, məsləhətçi. Bağırov Mir Cəfər Abbasoviçin müdafiəçisi.
Əfv ərizəsi
Bu il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Bakı şəhərində məhkum Bağırovun işinə baxaraq onu müqəssir hesab etmiş və ona ən ağır cəza – güllələnmə hökmünü vermişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrindən xahiş edirəm ki, M.C. Bağırovun güllələnmə hökmü yüngül cəza ilə əvəz olunsun.
Möhür: Vəkil Qavrilov
26 aprel 1956-cı il.

(Rusiya Dövlət İctimai-Siyasi Partiya Arxivi – RDİSA, f. 17, siy. 171, iş. 479, səh. 46 – 48).
SSRİ Ali Soveti Rəyasət Heyətinin
QƏRARI
Bağırov Mir Cəfər Abbasoviçin (təvəllüdü 1896-cı il, Azərbaycan SSR, Quba şəhəri), əfv ərizələri rədd edisin!
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrı – K.Voroşilov,
SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi – Н.N.Peqob
Moskva, Kreml.
çap. 53 nüsxə.
İş. № ЛП-2028.
Sonradan isə Mir Cəfər Bağırov özü də məktub yazır, hərçənd, bu məktub bir az şübhəlidir. Çünki mən o arxiv sənədin orijinalını görmüşəm, Bağırovun qolu orada görünmür. Çox güman ki, Bağırov sona qədər inadından əl çəkmir, yəni, heç bir əfv olunması barədə müraciət etmir. Ola bilsin ki, onun adından vəkili V.Qavrilov mətni yazır. Amma belə müraciət olmuşdur və sonrakı mərhələdə isə hətta Sovet İttifaqı Kommunist Partiyası Rəyasət Heyətinin qapalı iclasında bu məsələ müzakirə olunur. Bunu təsdiq edən sənədlər də var.
Bu müzakirədə A.Mikoyan Mir Cəfər Bağırovun güllələnməsinin dayandırılması məsələsini qaldırır. Əlbəttə, burda da Mikoyanın öz oyunu var idi. Yəni, Mir Cəfər Bağırovun güllələnməsində erməni daşnaklarının və məlum xəttin rolunun izlərini itirməyə çalışırdı.

Qeyd etdiyim kimi bu məsələ Sovet İKP MK Rəyasət Heyətinin iclasında qaldırılır, amma bu barədə qərar müsbət olmur və hökm qüvvədə qalır.
Yenidən biz əsərimizin qəhrəmanına qayıtsaq, biləcəyik ki, 14 may 1956-cı il SSRİ Ali Təhsil Nazirliyinın Ali Attestasiya Komissiyası tərəfindən Əziz Əliyev səhiyyənin təşkili üzrə professor elmi dərəcəsini alır. O, 1957-ci ilin 30 noyabrında uzunmüddətli və qüsursuz xidmətinə görə, həmçinin həkimlik fəaliyyətinin 30 illiyi münasibətilə Azərbaycan SSR səhiyyə nazirliyinin Fəxri fərmanı ilə təltif edilir. 1960-cı ildə isə Azərbaycan SSR-in Əməkdar həkimi fəxri adına layiq görülür. 1956-cı ildən ömrünün sonuna qədər (27 iyul 1962-ci il) Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışır.
Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyev 27 iyul 1962-cı ildə əbədiyyətə qovuşur.
1962-cı il 27 sentyabr Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Həkimləri Təkmilləşdirmə İnstitutuna Əziz Əliyevin adı verilir.

Bu günlərdə Dağıstan paytaxtının küçələrindən birinə görkəmli dövlət xadimi Əziz Əliyevin adı verilib. Yaşadığı evdə və adını daşıyan küçədə xatirə lövhələri asılıb. Azərbaycan dövlətinin köməyi ilə Mahaçqalada Əziz Əliyev küçəsinin girişində park salınıb, Dağıstanın və Azərbaycanın görkəmli dövlət xadiminin xatirəsinə minnətdar övladlarından ehtiram əlaməti olaraq onun yeni abidə kompleksi ucaldılıb.
Bəli, Əziz Əliyevin məsul dövlət vəzifələrindəki xidmətləri layiqincə qiymətləndirilib. O, dəfələrlə müxtəlif orden və medallarla təltif edilib. Lakin onun əsas mükafatı Dağıstan və Azərbaycan xalqlarının ona olan əziz xatirəsidir.
Azərbaycanın dahi oğlunun müqəddəs xatirəsi otaylı-butaylı azərbaycanlıların, eləcə də dağıstanlıların qəlbində əbədi yaşayacaq.