Medianews.az
Azərbaycanlı psixoloqdan estetik əməliyyatlar edənlərlə bağlı <span style=color:red>ŞOK AÇIQLAMALAR
137 baxış

Azərbaycanlı psixoloqdan estetik əməliyyatlar edənlərlə bağlı ŞOK AÇIQLAMALAR

"İnsanlarımız ailə problemləri olan zaman psixoloqlara deyil, falçılara, mollalara müraciət edir"

Bu gün dəyişən və gərgin dünyamızın yaratdığı problemlərin fonunda psixoloqa müraciət edənlərin sayı artmaqdadır. Daim stress,əsəb, qayğılar insanları bu sahənin mütəxəssislərinə üz tutmağı vadar edir. Psixoloq- konsultant Kamil Həmidov Medianews.az –a müsahibəsində bu gün psixoloqların insan həyatındakı rolundan danışıb. - İlk öncə Psixoloq kimdir? -Psixoloq akademik təhsil müəssisələrində, ali məktəblərdə, universitetlərdə “Psixologiya” ixtisası üzrə təhsil alan və bitirən mütəxəssisdir. Bəzən, onun işini digər psixi sağlamlıq mütəxəssisi – psixiatrla qarışıdırırlar. Halbuki, psixatr psixopatoloji pozuntular zamanı müdaxilə edərək müayinə və müalicə ilə məşğul olur. Psixoloqla paylaşdıqları sahə isə “psixoterapiya” (yəni sözlü müalicə) sahəsidir. Psixoloqun tibbi təhsili olmadığına görə pasientə dərman perapatı təyin edə bilməz. -Psixoloq hansı problemlərin həllində insanlara kömək edə bilər? - Psixoloqun məqsədi ona müraciət edən insanın problemini həll etməkdə yardımçı olmaqdı. Psixoloq həm nevrotik problemlərin, həm də gündəlik həyat problemlərinin həllində insanlara yardımçı ola bilər. Amma bu yardım spesifik yardımdır. Yəni, psixoloq yardıma ehtiyacı olana problemdən çıxış yolunu adamın özünün tapması üçün intervensiyalar edir, nəticədə şəxs əvvəllər onun üçün qarmaqarışıq olan çıxış yolunu və ya yollarını aşkarlayır. Psixoloqa adətən insanlar müəyyən olaya görə təşviş, gərginlik keçirəndə, xüsusi fobiyalarını, məsələn, müəyyən predmetlərdən, heyvanlardan, açıq ərazilərdən, qapalı ərazilərdən, insanlar içərisində özlərində ifadə etmək qorxduqda və ya panikaya düşdükdə, gerçəklik ehtimalından uzaq ölüm qorxusu yaşayarkən müraciət edirlər. Bir qism adamlar isə təkbaşına qurtula bilmədikləri, təkrarlanan avtomatik ideyalar, fikirlər, davranışlar səbəbi ilə müraciət edirlər. Psixologiyada ona obsessiv-kompulsiv pozuntu deyilir. Bilirsiniz ki, son zamanlar insanlar müəyyən bədən üzvlərini korreksiya etmək üçün plastik cərrahiyə əməliyyatlarına üz tuturlar. Adətən bu cür estetik əməliyyatlar şəxsin tək öz bədən üzvünü qəbulanmamasından deyil, özgüvənsizliyi və digər məsələlərdən qaynaqlanır ki, estetik dəyişikliklərdən sonra həmin problem nöqtələri artmağa başlayır. Həkimin bıçağı burunu, yanağı, dodağı düzəltsə də daxili dünyaya təəssüf ki, nüfuz edə bilmir, əksinə şəxsin “narsistik kimliyi”nin daha qabarıq üzə çıxmasına vəsilə olur. Xaricdə bizdən fərqli olaraq cərrahlar belə əməliyyatlardan öncə mütləq psixoloqlardan, psixoterapevtlərdən rəy alınmasını, psixoloji seanslar keçərək yeni obrazlara öncədən uyğunlaşmağı tələb edirlər. Digər hal insanlarımızın ailə problemləri olan zamanı mütəxəssislərə, psixoloqlara, ailə terapevtlərinə deyil, ara adamlarına, falçılara, mollalara müraciət etməsidir. Xürafatı, cahilliyi ifadə edən bu cür “şarlatan”lar ailədaxili münaqişələrin həllində həm səmərəsizliklərini ifadə edirlər, həm də praktik psixologiyanın önündə maneə rolunu oynayırlar. -Psixoloqa nə zaman müraciət etmək lazımdır? -Bu sualın birmənalı cavabı olmasa da deyərdim ki, yetkin insan artıq həyatının bütün spektrlarına təsir edən və təkbaşına həll etməkdə çətinlik çəkdikləri problemlər ilə üzləşdikdə psixoloqa müricət edə bilərlər. -İnsanların yaşadığı psixi travma onların həyatına yansıyır. Bu travma hər an onları narahat edir. Bəs, psixoloq insanda bu travmanı nə dərəcədə yox edə bilir? - Bu əsasən travmanın hansı yaş aralığında, hansı müddət ərzində və hansı intensivlik cərəyan etməsindən asılıdır. İkincisi isə travmanı yox etmək anlayışına məncə bir qədər fərqli yanaşmaq doğru olardı. Çünki hər bir insan öz travalarının transformasiyalarından təşkil olunub. Biz doğulanda belə “doğum travması” ilə dünyaya göz açırıq. Sonra da bu hal ilə müxtəlif situasiyalarda rastlaşır və onu adlayırıq. Travma anında əvvəla artıq yetişmiş təcrübəmiz, xarakterimiz, münasibətlərimiz, sosial mühitimiz kimi faktorlar onu aşmağa yardımçı olur. Əgər bu məqamlar işə yaranmırsa, insan öncə “şok” yaşayır. 5-6 ay ərzində psixo-sosial dəstək, ilkin psixoloji yardım edilməsə “şok” öz yerini PTSP-yə (Travma sonrası stress pozuntusu” verir. PTSP-də EMDR terapiyası, KDT (Koqnitiv Davranış Terapiyası) və Koqnitiv Emal Terapiyası yüksək səmərəli metodlar hesab edilirlər. Yox, əgər yenə də mütəxəssislərlə iş aparılmırsa və müddət 2 ili keçirsə, travma şəxsiyyət nüvəsinə işləmiş olur, daha uzun müddətli terapiyalar tətbiq edilir. Qeyd edim ki, travmalarla işləyəndə psixoloq mütləq müraciət edənin öncə psixiatr müayinəsində olmasını və psixiatrın “psixoloji yardıma ehtiyac ilə bağlı” göstərişinin olmasını tələb etməlidir. Özbaşına iş aparmaq həm vaxt itkisidir, həm də “danışan”a zərərli ola bilər. -Psixi problemlərin həllində terapiyaların rolu böyükdür. Lakin terapiyalarla müalicə zaman ala bilir. Bu gün insanlar buna hazırdımı? -Yaxşı sualdır. Əvvəllər hər yerdə kəndlərdə, rayonlarda, şəhərlərdə kinoklublar tikib deyirdilər ki, kino, teatr hamı üçündür və sonra bu iddianın yanlış olduğu ilə üzləşdik. Psixoterapiya da hamı üçün deyil. Ona müəyyən intellekt səviyyəsi, emosional zəka, daxili hazirliq, məlumatlı olmaq və başqa amillər lazımdır. İnsanlarımızın hazır olması üçün isə media ilk növbədə “psevdo-psixoloqları” cəmiyyətə həqiqi psixoloqların əvəzinə təqdim etməkdən imtina etməlidir. Məsələn, bu şəxslərin ən azı akademik təhsil almalarını sübut edən diplomlarını istəyib sonra müsahibə götürülə bilər. -Cəmiyyət olaraq psixoloqa gedənlərə qəribə baxırıq. Bu baxışları bu gün qıra bilmişikmi? -Stiqmanı yığışdırmaq üçün insanların dünyagörüşü dəyişilməlidir. Dünyagörüş təkcə orta məktəbdə və ya ali məktəbdə oxumaqla qazanılmır. Təhsilli, savadlı olmaq dünyagörüşün yalnız bir kompanentidir. İnsanların əksəriyyəti bu günün, müasir dünyanın, açıq görüşlülüyün ideyalarını paylaşarsa, o tərzdə yaşayarsa bəlkə də biz cəmiyyət olaraq özümüzü inkişaf etmiş saya bilərik. Bu təkcə psixoloji yardıma münasibətlə bağlı deyil. - Hansı yaş kateqoriyası hazırda daha çox psixoloqa müraciət edir? -Bizdə adətən valideynlər öz uşaqlarının psixoloji reablitasiyası ilə əlaqədar müricətlər edirlər. Halbuki bir çox hallarda problemlər böyüklərin özlərinin psixoloji durumlarından qaynaqlanır. Məcazi mənada desək güzgüyə baxmaq çətin olduğundan, bəlkə də heç yadlarına düşmədiyindən övladlarını psixoloqlara aparmağa üstünlük verirlər. -Necə düşünürsüz bir uşağın formalaşması, xarakterinin normal oturuşması üçün psixoloqa getmək şərtdi? -Ehtiyac olduqda psixoloqa müraciət edilir. Əgər ailə sağlamdırsa, tam funksional ailədirsə o zaman övladının təbii mühitində böyüməsi, xarakterinin formalaşması daha yaxşı olar. -İnsanlar hadisələr qarşısında necə özlərini cilovlamalıdırlar? -Bu sualın ümumi cavabı yoxdur. İnsanlar fərqli olduğu kimi, hadisələrə baxışı da fərqlidir.Çünki bu insanın fərdi xüsusiyyətlərindən, həm də hadisələrin formasından, intensivliyindən asılıdır. Yəqin ki, siz hadisə dedikdə stress situasiyalarını nəzərdə tutursuz. Stresə cavab da şəxsə görə dəyişir. Kimsə qaçmağa, kimsə donub qalmağa üstünlük verir. Elələri də olur ki, mübarizə aparmaq üsulunu seçirlər. Təəssüf ki, bir qism insan isə xoşagəlməz üsullara əl atırlar. Bu kimi halların qarşısını vaxtında almaq üçün mütləq şəkildə psixoloqa müraciət etməkləri tövsiyə olunur. Mehin Mehmanqızı Medianews.az

Bizə qoşulun