30.08.2022, 13:39
81 baxış
TURAN
Gündəlik istifadə etdiyimiz zərərli qidalar
Müasir dövrdə xəstəliklərin sayı artıb. Xəstəliklərin əsas səbəbi isə düzgün qidalanmamaqdır. "Fast food", şokolad, hazır qidaların zərəri artıq hər kəsə məlumdur. Bəs hər gün istifadə etdiyimiz məhsullar orqanizmimizdə hansı fəsadlar törədir?
Mövzu ilə bağlı terapevt, dietoloq Ləman Süleymanova Medianews.az-a danışıb:
"İlk növbədə qidaların orqanizmimizə zərəri yaxud xeyiri onun təbii və qeyri-təbii olmasından asılıdır. Payız fəsli yaxınlaşır, infeksiyalardan və digər problemlərdən qorunmaq üçün orqanizmimizi lazımi qidalarla düzgün təmin etməliyik. Əks halda orqanizmimizdə ciddi problemlər və xəstəliklər yarana bilər".
Dietoloq gündəlik qida rasionumuzda olan ərzaqlardan həddindən artıq istifadənin fəsadlarından da söz açıb:
"Çörəkdən zərərli tərəflərin aktivləşməməsi üçün düzgün istifadə etmək lazımdır. Pəhriz çörəkləri ilə qidalanmada xüsusi diqqətli olmaqda fayda var. Çörəyə əlavə rənglərin qatılması, normadan artıq maddələrin əlavəsi mədə-bağırsaq probleminə, qəbizliyə, çəkinin artmasına və həzm prosesini ləngitməyə gətirib çıxarır. Ağ çörəkdən həddindən artıq istifadə isə əlavə olaraq təzyiqin yüksəlməsinə də səbəb olur.
Kərə yağından istifadə xeyirlidir, lakin yağlı yeməklərlə birlikdə istifadəsi arterial təzyiqin yüksəlməsinə, mədə-bağırsaq problemlərinə və çəki artmasına yol aça bilir.
Yumurtadan gün ərzində həddindən artıq istifadə təzyiqin artmasına, halsızlıq, yorğunluq kimi əlamətlərə, mədə-bağırsaqda ciddi problemlərə səbəb ola bilər. Sağlam orqanizmli insanın həftədə bir və iki dəfə yumurtadan istifadəsi məsləhət görülür.
Dieteloq təbii çayı saxta çaydan ayırmağın yollarından da danışıb:
"Təbii çay uzun müddət dəmlənməlidir, qısa vaxt ərzində rəngini dəyişən çaylar qeyri-təbii çaylardır. Bu tip çaylardan istifadə isə öddə daşların yaranmasına səbəb olur.
Sağlam insanın süd məhsulları və süddən istifadəsi orqanizmin kalsiuma olan tələbatını ödəmək, həmçinin həzmi aktivləşdirmək baxımından faydalıdır.
Səhər menuyusunda isə mütləq kəsmik olmalıdır. Yatmazdan 5 dəqiqə əvvəl qatıq və süddən istifadə etmək məsləhətdir".
Aysel Şirinova
Medianews.az