Medianews.az
Neftin qiymətinin qalxması bizim cibimizə necə təsir edəcək?-Ekspertdən açıqlama
359 baxış

Neftin qiymətinin qalxması bizim cibimizə necə təsir edəcək?-Ekspertdən açıqlama

Birləşmiş Ştatlar Ukrayna ətrafında yaranan vəziyyətlə əlaqədar Rusiyadan bütün enerji, neft və qaz idxalına qadağa qoyub. Bu barədə ABŞ Prezidenti Cozef Bayden Ağ evdən yayımlanan videomüraciətində deyib. “Bu qərarı Konqresin hər iki palatası və düşünürəm ki, bütün ölkə dəstəkləyir”, - deyə Amerika prezidenti bildirib. Bununla yanaşı Cozef Bayden etiraf edib ki, Rusiyaya qarşı bu cür sanksiyalar ölkədəki yanacaqdoldurma məntəqələrində qiymət artımına səbəb olacaq. Prezidentin sözlərinə görə, Vaşinqtonda anlayırlar ki, ABŞ-ın heç də bütün tərəfdaşları və Avropadakı müttəfiqləri bu qadağaya qoşula bilməyəcək. Birləşmiş Ştatlar özü bütün Avropada olduğundan çox neft istehsal edir. Rusiya ABŞ-ın Kanada və Meksikadan sonra ən çox neft və neft məhsulları idxal etdiyi üçüncü ölkədir. Birləşmiş Ştatlar 2021-ci ildə Rusiyadan gündəlik 672 min barel neft və neft məhsulları idxal edib. Bu, ABŞ idxalatının təxminən 8 faizinə bərabərdir. İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Medianews.az saytına açıqlaması zamanı bildirib ki, bu Qərb ölkələri və Amerikanın özü üçün də problemdir. “Amerikada benzin qiymətləri tarixi maksimumdadır. Elə ştatlar var ki, məsələn, Koliforniyada benzinin qiyməti 7 dollara qalxıb. Tarix boyu belə bir hal olmayıb. Bu amerkanları, Amerika administratsiyasını da narahat edir. Çünki orta statistik Amerikalı benzin qiymətlərinə çox həssas yanaşır. Noyabr ayında isə Amerikada Konqresə və Senata seçkilər olacaq. Onlar çalışacaqlar ki, qiymət artımının qarşısını alan tədbirlər görsünlər”. İqtisadçı qiymətlərin yüksək olmasının Azərbaycan büdcəsinə təsirini də qeyd edib. Onun sözlərilə görə, qiymət artımı büdcəyə çox müsbət təsir göstərir. “Nə qədər yüksək olsa bir o qədər çox gəlir gəlir. Azərbaycan neftinin qiymətinin hər bir dollar artması günə 500 min dollar, 10 dollar artması isə 5 milyon əlavə gəlir deməkdir. Azərbaycan bu ilin neft qiymətini ortalama 50-55 dollardan hesablamışdı, lakin artıq qiymətlər 135 dollara qalxıb. Bu o deməkdir ki, ölkəyə nəzərdə tutulandan ən az iki dəfə çox əlavə vəsait daxil olacaq. Yəni, əlavə 6-7 milyard dollara yaxın vəsait daxil olacaq. Bu da Azərbaycanın valyuta ehtiyatlarının artmasına ciddi və müsbət təsir göstərəcək”. Leyla Medianews.az

Bizə qoşulun