Medianews.az
Mamadu ilə Alfa Kondenin mübarizəsi
230 baxış

Mamadu ilə Alfa Kondenin mübarizəsi

Yaxud dünya siyasətində riyakarlığın əlifbası Afrikada Qvineya adında bir yoxsul müsəlman dövləti var. Camaatı təxminən Azərbaycan camaatı qədər - 10 milyondan çoxdur. Özləri də bütün dünya müsəlmanları kimi kasıb yaşayırlar, millətin 50 faizi yoxsulluq həddindən aşağıdır. Bu hədd isə o deməkdir ki, camaatın tam yarısının gündəlik qazancı 1 dolları keçmir. Lap aydın yazsaq, 5 milyon qvineyalı ayda 30 dollara qədər qazancla dolanır. Bizdə, şükür, hələ bu vəziyyət yoxdur, ona görə icra hakimiyyətinə dərindən təşəkkür edirik, söz veririk bu cızmaqaranı oxuyan kimi dərhal yaxındakı parka gedib var qüvvəmizlə günəbaxan tumu qıracağıq. Burada bir dənə də şeyi yazım ki, əgər orta məktəbi Misir müəllimin qaranlıq erasında oxumamısınızsa, coğrafiyada belə qəribə, maraqlı faktla rastlaşa bilərdiniz: dünyada bu “Qvineya”nın adını daşıyan çoxlu yer vardır, sanki böyük matahdır. Məsələn, Papua Yeni Qvineya. Yaxud, Ekvatorial Qvineya. Nə bilim, Qvineya-Bisau. Səbəb isə yalnız odur ki, qədim əyyamlarda avropalı dəniz səyyahları birinci bu Qvineya sahilinə çıxıblar, sonralar isə harda bu sahilə oxşayan yer görüblərsə, adını ora da qoyublar. Təxminən bizim Bakıda “Sədərək” ticarət mərkəzi, Masazırda Yeni Zəngilan düzəltməyimiz kimi. Ancaq bu gün məqsədim uca millətimizə coğrafiya dərsi keçmək deyil, əstəğfürullah. Onsuz qəbul qurtarıb, girən girib, kəsilən kəsilib, hələlik bir müddət təhsil bizim üçün prioritet (savadlı görünmək üçün yazdım, əslində heç bilmirəm mənası nədir) sayılmır. Sadəcə, sevgili xalqımıza dünya siyasətində riyakarlığın olduğunu bir daha çatdırmaq istədim. Qoy bir də başqa dövlətlərdən hansısa kömək ummasınlar, “niyə ruslar belə eləyir”, “nədən fransızlar bizi satdılar” və sairə kimi romantik-sentimental sorğulara, duyğulara qapılmasınlar. Az qala yadımdan çıxmışdı, Qvineyanı dünyanın “Daşkəsəni” də adlandırsaq yanılmarıq, çünki alüminium üçün əsas xammal olan boksitin planetimizdə ehtiyatlarının tam yarısı bu ölkədədir. Yəni ölkənin it günündə olması üçün prinsipial əsaslar yoxdur, tək elə boksiti satsalar bəy kimi yaşayarlar. Xülasə, hazırda Qvineyada it yiyəsini tanımır, prezident qvardiyasının komandiri Mamadu Dumbuya müəllim prezident Alfa Konde müəllimi aşırdıb, hakimiyyəti ələ keçirib. Banan ölkələrində belə qiyamlar çox olur və heç diqqət çəkmir. Çünki hamı bilir ki, növbəti hərbçi də gəlib bu diktatoru aşırdacaqdır. Mənə maraqlı gələn Avropa Birliyinin xarici işlər və siyasi təhlükəsizlik üzrə ali təmsilçisi Jozep Borrel-in və BMT baş katibi Antonio Quterreş müəllimin açıqlamaları oldu. Bunların hər ikisi dərhal Qvineyadakı hərbi çevrilişi pislədilər, Alfa Kondeni azad eləməyə, qanuni hökuməti bərpa etməyə çağırdılar. Əcəb işdir. Alfa Konde 12 ildən çoxdur Qvineyanı diktator kimi fırladırdı. Seçkilərdə qanunsuzluq, etiraz edənləri gülləyə tutmaq adi hal idi. Bir-iki il qabaq isə konstitusiyanı dəyişdirib üçüncü, dördüncü, en-inci dəfə prezident olmaq hüququnu özünə təmin etmişdi. Əgər Mamadu müəllim qəzəblənməsə, bu cür də davam edəcəkdi. Belə çıxır Qvineyada faktiki diktatura AB və BMT-yə sərfəliymiş. Yoxsa bunlar Alfa Konde-nin hansı qanuni hakimiyyətindən dəm vururlar? Əlbəttə, Mamadu bərk qoz çıxsa, bir azdan bunlar hamısı onun ətrafında sıx birləşib Qvineya camaatını sümürmək prosesinə davam edəcəklər. Necə deyərlər, altda qalanın canı çıxsın. Suda batanın xilası, ilk növbədə öz əlindədir. Qvineyanın dərsliklərinə isə Mamadu müəllim qiyamçı yox, inqilabçı kimi daxil ediləcək. Necə ki, ruslar “Taliban”ı 90-cı illərdə Çeçenistandakı döyüşçülərə dəstək verdiyi üçün terrorçu elan etmişdilər, indi isə Lavrov onları qanuni hakimiyyət adlandırır, Moskvada qonaq eləyir. 1991-in avqustunda “QKÇP” qalib gəlsəydi, Elçibəyi Sibirdə ağac kəsməyə göndərəcəkdilər, biz də 1992-də cəbhənin hakimiyyətə ələ keçirməyinə inqilab adı qoymayacaqdıq. Surət AXC-ni yıxanda baş nazir olmuşdu, ancaq ağzındakı şirə ilə ikinci qiyama qalxanda tutub qoduqluğa saldılar. Ümumiyyətlə, bəşər tarixində həmişə belə olub: üsyançılar qalib gələndə inqilabçı, uduzanda isə qiyamçı adı qazanıblar.

Bizə qoşulun