Yaxşı olardımı, müğənni Damla da götürüb Əfqanıstana dair status yaza, qeyd edə ki, ABŞ ölkəni qəsdən “Taliban”a verdi ki, Çinlə Rusiyaya problem yaratsın, İranı qərbdən də, şərqdən də terrorçu təşkilatlarla əhatəyə alsın, nə bilim, bundan sonra o qan çanağında elə olacaq, belə olacaq.
Etiraf edək ki, məndən tutmuş mənəcən heç birimiz hansısa müğənninin belə bir politoloji şərhinə təhəmmül etməzdik, yazardıq ki, hər kəs öz işi ilə məşğul olsun, dərindən bildiyi şeylərdən yazsın, danışsın.
Camaat heç politoloqların şərhlərini sinirə bilmir. Sosial şəbəkəyə baxıram, onlarla politoloq və jurnalist Əfqanıstanda baş verənlərdən yazır, iki o qədər adam da mütləq “hamı politoloq olub” qeydi ilə ağız büzür. Nə işiniz var, qoyun yazsınlar. Kimə ziyandır? 3-5 adam da oxuyub maariflənir. Düzdür, onların fikirlərini kopi-past edib öz adından yayanlar da var, amma bunun da ziyanı yoxdur.
Zarafat deyil, hələ 500 il əvvəl de-mode olmuş libas geymiş (şalvara oxşayan darbalaq, çuxa, boyuna dolanmış şal, başa qoyulmuş börk), pırtlaşıq saqqalları sinələrinə enmiş kişilər pikap növlü maşınlarla, “Kalaşnikov” markalı avtomat tüfənglərlə Tora-Bora mağaralarından enib gəldilər, orta boyda bir dövlətin altını üstünə çevirdilər. Bütün dünya ictimaiyyəti kimi, ölkəmizin camaatının da həyəcanlanması boşuna deyil. Əfqanıstanla aramızda cəmi bir dövlət var- Xəzərin cənub qırağıyla getsək - İran, dənizin ortasından keçsək - Türkmənistan. Vəssalam.
Amma yenə də hər şeyi öz biləndarından eşitmək yaxşıdır. Bir var, hansısa mətləbi səndən öncə bir politoloqu mənzil başına aparmış və yolda onu dinləmiş taksi sürücüsü xırdalasın, bir də var - politoloqun özü.
Hərçənd indinin taksi sürücülərini bilmək olmur, heç də hamısı meyxana oxudan deyil, bir də görürsən, qarşına elə bir ziyalı adam çıxır ki, mat qalırsan. Öz başıma gəlib, bir dəfə taksi ilə gedirdim, telefonuma zəng gəldi. O zaman telefonumun çağrı səsi “Bir dəfə Amerikada” filminin, oxumuş adamlar demişkən, saundtrekiydi. Sürücü dedi, bilirsənmi, bu nə melodiyadır belə. Dedim, bilirəm, Ennio Marrikoninin filan filmə yazdığı melodiyadır. Sürücü dedi, yox, melodiyanın adı “Tənha çoban”dır. Mən dedim, o dedi. Axırda yadına düşdü, dedi, hə, fleytaya görə səhv saldım, “Tənha çoban”ın müəllifi Ceyms Lastdır, onunku bir az fərqli melodiyadır.
Adamla bir az da oradan-buradan söhbət elədik, məlum oldu ki, iki universitet qurtarıb, müəyyən orqanlarda (demədi, hansında) məsul vəzifələrdə işləyib, sonra vəzifədən çıxıb (bəlkə də çıxarılıb), indi taksistlik edir. Sürücünün dünyagörüşünə, biliklərinə söz yox idi. Bax, eləsi sizə rast olsa və politoloji şərh versə, dinləyin.
Amma açığı, adam istəyir ki, maşın ustası politoloji şərh verməsin, Baydeni “neprav” çıxarmasın, Putinlə işi olmasın, “Ərdoğan nə edirsə, düz eləyir” deməsin, eləcə başını motorxanaya salsın, avtomobilin nəyə görə dayanarkən titrədiyini (öz dilimizdə desək, “drajeniya” elədiyini), bunun babindənmi, alışdırma şamlarındanmı, mikrofiltrdənmi, paylayıcı valdanmı qaynaqlandığını bilsin və problem həll eləsin. Yoxsa, vallahi, bu yay Paşinyanın dəmdəməkiliyindən, yarıtmaz siyasətindən danışa-danışa, maşındakı adi problemlərdən baş çıxarmayan yeddi usta görmüşəm. Karterdən Obamaya qədər ABŞ prezidentlərinin hamısını tanıyan, maşındakı karterdən başı çıxmayan usta nəyimə lazımdır?
Qoy həkimlər də birinci babasil düyünlərini, qan təzyiqini, öd yolunun diskenizasiyasını müalicə eləsin, sonra dünya siyasətindəki düyünlərdən, böyük dövlətlərin kiçiklərə təzyiqindən, ipək yoluna hansı dövlətlərin maneçilik törətdiyindən danışsın. Belə daha yaxşı olar. Konsentrasiyanı əsas peşəmizə verməliyik.
Ona görə də taksi sürücülərini, müğənniləri, bərbərləri, qəssabları, eləcə də başqa adi peşə sahiblərini Frensis Fukuyamanın “Tarixin sonu” və ya Hantnqtonun “Sivilizasiyaların toqquşması” əsərindən xəbərsizlikdə qınamaq olmaz. Bu, onlara lazım deyil. Bir taksi sürücüsü üçün sivilizasiyaların toqquşması “Mersedes”lə “Porşe”nin toqquşmasının yanında heç nədir.
P.S. Budur, bir nəfər təbabətdən uzaq adam yazıb ki, vaksin-maksin vurdurmaq boş şeydir, özü vurdurmayıb və sap-sağlamdır. Bu dəqiqədən etibarən onu nəzarətə götürürəm, bu ilin içində ölsə, xəbər verəcəyəm, ölməsə, o deyəndir.
17.08.2021, 07:35
222 baxış
Samir Sarı
Karterdən başı çıxmayan, amma Karteri tanıyan ustalar...