Qazaxıstanda prezident Nursultan Nazarbayevin rəsmi titulu Elbaşıdır. Tərcüməyə ehtiyac varmı? Yoxdur. Türk dilindədir, elbaşı elin başçısı deməkdir. Nazarbayev qazax ellərinin başçısıdır.
Türkmənistanda keçmiş prezident Saparmurad Niyazova da “Türkmənbaşı” deyirdilər - yəni türkmənlərin başçısı.
Müqayisə tamamilə qüsurlu olacaq, amma Türkiyə respublikasının qurucusu Mustafa Kamal paşanın Atatürk soyad-titulu da ordan gəlir - türklərin atası deməkdir.
Bu ilin avqustunda vəfat etmiş Özbəkistan lideri İslam Kərimov bu cür titullara ehtiyac duymurdu. Ancaq o, asiyalı həmkarının hamısından daha sərt və daha şöhrətpərəst idi.
İndi Qazaxıstanda belə bir söhbət var ki, Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilsin və şəhərə ölkə prezidenti Nursultan Nazarbayevin rəsmi titulu olan Elbaşı adı verilsin.
Bu adi, ortalıqda dolaşan söhbət deyil, ölkə parlamentinin bir qrup deputatı bununla bağlı qanun layihəsi hazırlayıb.
Əlbəttə, mandatı, varidatı bu cür yaltaqlıqlardan çıxan deputatlar hər ölkədə var. Astananı Elbaşı etmək istəyən deputatlar da qazaxların yalakalarıdır.
Yaddaşımıza güc versək, 17-18 il öncə bənzər təşəbbüsün bizim ölkədə də qaldırıldığını xatırlaya bilərik.
O zaman bəzi deputatlar prezident Heydər Əliyevin adının hansısa şəhərə verilməsini, sağlığında heykəlinin qoyulmasını, hətta ona milli qəhrəman adı verilməsini təklif edirdilər. Amma bu təşəbbüslər geniş müzakirəyə çıxarılmadan boğuldu. Heydər Əliyev özü bu təşəbbüsü qaldıranlara üz vermədi.
Qazaxıstanda gedən bu söhbət isə yerli informasiya məkanından sızıb dünya mediasına çıxıbsa, demək, ideya beşiyində boğulmayıb və onun pərvazlanmasına imkan verilib.
Ancaq bu, o demək deyil ki, Nazarbayev bu təşəbbüsü dəstəkləyəcək və sağlığında öz titulunun ölkə paytaxtına verilməsini təşkil edəcək. Bilmək olmaz.
Bu şəhərin yeni adını Nazarbayev özü qoyub. Yəni istəsəydi, 1998-ci ildə Akmolanın adını birbaşa Elbaşı və ya Nurabad qoyardı və hamı da dəstəkləyərdi.
Əvvəllər şəhərin adı Aqmolinsk, sonra Selinoqrad, daha sonra Akmola adlanıb, 18 il öncə isə Astanaya çevrilib.
Şəhərin adı növbəti dəfə dəyişilsə, bu, dördüncü dəyişiklik demək olacaq.
Razılaşaq ki, 100 ildə bir neçə dəfə ad dəyişdirmək istənilən şəhər üçün problem deməkdir. İş absurda gedə bilər.
Bu təşəbbüsün əsas müəllifi, Qazaxıstan parlamentinin deputatı Kuanış Sultanov bu təklifinin Nazarbayevin əməyinə qiymət verilməsi kimi xarakterizə edib və əlavə olaraq bildirib ki, Elbaşının adının paytaxtın adında və ölkədəki başqa obyektlərdə öz əksini tapması yaxşı olar.
Bu, tipik şərqli şahsevənliyidir. Asiya daima bu kimi ifrata varmış şahsevənliyin, ikrah doğuran məddahlığın, qolu bağlı qul itaətkarlığının, çoxmaskalı riyakarlığın məskəni olub və müasir dünyanın qəbul etmədiyi ənənəni yaşatmaqda davam edir.
Düzdür, parlaq, xidmətləri böyük dövlət xadimlərinin adının küçə və meydanlara, aeroportlara verilməsi ənənəsi hər yerdə var, amma bu, Avropa dövlətlərində bəlli bir çərçivədədir.
Fransada Şarl de Qollun adına aeroport var. Dünya siyasətinin baş şəhəri Vaşinqton ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun adını daşıyır. Ancaq bu tarixi şəxsiyyətlər öz adlarını sağlıqlarında şəhərə və ya aeroporta verməyiblər. Bunu sonradan, onların xidmətlərini qiymətləndirənlər edib.
Şərqdə, Asiyada isə bu cür təşəbbüslərin mayasında isə hamıdan qabağa düşmək, daha çox varidat əldə etmək ehtirası durur.
Yetər ki, əlində hüdudsuz hakimiyyət cəmləmiş şəxs bu kimi təşəbbüslərə etiraz etməsin və onları alqışlasın. Belə olsa, yaltaqlar ordusu hətta ölkənin də adını dəyişdirmək təşəbbüsü qaldırarlar.
Presedent də var. Ərəb dünyasının ən qüdrətli və böyük dövləti bir nəslin, Səud adlanan tayfanın adını daşıyır və Səudiyyə Ərəbistanı adlanır.
Dövlət idarəetməsindəki bu cür mütiliyin, yaltaqlığın sonu Şimali Koreyadakı rejimə oxşar bir hakimiyyət növü ilə bitir.
Qazaxıstanda xalq Nursultan Nazarbayevi gerçəkdən də sevir və onu doğrudan da “millət atası” sayır. Bu baxımdan Astananın adı növbəti dəfə dəyişdirilsə, buna etiraz olmayacaq.
Ancaq gerçəklik budur ki, bu cür addımlar, bir şəxsin ilahiləşdirilməsi dünyada heç bir xalqı xoşbəxt etməyib və etməyəcək. İnsan oğlu dərk etməlidir ki, fironları mumiyalamağın xeyri yoxdur.
24.11.2016, 05:45
186 baxış
Xalid Kazımlı
Elbaşının Astanası