
Sovet vaxtı hərbi xidmətini Almaniya Demokratik Respublikasında, yəni ikiyə bölünmüş Almaniyanın şərq hissəsində, SSRİ-nin de-fakto işğalı altında olan regonlarında çəkib gəlmiş gənclər o ölkədən qəribə şeylər danışırdılar.
Biz yeniyetmələr də, nisbətən böyüklər də, onları dinləyirdik, amma dedikləri ağlımıza batmırdı. Məsələn, ordudan tərxis olunmuş əsgərlər danışırdılar ki, Almaniyada küçələr meyvə ağacları ilə doludur, amma heç kəs onları dərmir, yolub-yoluşdurmur. Bu, bizə, qohum-qonşuların bağını, məşhur filmdə deyildiyi kimi, “öz meyvə bazamız” hesab etdiyimiz yeniyetmələrə çatmırdı. Necə yəni, çəpər olmayan yerlərdə meyvələr ağacda yetişib yerə töküləcək və uşaqlar ona dəyməyəcək. Zəy kimi gavalını, kal armudu, turş almanı, dənələri yeni-yeni qızaran narı vəhşicəsinə basıb yeyən, yetişməyə qoymayan uşaqlar bunu dərk edə bilmirdilər.
Daha sonra Almaniyanı görüb gəlmiş əsgərlər danışırdılar ki, camaat öz məhsullarını (meyvə-tərəvəzdən tutmuş südə, qatığa qədər) yolun kənarında bir piştaxtaya düzüb gedir, ehtiyacı olanlar gəlib götürür, pulunu da bir qutuya qoyub gedirlər.
Bu da böyüklərin ağlına batmırdı, deyirdilər, yaxşı, deyək ki, yoldan keçənlərin onundan doqquzu vicdanlıdır, gəldilər, hərəyə beş kilo, on kilo kartof götürdülər, pulunu da qutuya qoyub getdilər, bəs onuncu əliəyri, oğru olsa, həmin pulları da, yerdə qalan məhsulu da oğurlayıb apara bilməzmi?
Keçmiş əsgərlər deyirdilər, onlar orda olduqları vaxt belə şeylər görməyiblər, edənlər olubsa da, məhz əsgərlər olublar və onlar da xırda-para oğurluqlar ediblər ki, məhsul yiyəsi duyuq düşməsin. Bu söhbətə qulaq asan böyüklər də, gənclər də əsgərlərin bu sayaq “nağıl”larına şəkkaklıqla qulaq asırdılar, axıradək inanmırdılar. Onlar məcbur olub and içirdilər, amma yenə də ideal alman dürüstlüyünə şübhələr qalırdı.
Bu, ona görə beləydi ki, biz hamımız oğrular cəmiyyətində yaşayırdıq. (İndi də həmin cəmiyyətdəyik, hələ daha pisində). Ən adi adamdan tutmuş ta ən yüksək vəzifəli şəxslərə qədər imkanı çatan hər kəs bir-birindən də olmasa, dövlətdən, ümumi xalq malından nəsə oğurlayır, çırpışdırırdı. Ona görə də oğurlamaq imkanı olan yerdə və zamanda insanların nədən oğurlamadıqları, dürüst davrandıqları faktı bizi şaşırdırdı.
Sonradan Avropaya get-gəl artdıqda minlərlə vətəndaşımız Avropa, Almaniya, İsveç, Norveç gördülər, vaxtilə sovet əsgərlərinin danışdığı söhbətlərin nağıl olmadığına əmin oldular.
Bir neçə gün öncə Norveçdə mühacirət həyatı yaşayan jurnalist İdrak Dadaşov “yol kənarında yiyəsiz piştaxtalar” hekayətinə qüvvət verəcək bir videosüjet paylaşıb.
Həmin süjetdə əsas qəhrəman İdrak özüdür, gəlir, maşınını saxlayır, yol kənarında saxlanmış lafetli mikroavtobusa yüklənmiş kənd təsərrüfatı məhsulları arasında seçim edir, məhsulun qiyməti yazılmış lövhəyə baxır, cibindən pul çıxarıb qutuya salır, daha sonra kağız kisəyə yığılmış kartofu götürüb öz avtomobilinə yerləşdirir, sürüb gedir.
Bu mənzərəni görən çoxları bəlkə də dərhal yarızarafat-yarıgerçək düşünür ki, İdrak bunu çəkiliş üçün belə edib, bəlkə də o, qayıdıb, bir kisə kartof əvəzinə iki kisə götürüb.
Bu cür düşünənlərimiz çoxdur və bu, onu göstərir ki, biz hələ də oğru təfəkkürü ilə yaşayırıq. O durumda orada bizimkilər olsaydı, yəqin ki, yüzdə doxsan halda belə edərdilər: ya az pul salıb çox məhsul götürərdilər, ya pul dolu qutunu götürüb aradan çıxardılar, ya da məhsulları bütünlüklə yığışdırıb aparardılar.
Bu fikirə etiraz etmək istəyənlər varsa, Kanadadan Yaponiyaya qədər səpələnmiş həmvətənlərimizin əksəriyyətinin yaşadıqları ölkələrdə hansı əməllərə qol qoyduqlarını, nələr etdiklərini xatırlasınlar.
Bəs biz niyə beləyik, niyə dürüst deyilik? Ona görə ki, acgözük, gözütox deyilik. Bəs bu acgözlük bizdə nədən yaranıb? Tarixi kasıbçılıqdan.
Bu məsələdə Qərb insanı ilə Şərq insanının arasındakı fərq gözə girir. 6 il öncə Frankfurtdan Vaşiqntona uçan zaman yarım metrliyimdə baş verən bir hadisəni xatırlayıram. Yol uzun olduğu üçün təyyarədə bir neçə dəfə yemək verirdilər. Növbəti yemək-içmək ikramında bəxtimizə hamburqer düşmüşdü, stüardessalar paylaya-paylaya gəlirdilər. Sərnişinlərin çoxu yatırdı, amma oyanıb payını götürənlər də vardı. Stüardessa arabasını diyirləyib yanımıza çatanda birdən geri qanrılıb o biri həmkarından meyvə şirəsi istədi. Fürsətdən istifadə edən bir ərəb dərhal ikinci hamburqeri götürüb adyalının altında gizlətdi.
İndi həmin ərəbi təsvir edim, hesabınızı götürün. O, təxminən 120-130 kiloluq, 45-50 yaşlı bir adam idi, biləyində və boynunda qalın qızıl zəncir vardı. Bu zəncir o qədər yoğun idi ki, onunla camışı olmasa da, bir uzunqulağı dirəyə bağlamaq olardı. Adamın 10 barmağının 7-də iri, brilyant qaşlı qızıl üzüklər vardı. Anlaşılan o idi ki, o, milyonçu olmasa da, imkanlı şəxsdir. Təsəvvür edin, təkcə üst-başında azı 20 min dollarlıq zinət əşyaları gəzdirən adam stüardessadan hamburqer oğurlayır. Əslində o, stüardessadan o hamburqeri diliylə istəsə, ona bir pay artıq verəcəkdilər, amma o, oğurlamağı üstün tutdu.
Niyə? Ona görə ki, adamın beyni oğru beynidir, oğurluğu norma sayan cəmiyyətin yetirməsidir.