Medianews.az
“Fırtına Gürbüz” örnəyi
189 baxış

“Fırtına Gürbüz” örnəyi

img1830847 Heyf, bu gün-sabah dövlət müstəqilliyimizi bərpa etməyimizin 25 ili tamam olacaq, biz hələ də bir dürüst, halal seçki keçirə bilməmişik. Heç belə bir müqəddəs günün nə vaxt olacağını da bilmirik, üfüqdə belə görünmür. Amma 25 il öncə nələr düşünürdük. Deyirdik, çətini müstəqil dövlət olana qədərdir, ondan sonra asan olacaq. Heç elə deyilmiş. Daha çətini müstəqil dövlətdə haqq-ədaləti bərqərar etməkmiş. Təəssüf ki, azman bir imperiyadan qopub müstəqil dövlət qurmağı bacaranlar bu işin öhdəsindən gələ bilmədi. Üzü gerilərə boylananda “tarixi fürsəti qaçırdıq” demək asandır. Guya ki, 1993-cü ildə hakimiyyət daha sərt tədbirlər görsəydi, özünə qarşı çıxanları məhv etsəydi, indi ölkə demokratik inkişaf yoluna qədəm qoymuş olardı. Ancaq olub-bitənləri dərindən və obyektivcəsinə analiz edəndə görürsən ki, yox, əslində həmin tarixi fürsət ədalətsevər demokratlar üçün olmayıb, müstəqil istibdad yuvası düzəltmək, ağa, xan, vəzir-vəkil, fərraş-darğa sistemi yaratmaq istəyənlər üçün olub və onlar bu fürsəti qaçırmayıblar. Əgər AXC-Müsavat iqtidarı hakimiyyəti saxlamaq üçün cəmi bircə dəfə zorakılığa və hiyləyə əl atsaydı, arxası o cür də davam edəcəkdi və bu ölkənin hazırkı durumu yenə fərqli olmayacaqdı. Sadəcə, indiki oliqarxların yerini başqa soyadlı adamlar almış olacaqdı. Uzun sözün kəsəsi, biz toplum olaraq demokratiyaya, bütün sfera və istiqamətlərdə haqq-ədalətin bərqərarına hazır deyilik. Ona görə də bu haldayıq. Çağdaş dünyadan bir dürüst seçki keçirə bilməyəcək qədər geridəyik - 50-100 il kimi bir şey. Hər barədə bizə çox yaxın olan qardaş Türkiyəyə baxaq. Bu ölkədə vaxtaşırı hərbi çevrilişlər olub, diktatura rejimləri qurulub, konstitusiya dəyişiklikləri baş verib, insanların hüquq və azadlıqları məhdudlaşdırılıb, amma seçki saxtakarlığı heç vaxt olmayıb. İndinin özündə də prezident Ərdoğanı diktatura rejimi qurmaqda ittiham edirlər. ABŞ və Avropa mətbuatı onu odioz dikatorlarla müqayisə edir, amma heç kəs onun seçkilərdə saxtakarlıq və zorakılıqla qalib gəldiyini deyə bilmir. Ona görə ki, gerçəkdən də Türkiyədə seçkiyə hiylə qarışdırmırlar. (Hərçənd inzibati resurslardan yüngülvari istifadə olur). Ötən ay Türkiyədə olanda MHP üzvü olan yaxın adamlarla söhbət əsnasında onlardan biri - Kamil bəy dedi ki, özü illərdir seçki komissiyasında təmsil olunur, bir dəfə də görməyib ki, bir səs yanlış sayılsın. “Bunlarla bizim aramız heç yaxşı deyil, amma seçkidə halal qələbə qazanırlar. Bəzi rayonlarda da biz qələbə qazanırıq. ”Bizdə seçki məsələsi namus məsələsidir", - deyən həmsöhbətim vurğuladı ki, bu üzdən seçkidə uduzanlar udanları təbrik edir, bir-birinin xeyir-şərinə qatılır. Doğrudan da eləydi. Qatıldığım tədbirdə hakim partiyanın rayon təşkilatının sədri ilə ana müxalifət partiyalarının rayon təşkilatının sədrləri yanaşı oturmuşdular və normal qaydada söhbət edirdilər. Arada siyasi rəqabət var, amma düşmənçilik yoxdur. Ertəsi gün müxalifətçilər toplaşıb hakim partiyanın xəstələnmiş üzvünün yanına “keçmiş olsun” ziyarətinə gedəcəkdilər. Daha bir epizod: MHP-çi dostumuzun avtomobili ilə hərəkət edirdik. Bizdə İçərişəhərdəki qoşa qala qapısı kimi bir yerdən keçəndə sürücümüz şlaqbaumu açıb-bağlayan bir ağsaqqala ehtiramla “Gürbüz abi ”, - deyə səsləndi, kefini, iş-gücünü xəbər aldı və daha sonra bizə dedi ki, bu kişiyə gəncliyində “Fırtına Gürbüz” deyərdilər: “Polis idi, mitinq, yürüş keçirəndə bizə göz açdırmaz, dərhal başımızın üstünü alardı. Çox qovalıyb o bizi bu küçələrdə”, - Kamil bəy gülə-gülə əlavə etdi. Amma bu gün heç kəs ona nifrət etmir, kin bəsləmir. Niyə? Ona görə ki, Gürbüz əfəndi amansızlıq etməyib, hər dəqiqəbaşı dəyənəyə əl atmayıb, tutulanlara işgəncə verməyib, qanunun tələblərinə riayət edib. Ona görə də bu gün xalqın içində qorxu-ürküsüz gəzə bilir, hələ vaxtilə meydanlardan qovduğu müxalifətçilər tərəfindən ehtiramla salamlanır. Bəs bizdə necədir? Hakimiyyət adamları ilə müxalifətçilərin arasında hündür bir hasar var, heç zaman üz-üzə gəlmir, gəlməməyə çalışır, məcburən rastlaşanda isə bir-birini görməzliyə vururlar. Tam bir düşmənçilk ab-havası var. Adamın sosial şəbəkədəki qeyd və şərhlərini izləyirlər ki, birdən kimsə düşmənin hansısa sözünü, şəklini bəyənər... Bax, ona görə bu gün nə qədər adam bu cür ölkədə yaşadığı üçün heyifsilənir.

Bizə qoşulun