Əslində düz deyirlər, qanunun aliliyinə, demokratik prinsiplərə, bəşəri dəyərlərə riayət və hörmət edilən, mədəni, savadlı, firavan cəmiyyətlərdə kriminal avtoritetlərə bəslənən rəğbət dar bir çərçivədən çıxmamalıdır.
Amma bura haradır?
Bura çay kənarında oturub tutduğu balıqları xətkeşlə ölçən, 20 santimetrdən yuxarı balıqları vedrəyə, 19 santimlikləri yenidən çaya atan almanların yaşadığı Bavariya əyalətidirmi? Xeyr. Bura çay, göl, kanal və sair su hövzələrində qumbara partlatmaqla, suya cərəyan buraxmaqla barmaq boyda balıqları da qıran azərbaycanlıların yaşadığı ölkədir.
Bura üç irqə, üç dünyəvi dinə, yüz bir millətə, hər cür dini, milli, cinsi azlıqlara mənsub insanları ayrı-seçkilik etmədən barındıran Hollandiyadırmı? Yox. Bura dərisinin rənginə görə kürdəmirlini qubalıdan, qaxlını qazaxlıdan ayıran və hər dəqiqə nəsə bir ayrı-seçkilik edənlərin ölkəsidir.
Bura isveçlilərlə finlilərin birgə yaşadığı və əyalətin inzibati baxımdan İsveçə və ya Finlandiyaya məxsus olduğuna fikir verməyən azad insanların yaşadığı Aland adalarıdırmı? Əsla. Bura eyni dili danışan, eyni dinə tapınan, ancaq vaxtaşırı mahal, rayon, kənd davası aparan insanların vətənidir.
Bura ölkənin baş nazirindən dövlət büdcəsindən xərclədiyi sonuncu avronun haqq-hesabını tələb edən, vergi ödəyicisi olduğu üçün özünü dövlətin sahibi kimi aparan tələbkar insanların yaşadığı İngiltərədirmi? Qətiyyən. Bura dövlət büdcəsini istədikləri kimi talan edən, çalan-çapan və xalqa heç bir hesabat verməyən məmurların ölkəsidir.
Bura ölkənin yeraltı sərvətlərini qənaətlə istismar edən, neftdən gələn pulları xüsusi depozit hesablarında 50-100 il sonrakı nəsillərə saxlayan Norveçdirmi? Haşa. Bura Neft Fonduna toplanmış pulları tez bir zamanda müxtəlif mənasız layihələrə sərf edən, havaya sovuran, 3-5 il sonrakı nəsillərin taleyini düşünməyən vəzifəli şəxslərin ölkəsidir.
Bura halal məmur maaşıyla dolanan, əlini harama bulamayan dürüst avropalı məmurların ölkəsi deyil, bura korrupsiya ilə rahat məşğul olmaq üçün dövlət vəzifələrini gizli hərracda açıq artırma yolu ilə satın alan kadrların ölkəsidir.
Bura kütləvi şəkildə maddi sərvət, komfort, kalori əldə etmək üçün hər cür qanunsuzluqlara qol qoyan, hər cür oğurluqlara, talançılıqlara əl atan insanların ölkəsidir.
Bura haramxorluğun lənətlənmədiyi, qınanmadığı, rüşvətxorluğun təşviq edildiyi, əliəyriliyin norma sayıldığı ölkədir.
Bura yüksək mənsəbli dövlət adamlarının cinayətkar birliklər quraraq adam oğurladığı, milyonluq xəraclar tələb etdiyi, rəsmən reketçiliklə məşğul olduqları ölkədir.
Bura başdan-ayağa kriminallaşmış, kriminala bulaşmış ölkədir.
Bura dürüstlüklə cinayətkarlığın sərhədlərinin bir-birinə qarışıb pozulduğu ölkədir.
Ona görə də burada kriminal avtoritetə rəğbət bəslənilməsi adi haldır.
Camaat üçün fərqi yoxdur ki, bu hansısa cinayət üstündə məhkum olunmuş kriminal avtoritetdir, yaxud da hələ törətdiyi cinayətlərə görə məhkum olunmamış oliqarx nazirdir. Hamı bilir ki, o nazir də öz milyonlarını dövlətin qanunlarını pozmaqla qazanıb, bu kriminal avtoritet də. İndi necə olsun? Xalq onlardan birinə hörmət etməli, digərini lənətləməlidir?
Özü də bu cür yanaşma indilərin söhbəti deyil. Misal üçün, klassik ədiblərimizin 150 il öncə yazdıqları əsərlərə baxaq. “Hacı Qara”da Əsgər və Heydər bəy qaçaqmalçılıq edərək pul-para qazanmaq, toy etmək istəyirdilər, buna görə kimsə onları qınayırdımı? Xeyr. “Hekayəti Xırs-quldurbasan”da Tanrıverdiyə qız vermirdilər ki, oğurluq, çapovulçuluq edə bilmir, ondan arvad saxlayan olmaz. Mirzə Cəlilin “Quzu” əsərində kasıb kəndli bir quzunu özü kəsib yediyi halda pulunu içkili bəydən üç dəfə alır. “Dədə Qorqud”da Qazan xan oğlu Turalı “baş kəsib, qan töküb ad çıxara bilməmək”də qınayır, onun çöldə gül dərməsini pisləyir.
Günümüzü götürək, hansısa məclisdə korrupsioner, rüşvətxor, əliəyri məmurların pisikdirildiyini görmüşükmü? Görməmişik. Elələrinin yeri həmişə başdan, ən hörmətli yerdən olur.
İndi biz bu cür anormal vərdişləri, yanlış düşüncələri olan cəmiyyətdə yaşaya-yaşaya birdən-birə özümüzü “avropalı güldərən”lər kimi aparmaq istəyirik, “kriminal avtoritetə bu sayaq rəğbət anormaldır” deyirik.
Yaxşı, kriminal avtoritetləri iqnor edək, eyni şeyi korrupsionerlərə, büdcə oğrularına, seçkiləri saxtalaşdıranlara qarşı da edə biləcəyikmi? Edə bilməyəcəyik. Kimlərsə “tutulmayan oğru, xandan, bəydən doğru” deyə bu duruma haqq qazandıra bilər. Ancaq siyasi motivlərlə olsa da, korrupsiya üstə, dövlət əmlakını talamaq, xalqın cibinə girmək üstə həbs edilən, mühakimə olunan nazirlər vardı, türmədən çıxan kimi süddən çıxmış ağ qaşığa döndülər. Heç onlara kriminal ünsür kimi baxan yoxdur. Hətta ətraflarında birləşmək üçün hazır olan on minlərlə adam var.
Anormallığın ən yekəsi budur ki, bu ölkədə az qala hər kəs kriminala (adam döydürməkdən tutmuş vergidən yayınmaya qədər, xırda rüşvətxorluqdan tutmuş milyonluq maxinasiyalara qədər) bulaşmış olduğu halda yalnız toyuq oğrularını, narkotik maddə alverçilərini və sair xırda cinayətkarlıqla məşğul olanları cani sayır.
Guya həmin xırda caniləri istintaq edən müstəntiqlər, prokurorlar, mühakimə edən hakimlər Aydan arı, sudan durudurlar? Baxaq, o xırda cinayətkarın nəyi var, onları istintaq və mühakimə edənlərin nələri var. Görək onlardan hansı xalqdan daha çox çırpışdırıb.
Dünən sosial şəbəkədə bu məsələyə dair belə bir status vardı: “500 manatlıq maaşla 100 minlik maşın sürür, 200 minlik evdə yaşayır, cəmiyyətin oğrulara rəğbətinin anormal olmasından danışır”.
Budur məsələ.
22.08.2016, 08:12
222 baxış
Xalid Kazımlı
Kriminallaşmış cəmiyyətin “avropalı güldərənləri”