Medianews.az
SSRİ-ni dağıdanın giley-güzarı
228 baxış

SSRİ-ni dağıdanın giley-güzarı

img1830847 SSRİ, kommunizm, sovet nostaljisi bitmək bilmir. Son günlər sovet dönəminin ahıl dövlət xadimləri bu mövzuda danışır, SSRİ dövrünü idealizə edir, sovet quruluşunun yaxçı tərəflərini göstərməyə çalışırlar. Söz yox, o dövrdə yaşayan obyektiv adamlar sovet dönəmini hərtərəfli xarakterizə edərlərsə, mütləq o dövrün pis tərəfləri ilə yanaşı, yaxşı cəhətlərini də qeyd etməlidirlər. Gerçəkdən də min bir zülm-zillətlə qurulmuş, milyonlarla günahsız insanın faciəsi, bütöv xalqların deportasiyası, sürgünü sayəsində bahasına başa gəlmiş sovet dövləti artıq qanlı repressiya illərini arxada qoymuş, bəlli bir düzənə sahib olmuşdu, sosialist qanunçuluğu deyilən mərhələyə qədəm qoymuşdu. Bu dövlətdə pis-yaxşı qanunlar vardı və demokratiyadan əsər-əlamət olmasa da, dövlət strukturlarının bir-birinə nəzarəti güclüydü. Partiya burjuaziyasının mövcudluğu danılmaz idi, ancaq o, vaxtaşırı sıravi xalqın bağrından çıxan kadrlarla zənginləşirdi. Həm də heç kəs partnomenklatura iyerarxiyasında kök sala, qol-budaq ata, özünə milyonlar toplayıb oliqarxa çevrilə bilmirdi. Xalqın şikayətlərinə baxılırdı. Mitinqlər, nümayişlər kimi kütləvi etiraz aksiyalarına yol verilməsə də, xalq öz istəklərini, eləcə də tələblərini yazılı şəkildə, məktub və teleqramlarla lazımi orqanlara çatdıra, müxtəlif məsələləri həll edə bilirdi. Bunları bir kənara qoyaq. Yoxsa gərək SSRİ dövrünün neqativliklərindən, əyinti-pozuntularından da danışaq. O isə dissident Soljenitsının epopeyaları boyda əsərlərə də sığan söhbət deyil. Ahıl partokratların SSRİ-yə dair açıqlamalarında bir detal qırmızı xətlə keçir. Onlar SSRİ-nin dağılmasına görə başlıca olaraq ABŞ-ı, Qərbi baiskar göstərirlər. Dünənə qədər bütün sovet xalqı bu hadisəyə görə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovu günahkar sayırdı, bu gün isə Qorbaçov özü də dilə gəlib və ABŞ-ı suçlayıb. Qorbaçov deyib ki, “Qərb açıq şəkildə Boris Yeltsinə yatırım etdi”. Qorbaçov bir yerə qədər haqlıdır. Doğrudan da 1988-91-ci illər arasında ABŞ və aparıcı Avropa dövlətləri Kremlə asi düşmüş Boris Yeltsini himayə edir, onun ABŞ-a, Avropaya səfərlərini təşkil edir, ona maddi yardım göstərirdilər. Məsələn, bir dəfə B.Yeltsinə ABŞ-da 1 milyon dollarlıq birdəfəlik şpris bağışlamışdılar, o da gətirib Moskvadakı klinikalara hədiyyə etmişdi və bu, geniş şəkildə piar olunmuşdu. Ancaq Qorbaçovun özü də Qərb tərəfindən həvəsləndirilirdi. Ona Nobel mükafatı verirdilər, Avropa mətbuatında “sovet demokratı” deyə öyür, düz yolda olduğunu bildirirdilər. O, demokratiyaya qətiyyən hazır olmayan bir cəmiyyəti demokratikləşdirməyə çalışır, eyni zamanda öz haqqını tələb edən xalqları da cəzalandırırdı. Məsələn, təkcə Qarabağ məsələsində Qorbaçovun tutduğu yaramaz mövqe SSRİ-nin süqututun əsas səbəblərindən biri oldu. Belə çıxırdı ki, ermənilərin öz müqəddəratlarını ikinci dəfə təyin etmək hüququ var, amma başqa millətlər bu haqqa sahib deyil. Məgər Almatıda, Bakıda, Vilnüsdə, Tbilisidə xalqa qarşı qırğınlar törətməyi Qorbaçovdan ABŞ və Qərb tələb edirdi? Xeyr. Onlar sadəcə “sovet demokratı”nın bu cür addımlarına mat qalır, eyni zamanda susurudlar, uçuruma gedən qatarı saxlamağa cəhd etmirdilər, başa düşürdülər ki, çətini lokomotivin girdaba yuvarlanmasıdır, ondan sonra bütün vaqonlar onun ardınca gedəcək. SSRİ-nin süqutuna görə Qərbi yalnız ona görə qınamaq olar ki, onlar dağıdıcı prosesin dayanması üçün müdaxilə etmədilər. Əslində nə ABŞ, nə də digər dünya gücləri SSRİ-nin dağılması gerçəkliyinə hazır deyildilər, günlərin bir günü onlar fakt qarşısında qaldılar və çox məmnun oldular. Qərb hesab edirdi ki, trilyonlar töksə də, SSRİ-ni dağıda bilməz, amma gün gəldi ki, bəsirətsiz, kütbeyin, alkoqolik rəhbərlər dünyanın ərazicə ən böyük dövlətini param-parça etdilər. Əlbəttə, bu gün biz “nə yaxşı ki, SSRİ dağıldı və biz müstəqil dövlət olduq” deməliyik. Fəqət sovet totalitarizmindən qurtulub milli avtoritarizmin pəncəsinə keçdiyimiz üçün “müstəqillik” deyəndə bir gözümüz gülür, digəri ağlayır. Kiçik dövlətdə yaşamağın üstünlükləri ilə yanaşı, böyük iztirabları və məsuliyyəti də var. Böyük dövlətdə yaşayanda da gərək demokratik və firavan ölkənin geniş hüquqlara malik subyektində yaşayasan, daha hər dəqiqə kütləvi cəzalar tətbiq edilən müstəmləkəsində yox.

Bizə qoşulun