Medianews.az
İdarə edənlərin idarə olunması
210 baxış

İdarə edənlərin idarə olunması

img1830847 Və ya “düşmən ölkə”də tətil perspektivi Rusiya və Türkiyə arasındakı buzlar qırılandan, ortalıq bir az istiləşəndən sonra, şimal ölkəsindən cənub ölkəsinə tətilə getməyə hazır olanların sayının bir gecədə on dəfə artması maraqlı bir gerçəyi ortaya çıxardı. Məlum oldu ki, əslində sıravi ruslar bu qədər söz-söhbətə, regiondakı gərginliyə, vaxtaşırı baş verən terror aktlarına rəğmən Türkiyəyə nifrət etmir, bu ölkəyə getməkdən çəkinmirlər. Şübhəsiz ki, onlar Türkiyəyə bələd adamlardır, hamısı azı 4-5 dəfə bu ölkədə olub, kurortlarının özəlliyini, yol-rizini, dükan-bazarının zənginliyini bilir, özlərini Türkiyədə öz evlərindəki kimi hiss edirlər. Ona görə də qadağa götürülən kimi, iki gün öncəki hadisəyə, turislərin daha çox keçdiyi məkanda – aereportda baş verən terror aktına baxmayaraq, çamadanlarını hazırladılar və Ağ dənizin, Egeyin ilıq və duru suyuna girmək üçün yola düzəldilər. Bəs rus-türk münasibətləri ilıqlaşmasaydı, necə olacaqdı? Heç nə olmayacaqdı. Turizmi, tətili sevən ruslar sadəcə ya başqa isti ölkələrdə dincələcəkdilər, ya da başqa kurortların bahalığı, əlverişsizliyi, şəraitsizliyi üzündən builki tətillərindən vaz keçəcək, “daxili imkanları” araşdıracaqdılar. Yəni onlar heç bir halda Putin administrasiyasına Türkiyəyə qarşı barışmaz, güzəştsiz siyasi xətt götürdüyü üçün etiraz bildirməyəcəkdilər, bu siyasətə dəyişiklik edilməsini tələb etməyəcəkdilər. Rusiya kimi ölkələrdə qaydadır: dövlət, hökumət nə dedisə, odur. Əgər dövlət rəhbərliyi bir ölkəyə barmaq tuşlayıb, onu dost elan edirsə, cəmiyyət həmin ölkəni o cür qəbul edəcək, yox, başbilənlər bir ölkəni düşmən sayırsa, xalq da elə sayacaq. Dünənə qədər rəsmi Moskva Türkiyəni ölkənin “xarici düşmənləri”nin siyahısında ilk üçlüyə salmışdı, xalq arasında keçirilən rəy sorğuları da göstərirdi ki, əhalinin böyük bir hissəsi Türkiyəni “düşmən ölkə” sayır. İndi işə baxın, Kreml Türkiyəyə yönəlmiş sərt baxışlarını yumşaldıb və bir günün içində yüz minlərlə rus tətilini bu “düşmən ölkə”də keçirmək qərarına gəlib. Əgər sabah Kremlin üzü yenidən çönsə, onda istirahət üçün Türkiyəni seçib otel rezervasiya edən yüz minlərlə turist biletlərini ləğv etdirəcək. Son rəy sorğularında ruslar Ukraynanı da “düşmən ölkə” kimi səciyyələndirmişdilər. Amma bu da Kremlin ovqatından asılı məsələdir. Bu gün səhər Putin Ukraynanı dost elan eləsə, axşam milyonlarla rus onu alqışlayacaq və “slavyan qardaşlığı”ndan danışacaq. Belə cəmiyyətlərdən qada-bəla əskik olmaz. Əgər ölkədə ictimai rəyin formalaşması mütləq şəkildə idarə edənlərin əlindədirsə və siyasi hakimiyyət onu öz mənafeyinə uyğun şəkildə manipulyasiya edə bilirsə, demək, xalqın öz hüquqlarını tam olaraq əldə etməsinə hələ uzun məsafə var. Ancaq bu günlərdə Böyük Britaniyada tam əksini gördük. Britaniyanın Avropa Birliyindən çıxmağa dair keçirilən referendumda hakim partiyanın dediyi olmadı, əhalinin 50 faizdən bir az artığı “Breksit” adlandırılan variantı, AB-dən ayrılmağı seçdi. Eyni situasiyada Rusiya (eləcə də Belarus, Azərbaycan, Qazaxıstan, Ermənistan və b.) ictimaiyyəti olsaydı, referendumdan çıxan nəticə hakimiyyətin müdafiə etdiyi mövqeylə tam (ən azı 75 faizlik göstərici ilə) üst-üstə düşərdi – hətta heç bir saxtakarlıq və hiyləgərlik olmasa da. İndinin özündə də Birləşmiş Krallıq əhalisinin böyük bir hissəsi referendumun nəticələri ilə barışmır və mübarizəni davam etdirir, kütləvi aksiyalar keçirir. Bəlkə də bu gün referendum yenidən keçirilsə, AB üzvü olaraq qalmaq istəyənlərin çəkisi daha ağır gələr. Bu, onu göstərir ki, bu ölkədə ictimaiyyət heç də kor-koranə şəkildə idarə edənlərə itaət etmir, özlüyündə “yaxşı nədir, pis nədir” sualının cavabını bilir və dolayısı ilə idarə edənləri idarə edir. Belə ölkələrdə hakimiyyət doğrudan da xalqa məxsusdur. O seçkilər və referendumlar vasitəsilə öz gələcəyini, istiqamətini, idarəolunma formatını seçir. Nə yazıq ki, regionumuzdakı ölkələrdə yuxarılar nə fikirləşirlərsə, maneəsiz olaraq onu həyata keçirir, hətta xalqa hansı qonşunu dost, hansını düşmən saymaq, hansı ölkədə dincəlmək, hansıyla alış-veriş etməmək barədə direktivlər də verirlər. Rəhbərlərinin iradələrini həmişə qeyd-şərtsiz yerinə yetirən cəmiyyətlərin hamısı bir-birinə oxşayır. Onları o cür asanlıqla idarə edən hakim zümrələr də bir-birinin bənzəridir.

Bizə qoşulun