Azərbaycan kimi ölkələrin nəsibi, taleyi belədir: bir tarixi nailiyyəti bir dəfə əldən verdilərmi, onu geri qaytarmaq, yenidən əldə etmək üçün 50-100 il çabalayırlar.
1920-ci ildə əldən verdiyimiz müstəqil dövlətçiliyin bərpası 71 ildən sonra mümkün oldu. Bu yolda minlərlə vətən oğlu güllə qabağında, sürgünlərdə qurban getdi.
O zaman süqut edən respublikaya görə mübahisələr o dövləti qurmuş sonuncu insanlar yaşayana qədər davam etdi: “Dirəniş göstərsək, cümhuriyyəti qorumaq olardı”, “kommunistlər xəyanət etməsəydi, Azərbaycanın müstəqilliyi əldən getməzdi”, “Böyük dövlətlər ölkəmizi Rusiyaya güzəştə getməsəydilər...” və sair və ilaxır.
Eyni durum 4-24 iyun 1993-cü il hadisələrinə münasibətdə də yaranıb. Üstündən 23 il keçib, mübahisə bitmir. Hamı bir-birini qınayır, ittiham edir.
22 ildən çoxdur ki, hər ilin iyun ayı bu sayaq mübahisələrlə keçir. Təkrarlanan fikirlər, hər dəfə “iyun qiyamının daha bir sirri açıldı” deyə təqdim olunan, ancaq çoxlarının çoxdan bildiyi xırda detallardan başqa bir şey olmayan söhbətlər artıq ictimaiyyəti də, yeni nəsil siyasi qüvvələri də, hətta mübahisə edənlərin özlərini də bezdirib.
Biz hamılıqla dərin bir girdabın dibində olan, gah fiziki güc, gah intellekt, gah da fövqəl qüvvələrin hesabına o girdabdan çıxmaq istəyən və bunu bacarmayan, nəticədə dibdə qalaraq bir-birilə dalaşan çarəsiz adamlara dönmüşük.
1995-ci və ya 1998-ci ildə müxalifət həmin dərin çuxurdan çıxsaydı, demokratik seçki keçirib, hakimiyyəti dəyişə bilsəydi, bu söhbətlər çoxdan bitmiş, kəsərini, qızğınlığını itirmiş olardı.
Ancaq bu, nə o illərdə, nə də ondan sonrakı seçkilərdə baş tutmadı, ona görə də söhbət vaxtaşırı dönüb-dolaşıb problemin qaynağı olan günlərə gəlir.
Əslində isə problemin qaynağı heç də 4-24 iyun arasındakı o müdhiş günlərdə kimin nə cür mövqe tutmasında deyil. Hər şeyin başqa cür olması üçün əlverişli mühit, tormozlayıcı mexanizmlər, qoruyucu çənbərlər, çanaqlar yox idi.
Başqa sözlə, prezident Elçibəy qiyamçılara qarşı sərt olsaydı da, Etibar Məmmədov qiyamçılara dəstək verməsəydi də, Heydər Əliyev qiyamçılardan öz xeyrinə yararlanmasaydı da, qiyamçılar başlarından böyük iddialara düşməsəydilər də, 1993-cü ildə demokratik hakimiyyəti qoruyub saxlamaq mümkün olmayacaqdı. Yenə kimlərsə başqaları ortaya çıxıb düzəni pozacaqdılar.
Oturuşmuş dövlətlərin, demokratik rejimə malik ölkələrin əsas üstünlüyü odur ki, dövlətçilik hansısa liderin qətiyyətlilik dərəcəsindən, başqasının vicdanlılığından, bir ayrısının hakimiyyət hərisliyindən, bu birisinin insaf-mürvətindən asılı deyil. Ortada işlək mexanizmlər, effektiv institutlar, aydın hakimiyyət bölgüsü var və bir adam (bir qrup) istəsə də dövlətin taleyini özü bildiyi istiqamətə döndərə bilməz.
1993-cü ildə bizdə nəinki o cür mexanizmlər yox idi, hətta o mexanizmləri zamanla yaratmaq üçün də mühit, iradə, təşəbbüs, lazımi bilgi, təcrübə yox idi.
Başqa sözlə, bütün bu hadisələr ona görə baş verdi ki, elə də olmalıydı. Cəmiyyət demokratiyaya hazır olmadığı kimi, dövlət də demokratik prinsiplərlə idarə olunası halda deyildi.
Əgər cəmiyyət güclü, demokratiyaya hazır olsaydı, 1993-cü ilin bu günlərində itirdiyi o tarixi nailiyyəti sonrakı illərdə mütləq bərpa edərdi. Ancaq edə bilmədi və ildən-ilə müqavimət gücü azaldı, potensialı zəiflədi, yıprandı, deqradasiyaya, mənəvi aşınmaya məruz qaldı və biz bu günlərə gəlib çıxdıq.
1993-cü ildə hər şeyin başqa cür olması, bu günümüz baxımdan düzgün istiqamətə getməsi üçün əlində səlahiyyət olanlar çox radikal, inqilabi addımlar atmalıydılar, milli təsanüd xəttindən imtina etməli idilər, öz üzərilərinə böyük məsuliyyətlər götürməli idilər. Bu halda bəlkə də onlar özlərini fəda edəcəkdilər, bəlkə də tarixdə qara damğa ilə qalacaqdılar, ola bilərdi ki, heç vaxt xalqın gözündə bəraət də qazanmayacaqdılar.
Bütün bunları biz indi bilirik, bu günün prizmasından baxıb anlayırıq. O vaxt müdrik qərarlar vermək çətin idi.
Ona görə də arzu edək ki, heç olmasa 4-24 iyun qiyamının 24-cü ildönümündə bu söhbətlərin üstünə elə bir daş qoyulsun ki, daha onu açıb-bükən olmasın. Keçmişlə bu qədər oynamaq, qurdalanmaq heç bir halda uğur gətirə bilməz. İrəliyə baxmaq, sıfırdan başlamaq lazımdır. Və bunu “şanlı keçmiş”i olmayanlar etməlidir.
16.06.2016, 06:24
188 baxış
Xalid Kazımlı
Keçmişi qurdalamağı bitirmək, sıfırdan başlamaq...