Medianews.az
“Atletiko” niyə uduzdu? Ən ciddi versiya
396 baxış

“Atletiko” niyə uduzdu? Ən ciddi versiya

img2022709 Bu gecə oynanılan “Real” (Madrid)-“Atletiko” (Madrid) matçında bizi təkcə futbol şousu, oyunun nəticəsi maraqlandırmırdı. Ortada başqa məsələ də vardı. Bəlkə də biz dünyada yeganə futbol azarkeşləriydik ki, oyunçuların formalarına zənd edirdik, baxırdıq ki, “Atletiko” futbolçularının formalarının sinəsində, yaxud belində “Land of fire - Azerbaijan” yazılıbmı. Fəqət oyun başlayan kimi məlum oldu ki, “Atletiko” oyunçularının futbol köynəklərinin sinəsində artıq “Land of fire - Azerbaijan” sözləri yoxdur, onun yerində “Plus500” deyə nəsə bir şey yazılıb. Gözlədik ki, Qrizman (ən çox onu göstərirdilər) üzü o tərəfə dönsün, görək, belində necə, “Land of fire - Azerbaijan” varmı. Bilənlər bilir, bilməyənlər də bilsin ki, bizdəki devalvasiyadan qabaq “Atletiko”lu oyunçuların köynəklərinin sinəsində yazılan “Land of fire - Azerbaijan” reklamı devalvasiyadan sonra köynəyin, türkün sözü, dalına keçmişdi. Əslində, o sözlər köynəyin çiyin tərəfində, nömrədən yuxarıda olsaydı, yenə dözmək olardı, amma “Land of fire - Azerbaijan” sözləri köynəyin lap alt tərəfindəydi, oyunçuların onurğa sütununun bitdiyi yerlərdəydi. Nəhayət, Qrizmanı yox, Karraskonu göstərdilər və gördük ki, “Land of fire - Azerbaijan” “Atletiko” oyunçularının köynəklərinin kürək tərəfinin alt nahiyəsində də yoxdur. Bizim futbol azarkeşləri bu fakta görə, məzun olan onbirincilərin 57 ildir təkrarladıqları ibarə ilə desək, həm kədərləndilər, həm də sevindilər. Kədərləndilər - ona görə ki, 2-3 ildən bəri hər oyunda futbolçuların formalarında gördüyümüz doğma sözlərdən ayrılırıq, sevindilər – ona görə ki, nəhayət, bu üç sözə görə “Atletiko”ya bir ətək pul ödəməli olmayacağıq. Bu, ondan xəbər verdi ki, amansız devalvasiya ölkənin reklamını vurub. Özü də görünür, devalvasiya “Land of fire - Azerbaijan”ı o dərəcədə vurub ki, o, futbolçuların köynəyinin arxa hissəsində də duruş gətirməyib. Kapitalizm dünyasıdır, pul verməsən, o yazını o köynəkdə heç bir saat da saxlamazlar. Nə edə bilərik? Dalaşası deyilik ki... İndi yaxşı oldumu? “Atletiko” Çempionlar Liqasının final oyununda penaltilər seriyasında uduzdu. Bəlkə də komandanın formasında “Land of fire - Azerbaijan” yazısı qalsaydı, oyunçular penaltilərin hamısını sərrast vuracaqdılar. Çünki bu yazı onlara düşürdü. O reklam mətni onların köynəklərində olduğu vaxtdan bəri komanda yalnız qabağa gedir, türkün sözü, uğurdan uğura koşurdu. Hamı da bu uğurlara görə, baş məşqçi Dieqo Simonedən şübhələnirdi. Düzdür, arada bir dəfə kimsə qeyd etmişdi ki, bu işdə “Land of fire”nin də rolu var, amma bunu ciddiyə alan olmadı. Budur, düşüş, tənəzzül başlayıb. Gələn il “Atletiko” qulağının dibini görər ÇL-nin finalına qədər gələ bilsə. Təsəllimiz bircə odur ki, yüz minlərlə “Atletiko” azarkeşi məhz sinəsində “Land of fire - Azerbaijan” yazılmış formaları alıblar (gecə əyinlərindəydi), nimdaşı çıxana qədər geyəcəklər. Bu o deməkdir ki, hələ İspaniyanın, Madridin stadionlarında biz “Land of fire - Azerbaijan” sözlərini çox görəcəyik. Bu, komandanın ən uğurlu dönəminin simvolu olaraq tarixdə qalacaq. Kim bilir, bəlkə “Atletiko” rəhbərliyi o düşərli reklamı yenidən öz oyunçularının formasına pulsuz-pənəsiz qaytaracaq? Bir də adama ağır gələn odur ki, “Barselona” oyunçularının köynəklərinin sinəsindəki “Fly Katar” və “Real”ın oyunçularının köynəklərindəki “Fly Emirate” yazıları olduğunu kimi qalır. Belə çıxır ki, onların pulu bizimkindən çox imiş və camaat indən belə daraşıb “Fly Emirate”nin təyyarələrində ora-bura uçacaqlar. Keşkə, neftin qiyməti qalxsın, pulumuz yenə çox olsun və gələn il Çempionlar Liqasının qalibi olacaq İspaniya klubuna (bunu futbolşünaslar proqnozlaşdırmalıdırlar ki, çempion hansı ispan klubu olacaq) reklam verək.

Bizə qoşulun