Medianews.az
“Sənin də ”stop"un var?"
215 baxış

“Sənin də ”stop"un var?"

img2022709 Keçmiş siyasi məhbus Tofiq Yaqublunun ölkəmizin qərb sərhədində saxlanılması və ölkədən xaricə buraxılmaması barədə xəbər yadıma Hüseyn Arabulu saldı. İndiki gənclər bəlkə də Hüseyn Arabulu tanımırlar, amma o kişi vaxtilə ölkəmizdə çox məşhur idi. Adam bir zamanlar ölkəmizin işıq təchizatına baxan şirkətin sahibi idi. Allah tərəfi, həm özü yaxşı kişiydi, həm də yaxşı işləyirdi, ona qədər, demək olar ki, camaat gecənin yarısını qaranlıqda qalırdı. Amma sonradan iş elə gətirdi ki, Arabulu ölkədən qovmaq, onun rəhbərlik etdiyi sahəni inhisara götürmək vacib oldu. Di gəl, bu nurnai kişinin içində elə bir höcətlik, inadkarlıq baş qaldırdı ki, problem əmələ gəldi. Hüseyn əfəndi dirəşmişdi ki, şirkətimi dolandırıcılara qapdırmam. A kişi, etmə, eləmə, burası 39-42-ci paraleldir, beynəlxalq arbitraj məhkəməsi-filan nədir, daşı tök ətəyindən, şirkəti təhvil ver. Kimə deyirsən, sayın Arabul deyirdi, qırxdır, bir əskik deyil, verməm. Belə olanda atlar daşlığa, qanqallığa sürüldü. Hökumətimizin də üzü çöndü, dünən ölkədən qovmaq istədiyi adamın ölkədən çıxışına “stop” qoydu. Çünki Arabul ölkədən çıxa bilsəydi, gedib beynəlxalq məhkəmələrə işverənlik edəcəkdi. Bu da yaşlı adam, arvad-uşaq 2 min kilometr o tərəfdə, baxanı yox, üstəlilk, artıq pul-para da qazana bilmir, neyləsin? Ona görə də cənab Arabul bir gün qafaya qoymuşdu ki, bizim bu qonaqpərvər ölkəmizi qeyri-leqal şəkildə, gizlicə tərk eləsin. Bu ideya onun öz ağlına gəlmişdi, yoxsa ona kimsə belə bir tövsiyə vermişdi, bu gün də aydın deyil, tərəfimizdən araşdırılıb ortaya çıxarılmayıb. Amma bir zamanlar ölkəmizə gələndə gül-çiçəklə qarşılanan və bizi gerçəkdən də işıqlı günlərə çıxaran Hüseyn Arabulu Qazax tərəflərdə sərhədin yaxınlığında çayda, özü də balıqçı qiyafəsində tutmuşdular. O vaxt sərhədçilərimiz çox ayıq-sayıq idi, sərhəddən quş uçurtmur, balıq üzdürmürdülər (hərçənd sonradan 3 tona yaxın maye heroin keçirənləri üzrlü səbəbdən görməmişdilər, yuxulu vaxtlarına düşmüşdü). Onlar cənab Arabulu çaydan tutub gətirmişdilər, adını potensial sərhəd pozucusu qoymuşdular, hökumət adamları da xəbəri mediaya servis eləmişdilər. Bu hərəkətə görə Arabula cəza verilmədi. Əslində onu naqillərlə çaya elektrik cərəyanı buraxıb balıq tutmaq üstündə, brakonyer kimi cərimələyə də bilərdilər. Amma hökumətimiz bunu etmədi. Beləcə, köhnə elektrikçini, yeni balıqçını paytaxta qayıtmağa məcbur elədilər. Üstündən bir müddət keçəndən sonra necə oldusa, nə baş verdisə, Hüseyn müəllimin “stop”unu götürdülər, o da vardı getdi məmləkətinə. Belə görünürdü ki, əfəndidən paytaxtın elektrik təminatına baxan idarənin halallığını da alıblar. Yəni belədir, bu ölkəyə daxil olmaq asan iş olmadığı kimi, bu ölkədən çıxmaq da asan iş deyil. Neçə vaxtdır, ölkədə bir acı “stop” rüzgarı əsir. Tez-tez sosial şəbəkədə virtual və real dostlar belə şeylər yazırlar: “Bu gün Avropaya uçmalıydım, aeroportdan buraxmadılar. Dedilər, adımın qarşısında ”stop" var"; “Bilmirəm, günahım nədir, nəyə görə məni bu gün Türkiyəyə getməyə qoymadılar”; “Xəbərim olmayıb, heç demə, mənim ölkədən çıxmağım yasaqmış”; “Adımın qarşısındakı ”stop"u götürtdürə bilsəydim, Avropadan gələn dəvətləri dəyərləndirərdim"; “Xəstəyəm, xaricdə müalicəyə ehtiyacım var, amma məni xaricə buraxmırlar” və sair və ilaxır. Xüləs, ölkədə xeyli ictimai-siyasi fəal var ki, hökumət onları Arabulun gününə salıb, az qalırlar Bakının sabiq və rəhmətlik rəhbəri Rəfael Allahverdiyev kimi gedib Balakən tərəfdə Alazan çayını qayıqla üzüb xaricə keçsinlər. Sadəcə, bu işi düzüb-qoşa bilən adamları tanımırlar. Bundan başqa, bir xeyli ictimai-siyasi fəal da var ki, ölkədən çıxışları qadağan deyil, adlarının qarşısında “stop”-filan yoxdur, amma hər dəfə aeroportda pasport nəzarətindən keçəndə onları tər basır, qorxurlar ki, məmur indicə deyəcək: “Sizin ”stop"unuz var, ölkədən çıxa bilməzsiniz". Özü də bir var, bunu adama aeroportda deyələr, bahalı təyyarə biletin əlində qala, yana, bir də var, ölkədən avtpbusla, qatarla çıxarkən deyələr, sən də deyəsən ki, biletpulu cəhənnəmə olsun. Bu baxımdan Tofiq Yaqublu yaxşı qurtarıb, o, Osloya (Parisə, Londona) uçarkən “stop” eşitsəydi, pərtlik daha böyük olardı.

Bizə qoşulun