Biz də o qövmlərdənik ki, öz düşüncə tərziylə, öz arxaik adət-ənənələri ilə öyünür, bunu irəli getmiş ölkələrə sırımağa çalışır, onların əxlaqına öz arşınımızla qiymət veririk.
Bizə görə, avropalılar insanın həyatı, dolanışığı, rahatlığı, sağlamlığı üçün yüzlərlə gözəl icadlar, ixtiralar etsələr də, əslində əxlaqsızdırlar, çünki geyim-kecimlərinə fikir vermirlər, istədikləri cür geyinirlər.
Artıq neçə yüz ildir belədir - biz eyzən avropalıların əxlaqı ilə tumanlarının uzunluğunu tərs mütənasib görürük və onlara acığımız tutur.
19-cu əsrin ortalarında Qarabağa gələn və Şahbaz bəyi özüylə Firəngistana (indiki Fransa) oxumağa aparmaq istəyən Müsyö Jordanın niyyəti məhz bu üzdən etiraz doğurmuşdu - yerli arvadlar hesab edirdilər ki, üzü-başı açıq, kişi görəndə yaşmanmayan əxlaqsız fransız qızları bəyzadəni yoldan çıxaracaqlar. Madamlar tamarzıdılar axı, Fransada kişi yoxdur, Qarabağdan gəlmiş qaraşın Şahbazı görən kimi bayılacaqdılar.
Aradan 170 il keçib, biz həmin düşüncədəyik, hələ də bizim üçün əxlaq meyarı tekstil-trikotaj məmulatlarının uzunluğu-gödəkliyidir. Vay amandır, hansısa Avropa şəhərindən çəkilmiş bir şəkilin ümumi panoramında diziaçıq bir qadın görünsün, dərhal o şəhərin reputsiyası gözümüzdə puç olur, adını “əxlaqsızlar yuvası”, “quşxana” qoyuruq.
Biz bu düşüncə sistemimizin adını çoxdan mentalitet qoymuşuq və bizim mentalitetimizin arşını hər gün işləyir, ölçür, biçir, qiymətləndirir, pisləyir, qınayır, tövsiyə verir, yol göstərir.
Minlərlə vətən oğlu əlində damğa hərləyir, gözünə pis görünənlərin belindən qoyur. Məsələn, bizə görə, müğənni Şakiranın əri futbolçu Pike xoşqeyrətdir. Çünki bir vaxtlar o, Şakiranın sevimli kişilərinin heyətində ilk onbirə düşmürdü, amma onu alıb, arvad edib. Yeri gəlsə, Pike dünyada bu adda, bu nişanda xalq olduğunu bilmir (hərçənd Şakira Telman İsmayılova görə bizi tanımış olmalıdır), amma biz də burda onu kişi qrafasına salmırıq.
Azı on ildir ölkəmizdə çox adam “Eurovision” musiqi yarışmasında sırf müğənnilərin geyimlərinin monitorinqini aparır və Avropaya qiymət verirlər. Elə il olur ki, qadın müğənnilərin bir yarısı yüngül geyinir, elə il də olur, çoxu örtülü geyinir, xeyri yoxdur, Avropanın adı üstündədir. O vaxt İslandiyanın abırlı geyinən (zalım qızının topuğu da görünmürdü) təmsilçisi ikinci yeri tutdu, amma dizi açıq geyən qadın müğənnilər ön yerlər tutmadılar, xeyri olmadı, bizim camaatın yarışmaya qiyməti belə oldu: “Avropa əxlaqsızlığa səs verdi”.
Hazırda ölkəmizi “Eurovision”da təmsil edən Səmra adlı qızın geyimi müzakirə olunur. Vay, vay, vay, qız dərin dekolte geyib, avropalıların qabağına dizi açıq çıxıb. Bu nə, mentalitet əldən getdi.
Bu hərəkət sosial şəbəkədə elə bir qızğın müzakirə doğurub ki, hazırda Rusiya və ABŞ Suriya məsələsini bu cür qızğınlıqla müzakirə etmirlər. Sanasan, Səmra səhnəyə kələğayıda çıxmalıymış.
Facebook üzvlərindən biri yazmışdı ki, biz bu qızı “Eurovision”a göndərmişik, “ismətli gəlinlər” yarışmasına yox.
Düzdür, o qız trikotaj məmulatından cəmi-cümü 20 santimetr artıq istifadə etsəydi, bu qədər söz-söhbət olmazdı, amma bu, elə işdir ki, özü bilər, atası, qardaşı, nişanlısı bilər, istəyər, dərin dekolte geyər, istəyər, dayaz don, yaxud nənələr kimi yeddi taxta tuman geyər. Nəyimizə lazımdır? Bu, başqalarının müzakirə edəcəyi məsələ deyil, olsa da, sırf moda, stil baxımından müzakirə oluna bilər.
Ancaq geyimə görə ismət-abır, əxlaq, tərbiyə, mənəviyyat söhbəti olmamalıdır. Kim istəyir, bürünsün, kim istəyir, yüngül geysin.
Əgər kim hesab edirsə ki, bu cür geyimlər onun oğlu Şahbazı yoldan çıxaracaq, narahat olmasın, müasir texnologiyalar bəyzadənin elə görüntüləri tapmaq problemini həll edib, gedib bezənə qədər baxa bilər.
Uzun sözün kəsəsi, gərək biz öz düşüncə sistemimizlə başqa xalqaların işinə qarışmayaq. İstəmiriksə, Avropa və Amerikanın hər şeyi bizə xor görünürsə, onlardan birdəfəlik üz döndərək, heç filmlərinə, şoularına da baxmayaq. Hətta İran kimi gimnast qızların yarışını göstərərkən bədənin libassız hissəni qapatmaq üçün fırlanan qara çarx görüntüsündən də istifadə edə bilərik. Mentalitet də bərbad olub getməz.
12.05.2016, 07:41
288 baxış
Samir Sarı
Trikotaj məmulatı əxlaq meyarı kimi...