Medianews.az
Əlamətdar günlərdə ələ düşən məmurlar
214 baxış

Əlamətdar günlərdə ələ düşən məmurlar

img2022709 Heç bilirsiniz ki, ABŞ-da, Obama administrasiyasında ən ağır iş hansıdır? Çox adam deyəcək ki, prezidentin özünün işi hamısından ağır olar. Amma yox. Ağ Evdə ən ağır iş administrasiyanın mətbuat xidmətinin rəhbərinin işidir. Çox məşəqqətli, iztirablı işdir. Ağ Evin mətbuat katibləri Duayt Eyzenhauerin vaxtından bəri həmişə üzütüpürcəkli olublar. Elə də qalırlar. Təsəvvür edin, onlar hər səhər brifinq keçirməli və suallara cavab verməlidirlər. Suallar da nə suallar: “Qvineya-Bisauda müxalifət fəalı həbs edilib, Obama administrasiyasının buna münasibəti necədir?”; “Suriya...”; “Rusiyanın...”; “Türkiyəyə...”; “İranı...”; “Panamada...”; “Azərbaycandan...” kimi onlarla sual. Dünyanın harasında nə baş verirsə, versin, Ağ Evin mətbuat katibi o barədə suala cavab verməlidir. Tərs kimi, elə əcnəbi jurnalistlər də olur ki, öz sualları ilə Ağ Evi silkələyirlər. Ən pisi odur ki, amerikalı jurnalistlər bizimkilər kimi ədəb-ərkanlı, qanacaq-qabiliyyətli deyillər, ölçü-biçi hərləmirlər, saqqız çeynəyə-çeynəyə, ədabaz-ədabaz prezident Obamaya köntöy suallar verirlər. Mətbuat katibi şefini qorumaq istəyəndə sözünü kəsir, üstünə acıqlanırlar ki, ser, sualdan yayınmayın, düzgün cavab verin. Hələ elə olur ki, gecəyarısı zəng vurub mətbuat katibini yuxudan oyadırlar ki, sualımız var və sair və ilaxır. Onlarda xasiyyətdir, hər gün Ağ Evə akkreditasiya olunmuş jurnalistlər tülkü durmazdan Obamanın qapısını kəsdirirlər. Prezident və mətbuat katibi səhər işə başlayanda “hello”laşmazdan dərhal sonra məsləhətləşirlər ki, bu gün jurnalistlərə nə deyəcəklər. Allah eləməsin ki, biri ağzından quş buraxsın, həmin dəqiqə hoydu hoyduya götürərlər. Bizdə isə başqa cürdür. Bizdə jurnalistlər səhər-səhər heç bir dövlət strukturunun qapısının ağzını kəsdirə bilməzlər. İmkan yoxdur. Sualları yazılı göndərmək, 10 gün əvvəlcədən müraciət etmək və gözləmək lazımdır. “Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində sorğularınız cavablandırılacaqdır”. Ona görə də azərbaycanlı jurnalistlər əlamətdar günləri səbirsizliklə gözləyirlər. Yanvarın 20-sidirsə, demək, nazirlərdən, məmurlardan informasiya almaq üçün Şəhidlər Xiyabanına getmək lazımdır. Hamısı ora gələcək. Kimi tutdular, tutdular, suallarını verəcəklər. Tutduq verməyənləri isə Allaha tapşırmaq lazımdır. Dekabrın 12-sidirsə, jurnalistlər üçün görüş yeri Fəxri Xiyabandır. Nazir-məmur əhli mütləq oraya, ziyarətə gələcəklər, ütük tərpənib sualları döşəmək olar. Mayın 10-dursa, demək, məmurlar Mərkəzi Bankın qabağındakı abidənin önünə toplaşacaqlar, cəld olmaq lazımdır. Martın 20-dirsə, ölkə rəhbərliyi Fəvvarələr meydanına gəzintiyə çıxacaq. Rəhbər orda olacaqsa, demək, əyan-əşrəf də orda olacaq. Sualı olan varsa, qabağa gəlsin. Mayın 28-i, iyunun 15-i, sentyabrın 20-si (“Əsrin müqaviləsi” imzalanan gün) də əlamətdar günlərdəndir, həmin günlərdə ictimai-siyasi tədbirlər, toplantılar ola bilər, sadəcə, tədbirin yerini öyrənib ora varid olmaq lazımdır. Bəli, bizdə belədir. Jurnalistlərin yüksək mənsəbli məmurlara çıxış imkanı yalnız əlamətdar günlərdə və kütləvi tədbirlər zamanı yaranır. Başqa vaxt çətindir. Əslində, həmin günlərdə də asan deyil. Elə sital məmurlar var ki, yuxarıda dediyimiz kimi, jurnalistə tutduq vermirlər, kamera, mikrofon, diktofon görəndə iynə görmüş cin kimi aradan çıxırlar. Ələ keçən məmurlar isə səliqəli şəkildə verilmiş ütülü suallara nişastalı cavablar verir, canlarını qurtarırlar. Sonra saytlara baxırsan, hamısında eyni adamlar (Elman Rüstəmov, Əli Əhmədov, Rüfət Aslanlı, Aydın Mirzəzadə), eyni xəbərlər. Bir də vaxt tamamında onlar telekanalların xəbər bülletenlərində görünürlər. Təxminən iki gün bu tipli xəbərlər bol olur. Sonra o xəbərlərin istehsal edilməsi prosesi qalır başqa bir əlamətdar günə və ya tədbirə. İllərdir ki, belədir. Əgər bir gün məmurların əlamətdar tədbirlərə, ziyarətlərə gəlməsi ənənəsi pozulsa, elə ola bilər ki, jurnalistlər aylarla nazir üzü görməzlər. Hardansa qulağıma “elə görməsələr yaxşıdır” mızıltısı gəlir...

Bizə qoşulun