Medianews.az
Fəal gənclərin aksiyası: dünən və bu gün
182 baxış

Fəal gənclərin aksiyası: dünən və bu gün

img2022709
Bu ölkədə gənclərin toplaşıb (yaxud toplanlaşdırılıb) hardasa piket keçirməsi olayı ilk dəfə deyil. Biz belə filmlərə çox baxmışıq, hətta onların bir neçəsində iştirak da etmişik. 
Bu barədə danışanda hər şeyə rişxəndlə yanaşan yeni nəsil gənclər deyirlər, eh, sizin də günləriniz olub... Və gülürlər. Bu, bəlkə indi gülməli görünə bilər, amma o vaxt gülməli deyildi.
Məsələn, bir dəfə, gərək ki, 2003-cü il idi, Hafiz Hacıyevin rəhbərliyi ilə bir sürü gənci (indi saqqalı çallaşmış kişilər olarlar) yığıb gətirmişdilər Müsavat Partiyasının qabağına, bəzilərinin əlinə də meqafon vermişdilər. Yaramazlar ağızlarını açıb gözlərini yummuşdular, hey söyürdülər. Biz də pəncərədən baxırdıq. Söyənlər gördülər ki, elə çığırmaqları özlərinə qalır, bunlara fikir verən yoxdur, birdən ağzı-burnu dələngəvaz, sur-suyumundan hind filmlərinin mənfi obrazlarına, türk filmlərinin təcavüzçü personajlarına oxşayan bir gədə meqafonu dostunun əlindən qapıb aldı və ağzına dirəyib anqırdı: “Nə tülkü kimi qaçıb girmisiz qərargaha, çıxın cavab verin”. Yanımızdakı bəzi gənclər əsəbiləşdilər, biri ağzını söyüşlə doldurub qarşı tərəfə göndərmək istədi, amma dostları onun ağzını qapatdılar. Gəncimiz ha çırpındı, xeyri olmadı, axırda buraxdılar, o da bərkdən dedi: “Ayıb olsun sizə!”
Doğrusu, bu xatirəni yaza-yaza ha fikirləşirəm ki, o gənclərin partiya qarşısına nəyə görə gəldiklərini, etirazlarına nəyin səbəb olduğunu yadıma salım. Heç nə yadıma düşmür. Amma səbəb təxminən o ola bilərdi ki, İsa Qəmbər niyə prezident olmaq istəyir, namizədliyini irəli sürür.
O ərəfədə bir-iki nəfər də vardı, bəyan etmişdilər ki, İsa Qəmbər prezidentliyə namizəd olsa, özlərini yandıracaqlar. Gerçəkdən də adamlar sözlərini tutdular, Fəvvarələr meydanında elə bir özünüyandırma aksiyası təşkil etdilər. Ancaq o vaxt onlar filmlərdə kaskadyorların geydiyi xüsusi paltardan geymişdilər ki, həm özlərini yandırmış kimi görünsünlər, həm də yanıq xəsarəti alıb ölməsinlər. Fəqət yardımçıları onları bir-iki saniyə gec söndürmüşdülər və nəticədə hər ikisi bir balaca ütülmüşdü. Sonradan onlardan biri yanğını söndürməyə məsul olan köməkçisini jurnalistlərin yanındaca danlamışdı: “Alçaq, sənin ləngliyin üzündən az qalmışdı yanım”.
Bir dəfə də 7-8 il qabaq o vaxtın fəal gənclərini dəhmərləyib “Gündəlik Azərbaycan” qəzetinin qarşısına gətirmişdilər. Onlar da Eynulla Fətullayevə söyür, qışqırırdılar ki, rədd olub ölkədən getsin. Başqa zəhmətkeşlər də dəstəylə gəlirdilər, söyüb-söyüb gedirdilər. Sonra yumurta atmaq vacib oldu. Hər dəfə bir batalyon əsgərin qayğanağına bəs edəcək qədər yumurtanı redaksiyanın irilaylı şüşələrinə çırpıb gedirdilər. Onlar gedəndən sonra redaksiyaya xüsusi yuyucular çağırılırdı ki, şüşədə qalan yumurta həlməşiyini quruyub acar xaçapurisinə dönməmiş silib təmizləsinlər.
Elə günlərin birində, qəzəbli və od-alovlu gənclər gəlib redaksiyanın qabağında çığırışmağa başlayanda əməkdaşlarımızdan biri hövsələsini basa bilməyib aşağı, etiraz edənlərin yanına düşdü, dedi, qətnamənizi verin, tanış olaq. Tələbələrdən biri, Hollivud filmlərinin romantik aşiqlərinə oxşayan bir gənc üzünü ona tutaraq bərkdən “Ar olsun!” dedi, o da cavabında ona bir az ağır sözlər dedi, aralaşıb getdilər. Axşam görürük, bay, “Lider” televiziyası əməkdaşımızın tələbəyə dediyini verir, ardınca da deyir, bu da özünü ziyalı adlandıran adamın leksikonu. Yox, sən gəl o ziyalını itdən al, itə ver, üzünə söy, söylən, o da “ar sizin özünüzə olsun” deyəndə bunu çək, göstər və qına.
İndi bəziləri deyir ki, bu cür gənclər harada yetişdi, görəsən. Harada yetişəcək, öz xalqımızın bağrında, bağında, bağçasında yetişiblər. Belə gənclərdən min il qabaq da vardı, yüz il əvvəl də. 37-ci ildə repressiya maşınını belə gənclər sürüblər, üzə durublar, adam tutdurublar. Belələri “odda yanmaz, suda batmaz” kateqoriyasına aiddirlər. Bütün hakimiyyətlər bu cür gənclərə ehtiyac duyur, onlardan yararlanır, onları başa çıxarır.
Sabah hakimiyyət dəyişsə və yerinə dünyanın ən demokrat, ən ədalətli, ən ideal qüvvəsi gəlsə, 3-5 aydan sonra, bilirsinizmi, nə olacaq? Həmin iqtidarın aparıcı nomenklaturasını məhz bu cür gənclər təşkil edəcək. Görə-görə gəlmişik.

Bizə qoşulun