Medianews.az
Həmrəylik də alınmadı, məsləhətləşmə də
233 baxış

Həmrəylik də alınmadı, məsləhətləşmə də

images_samir Yenə alınmadı, milli həmrəyliyimizin ömrü üç gün çəkdi - II Qarabağ müharibəsinin müddəti qədər. Qəribə işdir, nə qədər ki, cəhbə xəttində şiddətli döyüş gedirdi, media səhifələrində və virtual aləmdə əmin-amanlıq, həmrəylik vardı, hər kəs müttəfiq idi. Ancaq elə ki, erməniylə yeni atəşkəs sazişi imzalandı, ölkədəki ictimai-siyasi fəalların arasındakı qısamüddətli atəşkəsə son qoyuldu. Deyəsən, biz davakar və cığal adamlarıq, hər gün kiminləsə dalaşmalı, öcəşməli, söyüşməliyik, yoxsa dincələn deyilik. Bəlkə də o üçgünlük müharibə zamanı ölkəmizdə müşahidə olunan üçgünlük həmrəylik saxta görüntüymüş, ilğım imiş. Üç variant ola bilər: 1. Bir-birinə zidd olan qüvvələr təməl özünüqoruma instinktilə qorxudan birləşiblərmiş; 2. Hamısı ümumi və eyni cür eyforiyaya qapılıblarmış deyə fikirləri və hiss-həyəcanları üst-üstə düşürmüş; 3. Sadəcə, bəziləri riyakarlıq edirmiş, əsl düşüncələrini açıqlayacaqları təqdirdə ayaq altında qalacaqlarını görüb, gözləyirmişlər ki, tozanaq yatsın və gerçək simalarını göstərsinlər. Hər nəysə, artıq o ağır günlər arxada qalıb və biz indi Mövlanənin təbirincə desək, olduğumuz kimi görünürük və göründüyümüz kimi olmağa çalışırıq. Ya da belə deyək: düşündüyümüz kimi yazır-danışır, yazıb-danışdığımız kimi düşünürük. Yenə hamı haqlıdır. Ümumiyyətlə, bizdə qaydadır, heç vaxt heç kim haqsız olmur, hamı həmişə haqlıdır. Hətta adam dünən mazuta qara deyibsə də haqlıdır, bu gün ağ deyirsə də, haqlıdır. Sabah mazutun rənginə dair heç bir fikir bildirməsə də, haqlı olacaq. Dünən onun birinci fikrinə etiraz edənlər haqsız idilər, bu gün etiraz edənlər də haqsızdırlar, sabahkılar da haqsız olacaqlar. Uzun sözün kəsəsi, “mən” (“biz”) həmişə haqlıdır, “sən” (“siz”, eləcə də “onlar”) həmişə haqsızdır. Bu üzdəndir ki, biz aprelin 2-də döyüşdüyümüz düşməni buraxmışıq bir tərəfə, aprelin 11-də öz içimizdən düşmən tapmışıq və onunla vuruşuruq. 10 gün öncəki həmrəylik görüntüsündən əsər-əlamət qalmayıb. Budur, xəbər yayılıb ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan keçmiş prezident Levon Ter-Petrosyanın evinə gedib, oturub söhbətləşiblər, Qarabağdan danışıblar, məsləhətləşiblər. Söz yox, onlar bunu yəhudilərdən imitasiya ediblər. Əslində Ter-Petrosyanla Sarkisyan qan düşmənidirlər. Əllərində əlac olsa bir-birinin arvadını, türkün sözü, dəri-zöhrəvi klinikaya müayinəyə göndərərlər. Amma bu gün əlacları yoxdur, üstəlik, eşidiblər ki, dövlətin, millətin təhlükəsizliyinə təhdid olanda yəhudi liderlər, keçmiş baş nazirlər görüşüb məsləhətləşirlər. Bəli, İsraildə elə bir ənənə var. Hər dəfə fələstinlilər “İntifada” deyibən ayağa qalxanda, üsyan edəndə, müharibə təhlükəsi yarananda İsrailin indiki baş naziri keçmiş baş nazirləri (onlarda sabiq baş nazirlər çoxdur - azı 5-6 nəfər) çağırır, bir bunkerə girib, “ağıl ağıldan üstün olar” devizi altında müzakirələr aparırlar: “Nəyi necə edək?”; “Siz o vaxt necə etmişdiniz, vəziyyətdən necə çıxmışdınız?”; “Belə etsək, yaxşı olar, yoxsa, etməsək?” və sair bu kimi sualların cavabını tapıb dağılışırlar. Bu formatın adı “Baş nazirlər klubu”dur. Bizdə o insititut yoxdur. Düzdür, prinsipcə, Artur Rasizadə, Rəhim Hüseynovu, Əli Məsimovu, Həsən Həsənovu, Pənah Hüseyni, Surət Hüseynovu, Fuad Quliyevi məsləhləşmə üçün bir yerə çağıra bilər, amma bundan ötrü baş nazir olduğunu onun yadına salmaq lazımdır. Hərəsi ortalama yarım il baş nazir kürsüsündə oturmuş şəxslərlə babat məsləhətləşmə aparmaq olmasa da, ən azı həmrəylik görüntüsü yaratmaq olar. Həm də bizdə əsas söz yiyəsi prezidentdir, baş nazir deyil. Ölkədə prezident kürsüsündə oturmuş adamlar isə azdır - Ayaz Mütəllibov, bir də hərəsi bir ay o prezidenti səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov və İsa Qəmbər. Əlbəttə, hamının hər şeyi əla bildiyi ölkədə uzun məsləhətləşmələrə ehtiyac yoxdur. Öz ağlımıza nə gəlib? Hamımız hər şeyi hamıdan yaxşı bilirik, durub məsləhətə qulaq assaq, sonra deyərlər, ağır vəziyyətdəydi, çağırdı xahiş elədi, məsləhət verdim, vəziyyətdən çıxdı. Ona görə də bizə heç kəsin məsləhəti lazım deyil. Ermənilər isə məsləhətləşir, çünki bilirlər, məsləhətli dövlət gen olar.

Bizə qoşulun