Medianews.az
Müharibədə ehtiyat şalvar taktikası
492 baxış

Müharibədə ehtiyat şalvar taktikası

samir sari kose 1 O gün feysbukda gülməli və maraqlı bir status gördüm. “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın qələmə aldığı hadisənin qısa məzmunu beləydi: 1991-93-cü illər arasında Qarabağda gedən müharibə zamanı Aqil Abbas (İradə xanımın həyat yoldaşı) tez-tez cəbhə bölgəsinə gedirmiş, orada yaşayan atasına, qohumlarına baş çəkirmiş. Hər dəfə gedəndə də o, özüylə jurnalist həmkarlarından bir-ikisini aparırmış - əlbəttə ki, onların israrlı arzusuna görə. Atışmanın bir gün belə dayanmadığı vaxtda Aqil müəllim yenə həmkarlarıyla təmas xəttinə yaxınlaşanda “Qrad”, top, “Şilka” və sair artilleriya qurğularının atışması başlayır. Gurultu, partıltı, gumbultu səsi bir-birinə qarışır. A.Abbas belə durumlara əvvəlcədən düşübmüş deyə toxtaq olur, amma yanındakılara görə yolunu dəyişir, Ağdamın Evoğlu kəndinə yollanır ki, bu kənddə olan xalası qızına baş çəksin. Çatırlar, avtomobildəkilər yerə düşəndə jurnalistlərdən biri deyir ki, düşə bilməyəcək. Məlum olur ki, onun maşını tərk etməməsinin sadə bir üzrlü səbəbi var. Bəs atışma zamanı adam şalvarını batırıb. Ta nə olsun... Biabırçılıq. Aqil Abbas gedir xalasıqızının evinə, su və şalvar istəyir. Xalaqızının əri də itoynadan adam olur, deyir, dəən, şalvarı batırmısınız. Xüləs, qonaqlara su və şalvar verirlər. Qorxmuş həmkarımız yuyunub üst-başını dəyişəndə məlum olur ki, onun cantaraq canına xalaqızının arıq ərinin şalvarı dar gəlir - təxminən indiki gənclərin geydiyi şalvarlar kimi durur. Amma başqa əlac varmı? Beləcə, yolçular suya-buza dönmüş halda qayıdırlar geri. Doğrusu, bu hadisəyə gülməyim tutdu, amma bir az da anlayışla qarşıladım və heç də ruhi həyəcan vəziyyətində özünü batırmış həmkarımızı qınamadım. Heç siz də qınamayın. O vəziyyətə düşməyən bilməz. Hər özündən deyən oğlan o tappaturupa, guppagupa, partaparta tab gətirməz. Adamın ayağının altından yer qaçır, gözündə şimşək çaxır, qulaqları uğuldayır, ürək döyüntüsü şiddətlənir, beyni tormozlanır, nəfəs yolu tıncıxır, bir də baxır ki, bay, mədə-bağırsaq sisteminin normal işləməsinə cavabdeh olan sinir hüceyrələri öz funksiyalarını yerinə yetirməyib və biabırçılıq olub. Top gurultusu müsibət şeydir. 1993-cü ilin noyabrında biz Stalçayda hərbi hazırlıq keçəndə batalyonumuzda iki alovlu vətənpərvər gənc vardı, hər gün komandirlərin beynini xarab edirdilər ki, bizi burda nə bəsləyirsiniz, aparın Qarabağa, düşmənin cavabını verək. Çox çəkmədi ki, apardılar. İlk top səsi gələn günün ertəsi məlum oldu ki, həmin o gənclər gedib dalda bir yerdə xayalarına lezva çəkiblər. Guya əvvəlcədən yırtıqları (qrıja) varmış. Artilleriya atəşinin nabələd adamlar üçün necə vahiməli olduğuna dair bir fakt da yaza bilərəm. Müharibənin qızğın çağında bir tay-tuşumuz cənub rayonlarının birindən müharibə zonasında yerləşən kəndimizə gəlin gətirmişdi. Qızın qohumları da toya gəlmişdilər - dörd “Jiquli”də təxminən 20-25 nəfər. Qonaqlar gələn gün atışma yenidən qıızşdı. Təmas xəttinin camaatı öyrəşmişdi, fikir vermirdi, amma qonaqlar pərişan idi. Toy bitir, gecədir. Atışma şiddətlənir, üstəlik, sakitlikdir deyə, top səsi daha bərk gəlir. Bəyin qohumları israr edir ki, qonaqlar uzaq yola gecə çıxmasınlar, yatsınlar, səhər o başdan gedərlər. Amma nə billah edirlər, qonaqları qohum evlərinə paylayıb yatırda bilmirlər. Hamısı gecə saat 3-ə qədər həyətdə oturur. Növbəti top guppultusu gələndə maşına doluşur, gecəylə kəndi tərk edirlər. Deməyim odur ki, müharibənin od-alovundan, vur-həşirindən, qan-qadasından xəbərsiz olan adamlar bəzən eyforiyaya elə qapılırlar ki, sanasan, müharibə məhəllə davasıdır, yığılıb gedib yuxarı məhəllənin nadinc uşaqlarını döyüb gələcəklər. Elə deyil, qardaşlar. Bu, Bakıda əyninə dar şalvar geyib, bahalı avtomobilə minib, milli bayrağı yelləyə-yelləyə, siqnallaya-siqnallaya küçələrdə dövrə vurmaq qədər asan deyil. Müharibə mövzusunda ürəkli-ürəkli danışmaq üçün ən azı bir-iki dəfə qulağın topun səsini dadmalıdır. Bax, o atışma zamanı şalvardəyişmə proseduru olmadısa, demək, müharibəyə hazırsan.

Bizə qoşulun