Medianews.az
Qafqaz ellərinin ənənəvi kələkbazlığı – nabələd qonağı necə soymalı?
180 baxış

Qafqaz ellərinin ənənəvi kələkbazlığı – nabələd qonağı necə soymalı?

img2022709
Yeri gəlib deyə, ötən ilin yayında iştirakçısı olduğum hadisəni indi yazıram.
2015-in yayında, I Avropa Oyunlarının ən qızğın vaxtında elə oldu ki, Gürcüstan tərəfə adlamalı oldum. Təşər-təşər adına “Mersedes-sprinter” deyilən mikroavtobusda getdik. Avtobusun içinin şəraiti, cəmiyyəti ayrıca bir mövzudur, üstündən keçirəm.
“Sprinter”in ləng sürücüsüylə öncədən danışıb razılaşdıq ki, bizi Tiflisin mərkəzində, avtovağzalda endirəcək. Artıqlaması ilə pulunu da verdim. “Sınıq körpü”nü o tərəfə keçəndə hiss elədim ki, sürücü sözünü dəbbələmək kursu götürüb. Tiflisə yaxınlaşanda açıq-aşkar dedi ki, o, Gürcüstan paytaxtına girmək fikrində deyil. Ziyalılığı, yazı-pozu adamlığını iki-üç dəqiqəliyə kənara qoyub üzümü bozartdım, səsimi qaldırdım, sürücü Tiflisə girməli oldu, amma yenə girəcəkdə bir yerlərdə saxladı, dedi ki, onsuz da avtovağzalda düşsəniz də, qalacağınız otelə taksi tutub gedəcəksiniz, gəlin, mən burda sizə taksi tutum, birbaşa otelinizə gedin, mən də evə bir az tez çatım.
Variant yox idi, ya gərək iki azərbaycanlı Tiflisin girəcəyində tutaşaydıq, ya da razılaşaydıq. Bakıda gülərüz sifətlə bir söz danışan, Tiflisdə üstümə mırıldayan sürücüyə lazımi iradları bildirəndən sonra dedim, yaxşı, düş, taksi tap. Sürücü fırıldaqçı ilə üzləşmiş adam sifəti ilə maşınından düşdü, 15-20 metr aralıdakı taksi sürücülərinə yaxınlaşdı, nə dedi, nə demədi, bilmirəm, axır ki, bir “Opel” dal-dalı hərəkət edərək yanımıza gəldi. Çamadanları “Opel”ə transfer elədik, minmək istəyəndə soydaşımız dedi: “On lari verəcəksən, aparacaq”. Üzünə sərt ifadəylə baxdım, yenə ziyana düşmüş adamlar kimi başını bulaya-bulaya taksinin pulunu verəsi oldu.
Yola düzəldik. Taksi sürücüsü 45-46 yaşlarında arıq bir adam idi. Adını “Mimino” filmindəki tələffüzlə “Qruzin” qoyduğum sürücüylə rusca ordan-burdan, Saakaşvilidən, İvanişvilidən danışdıq. Adam politoloq çıxdı, düzgün analizlər verdi, prezidentlərin, baş nazirlərin fəaliyyətini aşağı-yuxarı düzgün qiymətləndirdi. Mənzil başına gözlədiyimdən tez çatdıq. Düzü, gözləyirdim ki, sürücü yoldakı tıxacı bəhanə gətirəcək, “filan yol bağlıdır, ona görə də filan yerdən getməliyik deyə” yolumuzu uzadacaq, mənzil başına çatanda 5 lari artıq istəyəcək. Qafqaz ölkələrində nabələd əcnəbiyə qarşı belə edirlər axı. Ancaq “Qruzin” belə etmədi. Vicdanlı adam olduğunu gördüm, düşəndə danışdıq ki, iki saatdan sonra gəlsin, bizi bir az şəhərdə gəzdirsin. Sərfəli qiymətə razılaşdıq. Adam düz vaxtında gəldi, istədiyimiz yerlərə apardı, ayrılanda bir daha razılaşdıq ki, səhər saat 4-də gəlib bizi hava limanına da aparsın. Yenə sərfəli qiymətə razılaşdıq. Sürücü düz vaxtında gəldi, bizi hava limanına apardı, çatdıq, düşəndə danışdığımız pulu vermək istədim, amma larim yox idi, 15 dollar verdim, indi o mənə 2, ya 3 lari qaytarmalıydı. “Qruzin” gecə saat 5-in yarısında mənə qaytarmaq üçün 2 lari axtaranda, dedim, halal xoşun olsun, sür get.
O, qaytara bilmədiyi pula görə xəcalət çəkən adam sifətilə maşınına oturub tərpənmək istəyəndə ağlıma gəldi, əsl adını soruşdum. Sürücü “Ararat” dedi. Bay, gürcülərdə Ararat olur?
Heç bilməzsiniz, mənə necə pərtlik gəldi. Yəni dünəndən bəri 3 dəfə maşınına mindiyim adam erməniymiş. Ona görə pərt olmadım ki, yad ölkədə bu təhlükəli ola bilərdi (prinsipcə, təkbətək davaya qalsa, Ararat mənə heç nə edə bilməzdi). Ona görə pərt oldum ki, dünəndən bəri “vicdanlı gürcü sürücü” hesab etdiyim adam nəslimin 47 evini yandırıb talan etmiş erməni separatçılarıyla eyni millətdən idi və mən qəbul olunmuş düşmənçilik etiketlərinə görə onun maşınına minməməliydim.
Araratdan ayrılandan sonra məni Bakıda şirin dillə avtobusuna mindirən, amma gəlib Tiflisdə sözünü danan, öhdəliyini yerinə yetirməyən, lap axırda isə 10 lari məbləğində kələk gəlməyə çalışan soydaşımızı da xatırladım.
Heç kəs “millətimizin pisinə də qurban olum” deyə ucuz millətçilik təzahüratı etməsin. Pis elə pisdir – millətindən asılı olmayaraq - yaxşı da yaxşıdır.
Budur, sosial şəbəkələrdə cənubdan gələn soydaşlarımıza Bakıda kəf-kələk gələnlər haqqında yazırlar. Birini hətta Əhmədlidən birbaşa bulvara aparmaq yerinə Hövsandan dolandırıb gətiriblər ki, sayğac, tutaq ki, 10 manat əvəzinə 25 manat yazsın.
İndi sizcə, Bakıda bu cür xırda kələkbazlıqla, hiylələrlə üzləşmiş soydaşımız gedib öz vətənində barəmizdə xoş sözlər danışacaq? Xeyr. O, nə vaxtsa bir azərbaycanlıyla rastlaşsa, bunu onun başına qaxacaq.
Bax, biz bu cür xırda pullara, qəpik-quruşlara görə millətimizin adını batırırıq və nə vaxtsa mütləq artıqlaması ilə bunun ziyanını çəkirik.

Bizə qoşulun