Medianews.az
Rzanın qəmli baharı, Bahararanın rizası
216 baxış

Rzanın qəmli baharı, Bahararanın rizası

images_dekabr_kose samir sari
Dünyanın hər yerində camaat komissar Kattani arzulayır. Hamı istəyir ki, ölkəsində beş-altı dənə Kattani kimi rəis, prokuror, hakim olsun və onlar pis adamları tutub cəzalandırsınlar.
İndiki gənclər dərindən bilməzlər, eləcə, eşitmiş olarlar, sovet dövrünün axırlarının ən məşhur film personajı komissar Kattaniydi. Zalım balası çox prinsipal idi, Siciliya mafiyasının biynuna sicim salmışdı, dizlərini yerə gətirmişdi. İntəhası, axırda yaramaz mafiozlar igid komissarı vurdular.
Sonralar onun kimi mafiyalarla döyüşən, oxumuş adamların sözü olmasın, odioz oliqarxları ifşa və məhv edən qəhrəmanlar kəskin şəkildə çoxaldılar. Hətta hazırda hər ölkənin öz igid mafiyadağıdan Ələmdarı var (bizdəki ələmdarlar fərqlidir, mafiya ilə işləri yoxdur, Sabirabadda ələm uçurdular).
Ancaq xalq istəyirdi və hələ də istəyir ki, komissar Kattani film personajı olmasın, gerçək şəxsiyyət olsun və onu aktyor Miçel Plaçido yaratmasın, keçmiş deputat Aydın Abbasovun sözü ilə desək, özü-özünü qayırmış bir adam olsun.
Nə yazıq ki, aktyorlar tərəfindən yaradılmayan, real kattanilər dünyanın az-az ölkəsində var.
Bir vaxtlar İspaniyada bir Baltasar  Qarson vardı, hakim idi, onun da gücü diktator Pinoçeti tutdurmağa çatdı, Kissincer və Berluskoninin mühakimə etmək arzusu isə hələlik baş tutmayıb.
İndi Amerikada bir Prit Baharara (bəzi mənbələrdə Bharara) adlı prokuror şöhrət qazanmaqdadır. Bəlkə də onu hələ Amerikada çox adam tanımır, amma 80 milyonluq Türkiyədə hamı onu yaxşı tanıyır və çox adam Bahararaya potensial Kattani kimi baxır.
Ona görə ki, Baharara Türkiyə ədalətinin bata bilmədiyi Rza Zərrabı tutub qoyub içəri və deyib ki, ona 75 il iş kəsdirəcək. Yəni onun hesabıyla Rza türmədən 108 yaşında çıxacaq – günə-gün yatarsa.
Heç demə, Baharara heç amerikalı deyil, pəncablıdır, atası sikx millətindəndir, anası isə hind qızıdır. Amma prokurorun suratına baxarsan, heş deməzsən, hindistanlıdır, bir suyu da aktyor Cek Nikolsonun cavanlığına oxşayır. Yeri gəlmişkən, Nikolson da vaxtilə mafiyalarla döyüşən qəhrəman rolu yaradıb (təbii ki, mafioz rolu oynamışlığı da olub – artist şeydir, neynəsin).
Bəli, hazırda türk xalqının mühüm bir hissəsi hesab edir ki, Prit gələcək, zülm bitəcək. Hamı ona ümidlə baxır, düşünürlər ki, Baharara Zərrabın boyununa bəzi cinayətləri qoyacaq, o da adlar çəkəcək və o adların içində Türkiyəyə zülm edən adamlar olacaq və necə olacaqsa, həmin adamlar gedib türməyə girəcəklər.
Bu qədərini heç ünlü utopik sosialistlər – Robert Ouen, Şarl Furye və Anri Sen-Simon da (bunların adı orta məktəbdən yadımda qalıb - əsərlərini oxumuşluğum yoxdur) xəyal edə bilməzdi. Amma türk xalqı hazırda utopiyada onlardan ötə olub.
Prit Bahararanı sosial şəbəkədə izləyənlər bir gecədə türklərin hesabına 200 minə çatıb. Ona şeir yazanlar, qonaq çağıranlar, kabab qonaqlığı vəd edənlər var. Cənab prokuror o cür mesajlardan birinə belə bir cavab verib ki, əslində şiş-kababı sevir, amma gördüyü işə görə belə ərməğan qəbul edə bilməz.
Baharara belə Bahararadır, baharatlı kabab da yeməz, arxasında təmənna varsa. 
Biz birdən-ikiyə nə komissar Kattani görmüşük, nə Baltasar Qarson, nə də Prit Baharara. Gördüyümüz Hacı Məmmədovdur, Akif Çovdarovdur... və başqalarıdır. (Allah “və başqaları” ifadəsini icad edənin atasına rəhmət eləsin).
Düzdür, əslində onlar da odioz oliqarxlarla, türkün sözü, yolsuzlarla mübarizə aparıblar, amma bu mübarizə bir qədər unikal olub, Bahararanınkından olmayıb, prinsipiallıqları öz cibişdanlarına işləyib.
Əlbəttə, Rza Zərrab işadamı olaraq bizim ölkəmizdə yaşayıb-işləsəydi, onu yenə tutardılar, aparıb zirzəmiyə salardılar və qarşısına şərt qoyardılar, deyərdilər, paylaşmaq gözəldir, İrza, filan qədər ver, buraxaq, bir də bura düşmək istəmirsənsə, aybaay da filan qədər ver.  Əgər Zərrab dirəşsə, onu 75 illik cəzayla qorxutmazdılar, 7,5 dəqiqəyə başa salardılar ki, ağlın Prit Baharaya-zada getməsin, sən öləsən, burdan Müzamil Abdullayev kimi xərəkdə çıxarsan.
Belə olandan sonra Rza, əlbəttə ki, istənilən məbləği düzəldib verərdi, daş-qaya deyil ki. Əslində yazıq elə tutulan kimi pul girovu müqabilində buraxılmağını istəyir, sadəcə, bu dəfə Baharara tərs adam çıxıb, riza verməyib.
Beləcə, Türkiyədə ümidlər yenə hind oğlunadır. Onlar üçün Baharara müasir Şakadır, Cimidir, hər kimdirsə, igid oğlandır.

Bizə qoşulun