Medianews.az
Eyxman kimi asılmadı, Napoleon kimi yaşayır
194 baxış

Eyxman kimi asılmadı, Napoleon kimi yaşayır

img1830847 İndi oturub Türkiyə dövləti rəhbərliyinin PKK terroru ilə mübarizədə buraxdığı səhvləri uzun-uzadı müzakirə etməklə bir nəticəyə varmaq mümkün deyil. Bu mövzuya baxışlar müxtəlif olacaq, ortalığa yüzlərlə arqument, tezis və antitezlər töküləcək və kələf çox dolaşacaq. Ortada olan budur ki, o səhvlər çox ciddi olub və bugünlərdə baş verən hadisələrə, müdhiş terror aktlarına gətirib çıxarıb. O səhvlər o qədər böyük olub ki, Türkiyə kimi demokratiya və insan haqları sahəsində ildən-ilə əmin addımlarla irəliləyən ölkə artıq Pakistana dönüb, hələ bununla da qalmayıb, avtoritarizmin bir addımlığındadır. Türkiyədə terror ötən əsrin 80-ci illərindən əvvəl də vardı, o vaxtdan sonra daha da şiddətləndi. Amma bir neçə il öncəyə qədər terrorla mübarizə daha effektiv idi. 17 il öncə Türkiyə dövlətinin qətiyyətli liderləri terrorçubaşı Öcalana dünyanı dar etdilər, Suriya-Rusiya-Yunanıstan-İtaliya-Keniya marşrutu ilə qaçıb canını qurtarmağa çalışan Aponu tutub Türkiyəyə gətirtdilər. O zaman Türkiyə dövləti PKK liderini mənən sındırmış, onu edamdan yaxa qurtarmaq üçün öz yoldaşlarını keçi qiymətinə satan satqına, bir qaşıq qanından qorxub yalvaran qorxağa, dövlətə işləməyə hazır olan dönüyə çevirmişdi. Öz qurduğu təşkilatı, eləcə də “kürd millətçiliyi” ideyası ətrafında birləşən fanatiklər ordusu ondan üz döndərməyə hazır idi. Bircə qalırdı Aponu mühakimə etdikdən sonra terrorçu kimi, gününü bildirmədən edam etmək və külünü dənizlərə sovurmaq (məzarı ibadət yerinə çevrilməsin deyə). Bu, baş versəydi, PKK liderini fetişləşdirənlərlə yanaşı, onun personasına ikrahla yanaşanlar da olacaqdı. Ancaq Türkiyə dövlətinin yeni rəhbərliyi bunu etmədi. Öcalanı tutub ölkəyə gətirən rəhbərlik iş başından getdikdən sonra onu qolubağlı dustaq olaraq təhvil alan hökumət qüdrətli dövlətlərin təzyiqi ilə qatil terrorçubaşının canını bağışladı. Bu, böyük səhv idi. ABŞ-da olsaydı, bu adamı əfv etməzdilər, elektrik stulunda oturdub canı çıxana qədər titrədərdilər. İsraildə olsaydı, Öcalan bu ölkənin tarixində nasist Eyxmandan sonra edam olunan ikinci qatil olardı. (Ya da onu ümumiyyətlə tutmaz, ilk gördükləri yerdə, məhkəməsiz-filansız məhv edərdilər). İngiltərə də, Fransa da, Almaniya da onunla yumşaq davranmazdı. Türkiyənin məhkəmə hakimiyyəti Öcalana ömürlük cəza kəssə də, hökumət onunla Müqəddəs Yelena adasına sürgün edilmiş Napoleon Bonapart kimi davrandı - adamı xüsusi adada saxladılar, sərəncamına nökər-naib verdilər, bir neçə otaqdan ibarət mənzillə təmin etdilər, yanına gəlib-gedənlərə məhdudiyyət qoymadılar və s. Bu minvalla satqınlığına, qorxaqlığına görə kürd xalqının gözündən düşmüş Apo yavaş-yavaş öz nüfuzunu bərpa etdi. Xalq gördü ki, dövlət bu şəxslə hesablaşır, ona görə də onun ətrafında daha da sıx birləşdi. Bu böyük səhvdən sonra buraxılan ikinci səhv baş nazir (hazırkı prezident) Ərdoğanın öz şəxsi hakimiyyətini daha da gücləndirmək və kürd xalqından səs almaq üçün yeritdiyi “kürd açılımı” siyasəti oldu. “Analar ağlamasın”, “axan qan dursun”, “göz yaşları qurusun” deyə başladılan sülh prosesində PKK-nın əli-qolu açıldı, dünənki terrorçular meqapolislərlə daraşdılar, partiya üzvü oldular, iş qurdular, eyni zamanda silahlanmaqda, sursat toplayıb depolamaqda davam etdilər. Bununla paralel, vaxtilə Aponu tutub ölkəyə gətirənlər, kürd separatizminin önündə duran hərbçilər repressiya edildilər, ordunun əli-qolu bağlandı, döyüş ruhu öldürüldü. Bir gün belə bir acı həqiqət ortaya çıxdı ki, artıq PKK dağlardakı mağaralardan enib və iri şəhərlərdəki villalarda özlərinə komfortlu şərait qurublar, amma eyni döyüşkən ruhdadırlar. Məhz ona görə qos-qoca Türkiyə ordusu adi bir qəsəbəni terrorçulardan təmizləmək üçün yüzlərlə şəhid verdi və bu, 100 gündən artıq vaxt apardı. Halbuki bu müddət ərzində Türkiyə orta boylu bir xarici dövlətə müdaxilə etsəydi, onun paytaxtını işğal edər, tam və qəti qələbə qazana bilərdi. Martın 13-də baş vermiş dəhşətli terror aktının xarici sifarişçilərinin hansı dairə olmasından asılı olmayaraq, bu teraktın PKK-nın əl işi olması şübhə doğurmur. Dəst-xətt eynidir. PKK maşa ola bilər, amma o da ona maddi, hərbi, siyasi dəstək verənlərdən istifadə edir, bu cinayətləri “azad Kürdüstan” naminə törədir. Türkiyə rəhbərliyi vaxtında qonşuya baxaraq, görməliydilər ki, Rusiya çeçen separatizminin öhdəsindən necə gəldi.

Bizə qoşulun