Medianews.az
Vığıltıdan gələsi 3-4 milyon dollar
239 baxış

Vığıltıdan gələsi 3-4 milyon dollar

samir sari kose 1 Oxumuş adamlar haqqına deyirlər ki, zövqlər barədə mübahisə etməzlər, çünki hərənin bir zövqü var. Eyni söhbət idman oyunlarına maraqda da keçərlidir. Düzdür, futbol xüsusunda dünya əhlinin, xüsusilə də onun kişi kəsiminin böyük hissəsinin zövqü üst-üstə düşür, amma onu da mənasız oyun hesab edənlər var. Açığı, özüm də futbol azarkeşi, hətta yekə çıxmasın, müəyyən qədər futbol analitiki olsam da, etiraf edirəm: mənasız işdir. Oyundur, oyundan başqa da bir şey deyil. Arada ortasına siyasət, bayraq, vətən söhbəti qarışmasa, nə baxılası tamaşadır, nə də ürəyə salınası bir şey. Son vaxtlar isə futbolun lap zayı çıxıb, “iyirmi bir”, poker, coker, bric və sair stolüstü qumar oyunları kimi bir şey olub. Xüləs, prinsipcə, başqa idman oyunları daha mənasız, həm də maraqsızdır. Ot üstündə hokkeydən tutmuş qılınc oynatmaya qədər. Bunlar, sadəcə, əyləncədir və bunu belə də qəbul etmək lazımdır. Bir ölkənin idmanla nəfəs alması, eyzən hansısa oyunlarla, birinciliklərlə, çempionatlarla, türkün sözü, uğraşması ayıb şeydir. İdmandan söz düşəndə tez-tez “Sağlam bədəndə sağlam ruh olar” deyirlər ha, bu söz qarnıtox və dərdsiz bədənlərə aiddir, ac və sinirləri gərgin bədənin nə idmanlıq halı olar, nə də oyunluq, tamaşalıq ovqatı. Budur, bir şey qalmayıb, yayda ölkəmizdə maşınötüşdürmə yarışı keçiriləcək. Get-gedə “Formula 1" söhbəti medianının gündəmini başına götürür, bu gün-sabah siyasi gündəmə də oturacaq, nazirlər, komitə sədrləri, İH başçıları döşənib elə hey ”Formula 1"-dən danışacaqlar, hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçəcəklər. Hər şey unudulacaq - Qarabağ münaqişəsi, devalvasiya, regiondakı gərginlik, korrupsiyaya qarşı mübarizə, hətta manıslararası çəkişmə-dartışmalar və s. İndilikdə bu mövzuda təkcə idman və gənclər naziri Azad Rəhimov danışır. Cənab nazir deyib ki, “Formula 1" qran-prisinin bilet satışından 3-4 milyon manat arası gəlir əldə edəcəyik. Belə məlum olur ki, 30 min bilet satışa çıxarılıb, satış həm internet, həm də kassa satışı ilə həyata keçirilir və işlər tam qaydasında gedir. Sevindirici xəbərdir. Yoxsa, bir sıra ağzıgöyçəklər neçə vaxtdır ölkəmizin idman yarışlarına görə ziyana düşdüyü barədə təbliğat aparır, ictimai rəyi çaşdırır, bulanıq suda balıq tutmaq istəyir, hətta o bulanıq suyu aparıb erməni dəyirmanına tökməyə çalışırlar. Hardan baxsan, 3-4 milyon dollar az pul deyil. Amma gərək yarışmanın açılışına Ledi Qaqanı gətirməyək, öz müğənni ledilərimizlə, manıs qaqalarımızla yola verək, getsin. Çünki Ledi Qaqa da Beyons və Cenifer Lopes kimi bahacıldırlar, şənliklərə baha gedirlər. Onları çağırsaq, “Formula 1"-dən qazanacağımız pulun hamısını istəyəcəklər. Hərçənd cənab nazirin sözünə skeptikcəsinə yanaşanlar da var, deyirlər ki, yarışmaya yaxşı yerdən baxmağın qiyməti 600 dollardır, bu qədər pulu kim verəcək, kimdir gedib axşamacan şütüyən maşınlara baxan, superkar vığıltısına qulaq verən. Söz yox, onun da öz həvəskarları var, amma camaatın çoxu heç küçədə gedən bircə “Porşe”nin vığıltısına, ğorultusuna (bir baxın, ğ ilə başlayan söz icad olundu) dözmür. Məsələn, mən özüm, budur, altı aydır axşam saat 20.30-da “İçərişəhər” metrostansiyasının qabağından ğoruldayaraq 130 km/saat sürətlə MUM tərəfə uçan naməlum “Porşe”nin səsindən diksinirəm və nə qədər o maşının nömrəsini yazmağa çalışsam da, mümkün olmur. Maşın bir görünür, vığıltısıyla hamını qorxudur və bir anda yox olur. Bir də var, birdən-birə 10-15 maşın o cür səs çıxarda və sən oturub ona tamaşa edəsən. Onu da qeyd edim ki, bizim avtomobil və sürət həvəskarlarının çoxu o maşınlara tribunadan baxmaq istəməzlər, onların içində olmaq istəyərlər. Məsələn, yuxarıda dediyim naməlum “Porşe”nin pilotu yarışçılardan daha yaxşı manevrlər edə, maşını daha yaxşı çığırda bilər. P.S. Bir nəfər də var, deyir ki, maşınötüşdürmə yarışından gələcək 3-4 milyon dollar az pul deyil, amma yarışın təşkilinə 30-40 milyon xərclənibsə, azdır.

Bizə qoşulun