Medianews.az
Agent şantajının əlacı
172 baxış

Agent şantajının əlacı

samir sari kose 1 Bilirəm, oxuduğu kitablardan tez-tez sitat gətirərək oxumuş adam kimi görünmək istəyənlərə oxşayacam, amma mövzuya buradan girməyi məqsədəuyğun saydım. İngilis yazıçısı Frederik Forsaytın “Allahın yumruğu” romanında söhbət Səddam Hüseyn dövrünün İraqından gedir. Əsərdə MKİ-yə işləyən bir naməlum casus var, Səddamın bütün sirlərini ABŞ-a satır. Hiss olunur ki, vəzifəli və məlumatlı adamdır, amma axıra qədər onun kim olduğu bilinmir, yalnız romanın axırında aydınlaşır ki, bu adam İraqın təhlükəsizlik xidmətinin rəhbəriymiş. İndi çoxları elə biləcək ki, müəllif yenə yıxılana balta vurur və söhbəti hərləyib-fırlayıb Mahmudovun üstünə gətirəcək. Xeyr. Söhbət Nemət Pənahlıya qarşı irəli sürülmüş “KQB”-yə işləmək iddiasından gedir. Məsələ orasındadır ki, bu ölkədə hökumətə, iqtidara, KQB-yə işləmək ittihamı ilə üzləşməyən adam qalmayıb. (Bir dəfə hətta bir qəzetdə bu sətirlərin müəllifinə də elə bir ittiham irəli sürmüşdülər, amma sonra nədənsə davam etdirmədilər). İndi Nemət Pənahlını da onların sırasına qatırlarsa, heç nə olası deyil. Prinsipcə, hər şey mümkündür. Əgər bir ölkənin kəşfiyyat şefi başqa bir ölkənin kəşfiyyatına agentlik (söhbət yenə Forsaytın personajından gedir) edirsə, demək, hər kəs agent ola bilər. Yeri gəlmişkən, 1994-cü ildə iddia və sübut olundu ki, MTN-in o vaxtkı başçısı İmranov Moskvadan aldığı tapşırığa əsasən üç məşhur dustağın MTN-in təcridxanasından qaçırılmasına şərait yaradıb. Sadəcə, bizdə milli Forsayt olmadı ki, köhnə kişilərin sözü olmasın, bundan qəşəng bir kitab bağlaya. Ancaq nə qədər olmasa da, milli-azadlıq hərəkatının simvollarından biri olan Nemətin agent çıxarılması adama çox yer eləyir. Düzdür, bunu əvvəllər də deyiblər, hətta 1988-ci ildəki Meydan hərəkatı vaxtı da deyirdilər, amma hər şeyin yat-yut olduğu bir zamanda bu iddia başqa cür səslənir. 27 il əvvəl o ittiham heç məntiqli səslənmirdi, çünki Nemət meydanda etdiyi alovlu çıxışlarda KQB-nin qoruduğu dövləti pisləyirdi, arada KQB-nin özünü də yamanlayırdı. Sonradan o, KQB-nin arxivlərinin açılmasını tələb edirdi. Yenə də məntiq yox idi. Birdən açardılar. Öz adı ordan çıxsa, biabırçılıq olmazdımı? Əvvəllər belə şeyləri seçki kampaniyası zamanı edərdilər. Əgər bir siyasətçi namizədliyini vaxtında geri götürsə, heç nə, heç kəsin onunla işi olmurdu, yox, adam “özüm seçiləcəm” deyib dirəşirdisə, çox ləngitmirdilər, adını “KQB-nin agenti” qoyurdular. Usta adamlar belə iddialara cavab vermirdilər, amma bir az naşılar and içir, aman edir, şahidlər göstərir, özlərini cırıb dağıdırdılar ki, elə şey yoxdur. Ən pisi o idi ki, KQB-nin generalına işləyənlər və bunu danmayanlar başqalarını KQB-yə işləməkdə suçlayırdılar (o ənənə hələ də davam edir). Elə çıxırdı ki, KQB-də general olmaq şərəflidir, amma, tutaq ki, kiçik rütbəli işçi və ya rütbəsiz əməkdaş olmaq əskik işdir. Bu da ona görədir ki, camaatımız prinsipialdır, lap qədimlərdən çuğulluğu, üzə durmağı əskik iş sayır. Hətta bir atalar sözü də var, deyir, qadının sarsağı filan şey olar, kişinin sarsağı – şahid. Söhbət hal şahidi olmaqdan gedir, mühəqqəq. Bu xüsusda hamıdan çox danışan biz olsaq da, konkret işi Baltikyanı ölkələr gördülər. Onlar SSRİ-nin təhlükəsiz orqanlarına işləyən adamları ifşa etdilər və bir müddət dövlət vəzifəsi tutmalarını yasaqladılar. Bu üzdən xeyli latış, litiş, eston müstəqil dövlətlərində yaxşı post tutmaq şansını itirdi. Polşa və Çexiyada da elə etdilər. Bu işin bir yaxşı cəhəti oldu ki, demaqogiyanın və şantajçılığın qarşısı alındı. Daha heç kimi “sən KQB-nin agenti olmusan” ittihamına məruz qoymaq olmurdu. Adı ümumi siyahıda olmayan adamı necə ittiham edəsən. Adları siyahıda olanlar isə sakitcə öz hücrələrinə çəkilmişdilər, deputat, nazir olmaq istəmirdilər. Beləcə, daşlar yerinə oturmuşdu. Amma biz bu şansı qaçırdıq. 20-23 il əvvəl KQB-nin arxivlərini açıb xalqa təqdim etsəydilər, iddia olunduğunun əksinə, heç bir vətəndaş müharibəsi düşməzdi. Onsuz da hamı bilirdi ki, onun dədəsini, babasını NKVD-yə kim satıb, amma gedib vurub öldürmürdü, eləcə, dallarınca söyüş söyürdü. Yenə də elə olacaqdı, qarşılıqlı söyüşmə halları artacaqdı. Əvəzində indi heç kəs yalandan yerə başqasını “KQB agenti” elan etməyəcəkdi. Niyə biz hər işdə geri qalmalıyıq?

Bizə qoşulun