Medianews.az
Qadınları “şeytan” sayan zehniyyət...
193 baxış

Qadınları “şeytan” sayan zehniyyət...

xalid kazimli kose 1Bəlkə də bir çoxları mingəçevirli mollanın internet resurslarında, o cümlədən sosial şəbəkələrdə yayılmış videolarını yenidən “dinə hücum” kimi qələmə verəcəklər, amma fakt budur ki, o mollanın gerçək dinə, imana aidiyyatı yoxdur, ola bilməz. 
 
Adam rəsmən xurafat yayır, cəhaləti, qaramatı təbliğ edir. Müasir dünya onun dəstəklədiyi fikirlərdən çoxdan imtina edib. 
Başqa vaxt “cənnət anaların ayağı altındadır”, “dinimizdə qadınlara böyük hüquqlar verilib”deyənlərin tipik bir nümayəndəsi qadınları “şeytanın ordusu” adlandırır, ikinci növ məxluq kimi qələmə verir, onların yalnız və yalnız kölə olmaları fikrini yayır.
Mingəçevirli molla bunu elə bir əminliklə (həm də sırf İran ləhcəsi və avazı ilə) deyir ki, elə bil, bəşəriyyətin xilası yalnız qadınların köləliyindədir.
Bu, min il əvvəlin zehniyyətidir. Nə yazıq ki, bu düşüncələrin daşıyıcıları günümüzdə də var və sayları gündən-günə artır, hətta artıq milyonlarla ölçülür. 
Qərb dünyası hər gün bir az da qadınlara qarşı diskriminasiyadan imtina etdiyi halda, Şərqdə qadının olan-qalan hüquqlarını da əlindən almağa çalışır, ona çölün, həyətin heyvanı qədər hüquq verilməsini çox görür, bunu dövlət siyasəti səviyyəsində həll etmək istəyirlər.
Əfqanıstanda “Taliban” hökumətinin qadınlara qarşı etdiyi hələ unudulmayıb və unudulacaq şey deyil. Özünü ən dürüst, xalis müsəlman sayan bu terror qrupu Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra qadınların küçəyə tək çıxmasını yasaqlamışdı. Küçəyə, adi dükana-bazara çıxan qadının yanında mütləq ailə üzvü olan bir kişi olmalıydı. Yaxınlığında məhrəm kişi xeylağı olmayan qadınlar evdə ac-susuz oturmağa məcbur idi. Əks təqdirdə patrullar onları küçədə tutur, qırmanc, şallaq cəzasına məhkum edirdilər.
Qadınlar işləyə də bilməzdilər. Ərlərini, qardaşlarını vətəndaş müharibəsində itirmiş və tək qalmış qadınlar aclıq çəkirdilər. Hakimiyyət nə onlara müavinət verirdi, nə işləməyə qoyurdu. Ən adi şeylərə görə qadınları stadionda daş-qalaq edirdilər. Arvadını döyüb-öldürən kişilərə cəza verilmirdi. Əfqanıstan milyonlarla qadının kölə vəziyyətinə salındığı bir həbsxanaya çevrilmişdi. Taliblərin hakimiyyətdən uzaqlaşdırılmasından 14 il keçib, bu ölkədə hələ də qadınların hüquqları şah vaxtında olduğu qədər bərpa edilməyib.
Moizələrini auidio və videoyazılarla yayan bəzi möminlərin ölkəmizdə bərqərar etməyə çalışdığı mühit budur: qadınlar təhsil almasın, dünya işlərindən baş çıxarmasınlar, evdə otursunlar və bayıra çıxmasınlar, özlərinə ömür yoldaşı seçmək hüquqları olmasın, heç nəyə qarışmasınlar, yalnız kişilərin cinsi tələbatını ödəsinlər və doğub-törəsinlər, vəssalam.
Belə iddia olunur ki, yalnız bu halda ideal, ədalətli cəmiyyət qurmaq olar və cənnət xəyalları gerçəkləşər.
 
Yayılmış videolarda xanımları ilə məsləhətləşən, onlarla mərhəmətli davranan, onların göz yaşına inanan kişilər də lənətlənir. Təlqin olunur ki, qadınlar fitnə-fəsad dağarcığıdır, idarəetmə onların əlində olsa, müdhiş faciələr baş verər. 
Ortada bir Finlandiya təcrübəsi də var. Neçə vaxtdır bu ölkədə, obrazlı desək, qeyri-rəsmi matriarxal rejim hökm sürür. Dövlət idarəetməsi tam şəkildə olmasa da qadınların əlindədir. Yüksək, orta, kiçik dövlət postlarında çox sayda qadınlar çalışır. Bununla belə, Finlandiya dünyanın ən sakit, ən yüksək rifahlı və ədalətlə idarə olunan ölkələrindən biridir.
Əlbəttə, Azərbaycan Finlandiya olası deyil. Heç əksər Avropa dövlətləri də qadın hüquqları məsələsində Finlandiya zirvəsinə yaxınlaşmırlar. Ancaq Azərbaycan bəzilərinin tay etməyə çalışdığı Əfqanıstan, Səudiyyə Ərəbistanı, İran da olmalı deyil və yəqin ki, olmaz.
 
“Olmaz” deyirik və minlərlə qız uşağının ibtidai təhsildən sonra məktəbdən yayındırıldığı barədə xəbərlər alırıq. Bədbinliyə qapılırkən hər gün körpə və ya yetkin qızının əlindən tutub orta məktəbə, universitetə aparan minlərlə valideyn görürük. Bu xüsusda ölkədə qəribə bir çəkişmə gedir. Görək, axırda kim üstün olacaq: qızları təhsildən yayındıranlar, yoxsa qızlarına yaxşı təhsil verənlər?
Ədalətli cəmiyyət yaratmağın yeganə yolu qadınların hüququnu tanımaqdan və onların ali təhsil almasından keçir. Gerisi əfsanədir.

Bizə qoşulun